10-04-2011 [06:26]
[b]
Nurəddin Məmmədli: "Baş verənlərdən düzgün nəticə çıxarıb ölkədə radikal islahatlara start verilməsə, hakimiyyət və onunla birlikdə Azərbaycan xalqının gələcəyi çox ciddi təhlükələrlə üzləşəcək" [/b]
Ötən həftə müxalifətin keçirdiyi etiraz aksiyası hələ də gündəmdədir. Məlum olduğu kimi, aksiyada polis zokarılığı və həbslər oldu. Bir neçə müxalifət nümayəndəsi barədə cinayət işi açıldı. Bəziləri 2 aprel mitinqinin ölkədəki ictimai-siyasi vəziyyətdə dönüş yaratdığını, cəmiyyətdə aksiyalara inamı artırdığını iddia edirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli də son mitinqin ictimai-siyasi proseslərə ciddi təsir etdiyini və müsbət nəticəyə səbəb olduğunu bildirir.
- İlkin nəticələr ondan ibarətdir ki, camaatın bu rejimin dəyişilməsinə olan inamı artıb. Bunu həm aksiyanın kütləviliyi, həm də aksiyada iştirak edən insanların qətiyyətli davranışı sübut edir. İkinci diqqəti cəlb edən məsələ odur ki, bu hakimiyyət dünyada baş verən proseslərdən nəticə çıxarmaq fikrində deyil. Bunlar ərəb dünyasında baş verən hadisələrə ən ifrat zorakı metodlarla yanaşan ölkələrin üsullarını əsas götürürlər. Amma bunun da perspektivsiz olduğunu hiss eləməmək mümkün deyil. Çünki getdikcə camaatı daha da qıcıqlandıran hərəkətlərə yol verilir. Bunlar elə bilirlər ki, zorakılıq vasitəsi ilə problemlərini həll edə biləcəklər. Müxalifətçilərin övladlarının məktəblərdən qovulması, kütləvi həbslər, hər cür təzyiqlər, yalanlar, iftiralar hakimiyyəti daha da gözdən salır. Hesab edirəm ki, baş verənlərdən düzgün nəticə çıxarıb ölkədə radikal islahatlara start verilməsə, hakimiyyət və onunla birlikdə Azərbaycan xalqının gələcəyi çox ciddi təhlükələrlə üzləşəcək.
- Nurəddin bəy, o fikirlər də səslənir ki, Azərbaycanda son dövrlər keçirilən aksiyalarda yalnız müxalifət partiyalarının nümayəndələri iştirak edirlər. Yəni bu etiraz cəmiyyətin digər təbəqələrini əhatə eləmir. Bu fikirləri bölüşürsünüzmü?
- Bilirsiniz, bu fikirlər hakimiyyətin uzun illər apardığı səmərəsiz, yalançı təbliğatın təkzib olunmasıdır. Xatırlayırsınızsa, son aksiyadan üç gün əvvəl YAP-ın "çoxbilmiş" ideoloqları iddia edirdilər ki, Azərbaycan müxalifətinin heç bir gücü yoxdur, xalq bu müxalifəti dəstəkləmir, bunlar kiçik bir qrupdan ibarətdir. Hətta bəzən rəqəm deməkdən də çəkinmirdilər ki, müxalifət 5-10 nəfərdi və bu 5-10 nəfər xalqın mövqeyini ifadə edə bilməz, bunların apardıqları mübarizənin də heç bir nəticəsi olmayacaq. Amma iki saat on beş dəqiqə ərzində küçədə baş verən hadisələrin iştirakçılarını yalnız müxalifətə aid etsək, onda hakimiyyətin əvvəlki təbliğatının tamamiylə iflasa uğradığını, Azərbaycan müxalifətinin kifayət qədər gücünün olduğunu görməmək mümkün deyil. Əlbəttə, bu gün biz xalqın geniş şəkildə bu prosesə qoşulmasını müşahidə eləmirik, amma müəyyən müsbət tendensiyaların olduğunu da danmaq mümkün deyil.
- Hansı müsbət tendensiyaları nəzərdə tutursunuz?
- Birinci növbədə müxalifət partiyalarına olan maraq və müxalifət təşkilatlarında təmsilçilik olduqca genişlənib. Təkcə Xalq Cəbhəsi Partiyasına son iki ay ərzində yüzlərlə yüksək təhsil görmüş, facebook sistemində çox ciddi işləyən insanlar, bloggerlər daxil olublar. Partiyaya 70-75 yaşlı qadınlar da gəlirlər və bu rejimə etiraz etməklə gəncliyə nümunə göstərməyə çalışırlar.
Önəmli cəhətlərdən biri də ondan ibarətdir ki, aksiya zamanı mağazalarda işləyənlər, kənarda durub prosesləri müşahidə edən şəxslər etirazçıları alqışlayırdılar, balkonlardan bizə dəstək verirdilər. Yəni bunların hamısı müsbət tendensiyalardır. Bütün bunlar prosesin gələcəkdə daha kütləviləşməsini söyləməyə əsas verir. Digər önəmli cəhət ondan ibarətdir ki, nə qədər mübahisəli olsa da, son aksiyada polislərin davarınışnda da bir mülayimlik, rəğbət hissi görünməkdə idi. Əslində camaata divan tutan adamların polislə heç bir əlaqəsi yoxdur. Orda kifayət qədər adamlar var idi ki, təzəcə, qatı açılmamış polis formaları geyinmiş qoçular idi. Ayrı-ayrı nazirlərə, oliqarxlara aid olan qruplar idi ki, onlar daha böyük zorakılıq, qisasçılıq nümayiş etdirirdilər. Polisin münasibəti kifayət qədər mülayim idi. Hətta çevik alayın polisləri də əvvəlki dövrlərlə müqayisədə özlərini çox mehriban aparırdılar.
- Ancaq bu mehribanlığın yuxarıdan verilmiş bir komanda olduğu bildirilir. Proseslər gərginləşərsə, daha zorakı addımların atılacağı gözlənilir...
- Ola bilsin, onun da təsiri var. Amma insanın psixikasındakı dönüşü hər hansı bir komanda ilə yaratmaq olmaz. Söhbət psixoloji cəhətdən müxalifətçilərə rəğbətin ifadə olunmasından gedir və biz bunu hiss edirik. Bu, komandaya tabe olan məsələ deyil, insanın xislətindən, daxili mahiyyətindən, istəyindən irəli gəlir.
- Sözünüzdən belə çıxır ki, vəziyyət gərginləşərsə polis də xalqın yanında olacaq?
- Bütün dünyada belədir. 30-40 il diktatorlarla çiyin-çiyinə olan nazirlər də bu gün öz diktatorlarından üz döndərib xalqa yaxınlaşıblar. Əgər tam obyektiv olmaq mümkündürsə, Azərbaycan müsəlman dünyasında ən zəif halqadır. Çünki hakimiyyətin gücünü müəyyən edən, obstarkt olmayan real göstəricilər var. Bunun birincisi xalqla bağlılıqdır. Hamı çox gözəl bilir ki, Azərbaycan hakimiyyəti xalqla bağlı deyil. Bu, bir dəstə adama bağlı hakimiyyətdir, hər şey onların iradəsinə tabedir və ölkədə hər şey onlarındır.
İkincisi, hakimiyyətin gücü onun komandasıdır. Azərbaycandakı hazırkı komandaya isə heç kimin rəğbəti yoxdur və bunların hansı səviyyəli adamlar olduqlarını hamı bilir. Bunların ideoloji platforması yoxdur, ideoloqları yalan danışmaqda çox mahirdirlər.
Hakimiyyətin gücü onun parlamentindədir, çünki xalq seçdiyi parlamenti sevir və orda olan adamların sözünə rəğbətlə yanaşır. Bizim parlamenti isə Azərbaycan xalqı sevmir və ordakıların hamısının üst-üstə bir ortabab adam qədər nüfuzları, hörmətləri yoxdur.
Əvvəllər öyünürdülər, bəzən də bizlər deyirdik ki, Azərbaycanda polis rejimi mövcuddur, amma indi görünür ki, polis də bu hakimiyyətin arxasında dayanmayacaq. Bu gün inqilab olan ölkələr arasında ən az maaş alan Azərbaycan polisidir. Hətta Orta Asiya ölkələrindən, Gürcüstandan dəfələrlə az maaşı bizimkilər alır, hələ ərəb ölkələrini demirəm. Bütün bunlar hakimiyyətin zəifliyinin göstəricisidir.
- Onda necə olur ki, bu zəif hakimiyyət uzun illər ayaqda qalır və arxasında xalq olan müxalifət isə heç nəyə nail ola bilmir?
- Bunun səbəbi ilə bağlı sizə 25-30 səhifəlik söz deyə bilərəm. Birinci səbəbi odur ki, Azərbaycan geopolitik cəhətdən Qərb üçün çox önəmli regiondur. Bura iki qeyri-müəyyən dövlətin - İranla Rusiyanın arasında bir dəhlizdir. Qərb buradakı siyasəti zor müstəvisində görmək istəmir. Burdan böyük kommunikasiya xətləri keçir.
İkinci səbəb odur ki, Qərbin bu rejimdən asılılığı var. Ancaq bu asılılıq bu gün azalıb, əvvəlki kimi deyil. Əvvəllər Azərbaycan hakimiyyəti İranla, Rusiya ilə Qərb dünyasını şantaj edirdi. Bu gün o da yoxdur.
Üçüncü səbəb pasionarizmlə bağlıdır. Onu da nəzərə alsaq ki, xalqlar həmişə pasionar olmur, bu, bir ziqzaq formalı, eniş və yoxuşa malik prosesdir. 88-ci ildə Azərbaycan xalqı dünyanın ən mübariz xalqı statusunu almışdı. Bu gün həmin proses müşahidə olunmur, amma Azərbaycanda demokratiya istəyini də inkar etmək olmaz.
Digər cəhət müxalifət cəbhəsində buraxılan çoxlu sayda səhvlərdir. Bu səhvlərin əksəriyyəti aradan qalxıb. Bu gün Azərbaycan müxalifəti diferensiyallaşıb, kimin kim olduğunu hamı bilir. Bu xalq kimin arxasınca getməyi də çox yaxşı mənimsəyib. Ən əsası isə odur ki, dünyadakı vəziyyət dəyişib. Baş verənlər göstərir ki, müsəlman dünyasında yeni bir intibah dövrü başlayır. Müsəlman ölkələri də mütləq demokratikləşəcək.
- Bu müstəvidə Azərbaycanda ciddi dəyişikliklər nə zaman müşahidə oluna bilər?
- Dünyanın heç bir ciddi siyasətçisi hər hansı hadisəni proqnozlaşdırarkən onun nə zaman baş verəcəyini deməz.
- Mən də konkret vaxtı soruşmuram...
- Mən ümumi inkişaf strategiyası haqqında deyə bilərəm ki, bu vəziyyət dəyişəcək. Azərbaycan heç zaman indiki kimi pis vəziyyətdə olmayıb. Azərbaycanda mütləq demokratikləşmə prosesi gedəcək. Bu gün söhbət nədən gedir? Məcazi mənada demək olar ki, bir qatarın arxasına vaqonlar qoşulub, hər vaqon bir ölkədir. Bu proses bir neçə mərhələdə baş verir, ən azı üç mərhədə. İndi söhbət hansı ölkənin birinci, hansının ikinci, hansının üçüncü qoşulmasından gedir. Biz hesab edirik ki, Azərbaycanın birinci qatara qoşulmaq imkanı var. Amma bunun nə dərəcədə reallaşacağı Azərbaycan xalqının iradəsindən asılıdır. Bütün dünyada demokratikləşməyə start verilib, Azərbaycan da o kriteriyaya aid olan ölkədir və bu ölkə demokratikləşəcək. Hansı yolla, hansı vaxtda məsələsinə gəldikdə isə, çoxlu sayda faktorlardan asılıdır. Əgər Azərbaycan hakimiyyəti öz fəaliyyətinə tənqidi yanaşsa, xalqla qarşıdurmanı davam elətdirməsə, biz bu işi ağrısız keçirə bilərik. Yox, əgər bu qarşıdurma davam edəcəksə, Azərbaycanda forsmajor vəziyyət yarana bilər. Sizinlə söhbət etdiyimiz anda da bu rejim çökə bilər, iki aydan sonra, iki ildən sonra da məhv olar, amma hər halda bu prosesi dayandırmaq mümkün olmayacaq.