03-04-2011 [06:15]
[b]
Aydın Mirzəzadə: "Əgər iqtidar müxalifəti sıxışdırmaq siyasəti aparsaydı, Azərbaycanda, ümumiyyətlə, müxalifət olmazdı"
[/b]
Ölkənin müxalif düşərgəsində kifayət qədər aktivlik yaranıb. Artıq hakimiyyət əleyhdarları şəhərin mərkəzində icazəsiz aksiyalar təşkil edərək iqtidarın yürütdüyü siyasətə etirazlarını bildirirlər. Hələlik bu etirazlar geniş kütlələri birləşdirməsə də, müxalifət nümayəndələri etiraz dalğasının tədricən artacağını iddia edirlər. Hakimiyyət nümayəndələri isə opponentlərinin sosial bazasının olmadığını, cəmiyyətdən dəstək ala bilməyəcəklərini deyirlər. Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə ilə elə bu mövzuda söhbətləşdik.
- Öncə onu deyim ki, bütün müxalifətə eyni qiyməti vermək düzgün deyil. Bu gün Azərbaycanda həm parlament müxalifəti, həm də radikal müxalifət var. Həm də elə qüvvələr var ki, özlərini müxalifət elan etsələr də, heç bir fəaliyyətləri yoxdur. Parlamentdən kənarda olan və radikallığına görə cəmiyyətdən dəstək ala bilməyən siyasi qüvvələr var ki, bunlar ara-sıra, ilin müəyyən dövrlərində fəallıq göstərməyə çalışırlar. Bu da onunla bağlıdır ki, ya xüsusi tapşırıq yerinə yetirirlər, ya da özlərini cəmiyyətin yadına salmaq istəyirlər. Onların bir neçə qəzeti olmasa, cəmiyyət onların mövcudluqlarından xəbər tutmaz. Amma nəinki müxalifət, heç partiya kimi də onların hər hansı fəaliyyəti hiss olunmur.
- Belə bir vəziyyətin yaranmasında hakimiyyəti də günahlandırmaq olar ki, normal müxalif fəaliyyət üçün şərait yaratmayıb, əksinə, bütün imkanları məhdudlaşdırıb...
- Əgər iqtidar müxalifəti sıxışdırmaq siyasəti aparsaydı, Azərbaycanda, ümumiyyətlə, müxalifət olmazdı. Əgər müxalifət iqtidarı tənqid edirsə, onunla razılaşmırsa, insanlara küçəyə çıxmaq üçün çağırışlar edirsə, iqtidarın da bundan xəbəri olursa, deməli, iqtidarın belə bir planı yoxdur, heç etmək də istəmir. Müxalifətin zəifliyi ilk növbədə iqtidarın effektli fəaliyyəti ilə bağlıdır. Müxalifət orada güclü olur ki, iqtidar zəif olur. Müxalifət o zaman güclü olur ki, hakimiyyət öz üzərinə düşən problemləri həll eləmir, ölkədə sosial problemlər artır. Belə olan halda, əlbəttə, müxalifətin nüfuzu arta bilər. Azərbaycanda isə iqtidar öz vəzifəsini yerinə yetirdiyinə görə müxalifətin sosial bazası yoxdur. Məsələ ondadır ki, müxalifətin sosial bazası zəif olsa da, fəaliyyəti də səmərəli deyil. Amma Azərbaycanın parlament müxalifətinin fəaliyyətində müsbət məqamlar var. Parlamentdən kənardakı müxalifət isə radikallıq və cığallıqla məşğuldur. Onların azsaylı olmasını nəzərə alaraq, bu cür siyasəti cəmiyyətdə də hər hansı maraq doğurmur.
- Söhbət təkcə müxalifətin narazılığından və etirazlarından getmir. Son dövrlər bölgələrdə, xüsusən də Sabirabad və Saatlıda əhali sosial problemlərə etirazlarını kütləvi şəkildə bildirirlər.
- Sosial tələblərlə çıxış istənilən demokratik cəmiyyətlər üçün normaldır. Yəni hansısa bir əyalətdə hansısa bir problem ya həll edilmir, yaxud da onun həlledilmə dərəcəsi həmin əhalinin bir hissəsini qane etmir. Bu səbəbdən də sosial problemlərlə bağlı aksiya keçirə bilərlər. Ona görə də bunu siyasətlə qarışdırmaq lazım deyil. Həmin problemlər aidiyyatı qurumlar tərəfindən dinlənilir və həllinə çalışılır. Azərbaycanın iki əyalətində bir neçə kənd əhalisinin sosial tələblərlə çıxış etməsi isə bütün Azərbaycan demək deyil. Bu baxımdan hardasa keçirilən müəyyən aksiyaları ölkədəki ümumi narazılıq kimi qələmə vermək düzgün yanaşma deyil.
- Opponetləriniz isə bu narazılıqlara, eyni zamanda ərəb ölkələrindəki təlatümlərə nəzərən bildirirlər ki, Azərbaycan inqilabi şəraitin astanasındadır. Bu fikirləri bölüşürsünüzmü, yaxud ölkədəki real vəziyyəti necə qiymətləndirirsiniz?
- Müxalifət inqilabın olmasını arzulayır. Amma məsələ ondadır ki, Azərbaycanda inqilab üçün şərait yoxdur. Çünki o yerdə ki, təkamül gedir, orada inqilab olmur. O ölkədə ki, problemlər tədricən həll edilir, insanlar sosial vəziyyətlərinin yaxşılaşdığını hiss edirlər, dövlətin beynəlxalq aləmdə nüfuzunu görürlər orda heç bir zaman inqilab baş verə bilməz. Bu baxımdan da müxalifətin süni surətdə, dünyanın hansısa regionunda baş verən hadisələri Azərbaycana köçürmək istəyi uğursuz nəticələnir. Yada salaq ki, həmin o müxalif cinah Ukraynadakı "narıncı inqilab"ı da Azərbaycana köçürmək istəyirdi. Hətta müxalifət liderləri narıncı qalstuklar da taxırdılar. Bu baxımdan müxalifətin indiki istəklərinin də heç bir nəticəsi olmayacaq.
- Aydın müəllim, Azərbaycan hakimiyyətinin başlatdığı antikorrupsiya tədbirləri və islahatları da ərəb ölkələrindəki inqilablar ərəfəsinə təsadüf etdi. Bu səbəbdən də müxalifət iddia edir ki, hakimiyyət analoji hadisələrin Azərbaycanda yaşanmasından narahat olaraq islahat kampaniyasına başlayıb. Hakimiyyətin apardığı tədbirlər kampaniya xarakteri dayışır, yoxsa...
- Korrupsiyaya qarşı mübarizə 2011-ci ildən deyil, 1993-cü ildən başlayıb. Bu, tədricən aparılan işdir. Bu cür problemlər bir əmrlə, bir çağırışla həll olunmur. Korrupsiyanın baş verməməsi üçün elə bir sistem yaratmaq lazımdır ki, korrupsioner orada özünü rahat hiss etməsin. Bunun üçün 1995-ci ildə demokratik Konstitusiya qəbul edildi, 96-cı ildə torpaq kəndliyə paylandı, özəlləşdirmə başladı, qanunlarda böyük dəyişikliklər edilərək, 2001-ci ildə Avropa Şurasına daxil olduq. Bundan əlavə, korrupsiya ilə mübarizə haqqında Azərbaycan parlamenti təqribən 3-4 il əvəl qanun qəbul etdi. Ondan sonra güc strukturlarında korrupsiyaya qarşı mübarizə idarəsi yaradıldı. Beynəlxalq təcrübə öyrənildi, kadrlar hazırlandı, iqtisadi bloka daxil olan nazirliklərdə "vahid pəncərə" sistemi yarıdıldı. Yəni göründüyü kimi, korrupsiyaya qarşı mübarizə daha da güclənir. ?ədənsə müxalifət iqtidarın korrupsiyaya qarşı mübarizəsini ancaq 2011-ci ilin yanvarından hesablayır. Elə isə əvvəl saydıqlarım korrupsiyaya qarşı mübarizə üçün addımlar deyildimi? Ona görə də opponentlərimizin bu barədə verdikləri bəyanatların heç bir əsası yoxdur.
- Bəs hakimiyyətin 93-cü ildən başlayan və 18 ildir davam edən korrupsiyaya qarşı mübarizəsi niyə bir nəticə verməyib? ?ecə olur ki, hələ də ölkədə korrupsiyanın həddi yüksəkdir, korrupsioner məmurlar vəzifə başındadırlar? Belə çıxmırmı ki, hakimiyyətin 18 illik antikorrupsiya mübarizəsi iflasa uğrayıb?
- Korrupsiya ilə mübarizə təkcə 18 ildən sonra deyil, həmişə aparılmalıdır. Hər zaman korrupsiyanın ehtimal olunan yerləri bağlanmalı, o haqda müvafiq tədbirlər görülməlidir. Ümumilikdə götürəndə korrupsiya ilə mübarizə hərtərəfli olmalıdır. Ola bilsin ki, üç ildən, beş ildən sonra daha yeni addımlar atmaq lazım gələcək. Yəni korrupsiya ilə mübarizə birdəfəlik əmrlə sona yetəsi məsələ deyil. Daima buna qarşı yönəlmiş sistem təkmilləşməli, cəmiyyət maarifləndirilməli, korrupsiyanın baş verəcəyi bütün nöqtələr bağlanmalıdır. Bu baxımdan, mən, korrupsiyaya qarşı mübarizənin bir-iki ilə yekunlaşdırılması ilə bağlı deyilən fikirləri qeyri-ciddi sayıram.
- Son üç ay ərzində aparılan kadr islahatları da birmənalı qarşılanmır. Bildirilir ki, aparılan dəyişikliklər islahat yox, yerdəyişmədir, yaxud da kadr islahatı imitasiyasıdır. Opponentləriniz iddia edir ki, bu günə kimi adı iri korrupsiya əməllərində hallanan nazirlər yerində saxlanılır, islahat adıyla yalnız kiçik rütbəli məmurlar "vurulur"...
- Birincisi, kadrlar zamanı gələndə dəyişdirilir. Dəyişiklik naminə dəyişiklik prinsipi heç vaxt özünü doğrultmur. Digər tərəfdən, vəzifəsinin öhdəsindən gələn, ona tapşırılan sahənin problemlərini uğurla həll edən kadrı itirməyin özü böyük bir zərbə olar. Hesab edirəm ki, zamanı gəldikcə, kadrlar da dəyişdirilir, yenilər də gəlir. Müxalifət bu gün iri məmurların dəyişdirilməsini tələb edir, onları nədəsə günahlandırır. 2005-ci ildə Azərbaycanda iki nazir korrupsiyada ittiham edilərək, həbs olundular. Amma bu gün həmin iki keçmiş nazir müxalifətin sevimliləridir. Onların hüquqlarını müdafiə edirlər, həbsdən azad olunmalarını istəyirlər. Elə isə müxalifətin prinsipiallığı harda qaldı? Buna görə də müxalifətin hansısa kadr islahatlarının aparılması ilə bağlı dediyi fikirlər ciddi səslənmir.
- Necə düşünürsünüz, qarşıdakı dövrdə növbəti həbslər realdırmı, kimlər Əli İnsanovla Fərhad Əliyevin taleyini yaşaya bilər?
- Öncə onu deyim ki, tutulan şəxslərin hər biri mətbuatda, o cümlədən iqtidar mətbuatında vaxtaşırı tənqid edilirdi. Mənim fikrimcə, hazırda iqtidarda təmsil olunanlar öz vəzifələrinin öhdəsindən gəlirlər və prezidentin etimadına layiqdirlər. O ki qaldı kadr dəyişikliyinə, bu, prezidentin səlahiyyətində olan məsələdir. Bu da zamanı gələndə, yaxud ehtiyac duyulanda edilir.
- Aydın müəllim, yaxın dövrdə ciddi siyasi islahatlara başlanılması necə, gözlənilirmi?
- Baxır ki, siyasi islahat deyəndə bizim opponentlərimiz nəyi nəzərdə tuturlar. Yəni ümumi şəkildə siyasi islahat fikrini ortaya atmaq heç nə deməməkdir.
- Müxalifət başlanğıc üçün yeni parlament seçkilərinin keçirilməsini istəyir...
- Bu, artıq islahat deyil, Konstitusiyaya hörmətsizlikdir. Konstitusiyaya görə, seçkilər beş ildən bir keçirilir. Parlament seçkiləri yarım il bundan qabaq keçirilib, növbəti seçkilər dörd il yarım bundan sonra keçiriləcək. Kimsə parlamentə düşməyib deyə, özünün Konstitusiyaya zidd çıxışlarını siyasi islahat adlandırması başadüşülən deyil. Yaxşı olar ki, müxalifət hər hansı təklif verəndə bir qədər düşünsün.