Lalə Şövkət: "Bu gün Azərbaycan hakimiyyəti avtoqolla məzğuldur"

img

03-04-2011 [05:59]


[b]"Son dövrlər hakimiyyətin apardığı siyasət dövlət siyasəti deyil, qoçu siyasətidir, ağılsız, məntiqsiz və savadsız atılan addımlardır" [/b] Azərbaycanın ictimai-siyasi arenasındakı aktivliyi bəziləri ərəb ölkələrindəki inqilablarla əlaqələndirirlər. Amma son dövrlər dünyada gedən demokratikləşmənin prosesləri bu həddə çatdıracağı gözlənilən idi. Görsən, dünyada gedən demokratikləşmə prosesi Azərbaycanda hansı formada özünü göstərəcək? Bu proses acı nəticəli inqilabla, yoxsa islahatlarla yekunlaşacaq? Bu və ya digər suallarımızı Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət cavablandırır: - Bu gün ölkədə ictimai-siyasi vəziyyət gərgindir. Azərbaycanı total korrupsiya bürüyüb və onu xərçəng xəstəliyi kimi içindən məhv etməkdədir. Azərbaycan vətəndaşları bu gün həm hüquqsuzluqdan, həm səfalətdən, həm də işsizlikdən, əzilməkdən, məmur özbaşınalığından, sosial ədalətsizlikdən əziyyət çəkirlər. Bu gün bizim gənclərimiz işsiz və evsizdir. Ən acınacaqlısı odur ki, ölkədə bir ümidsizlik yaranıb, sabaha gənclərin də, yaşlıların da heç bir ümidi yoxdur. Yəni hazırda vəziyyət həqiqətən də çətin və gərgindir. Deyərdim ki, əhalinin əksəriyyəti hakimiyyətdən, məmur özbaşınalığından, hüquqsuzluqdan, sosial ədalətsizlikdən narazıdır. Bu isə hakimiyyətin səhv, mənfur və məntiqsiz siyasətinin nəticəsidir. - Lalə xanım, necə düşünürsünüz, bu narazılıq fərdi şəkildə qalacaq, yoxsa mütəşəkkil formada müqavimətə çevrilə biləcək? - Narazılığın müqavimət formasına keçməsi üçün sözsüz ki, kütlələrin iradəsi, qərarlılığı və fəallığı lazımdır. Bu, çox mühüm məsələdir. Əgər bu gün əhali həqiqətən bilsə ki, hakimiyyəti dəyişmək üçün balaca ümid yeri var, açığını deyim ki, çox qısa zamanda onlar böyük gücə çevriləcəklər. İnsanlar artıq ölkədə baş verənlərdən, mövcud vəziyyətdən beziblər. Ölkədəki narazılıq artıq pik nöqtəsinə çatıb. Bundan sonra isə etiraz və müqavimət gəlir. Məsələ ondadır ki, bugünkü iqtidar vəziyyəti həqiqətən dəyişmək üçün heç nə etmək istəmir, heç bir hərəkət etmir. Azərbaycanda bu gün çox ciddi problemlər var, amma hakimiyyət bu problemləri qoyub, mənasız işlərlə məşğuldur, özü deyib, özü eşidir. Yalnız sözçülük siyasəti aparır. Söz söz olaraq qalır, sözdən sonra isə heç bir əməl, heç bir hərəkət olmur. Ona görə də, xalq artıq bu sözlərə inanmır, hakimiyyətə etibar etmir. Mən bu yaxınlarda müsahibə verəndə hakimiyyətə müraciət etdim ki, ayılın və tez bir zamanda köklü islahatlar aparın. Dünyada gedən proseslər onu düşünməyə əsas verir ki, artıq diktaturaların sonu çatıb. Ərəb ölkələrində başlanan dalğa ancaq başlanğıcdır. Əminəm ki, bu böyük dalğa bütün diktaturaların çökməsi ilə nəticələnəcək. Burada Azərbaycan da istisna deyil. Ortada iki yol var - ya hakimiyyət inqilabi dəyişikliklərə, köklü islahatlara könüllü getməlidir, ya da istər-istəməz xalq inqilabı ilə qarşılaşacaq. Artıq belə vəziyyətdə yaşamaq mümkün deyil. - Son bir ay ərzində gənclər də, müxalifət partiyaları da etiraz aksiyaları keçirirlər. Bu aksiyaları müqavimət kimi qiymətləndirmək olarmı? - Bu aksiyaları başlanğıc kimi qəbul etmək olar. Yadınızdadırsa, həm Tunisdə, həm Misirdə başlanğıc çox az sayda insanlarla oldu, kütləvilik sonra yarandı. Yəni bunu bir başlanğıc kimi qiymətləndirmək olar. - Hakimiyyət nümayəndələri islahatların aparıldığını, antikorrupsiya tədbirlərinin həyata keçirildiyini bəyan edirlər... - Korrupsiya ilə bağlı çox gülünc bir vəziyyət alındı. Yəni özləri danışdılar, özləri eşitdilər, amma heç bir əməli iş görmədik. Korrupsiya ilə mübarizə sözçülük deyil, bu, əməllə, hərəkətlə həll olunmalıdır. Bunun üçün sistemi dəyişmək lazımdır. Bu gün korrupsiya Azərbaycanda dövlət ideologiyasıdır. Dövlət aşağıdan yuxarıya piramida şəklində korrupsiya üzərində qurulub. Əgər biz bu gün korrupsiyadan danışırıqsa, dünyada qəbul olunmuş korrupsiyaya qarşı mübarizə üsullarından istifadə etməliyik. Bu şərtlərdən ən birincisi siyasi hakimiyyətin iradəsi və qərarlılığı, ikincisi söz azadlığı, üçüncüsü müstəqil məhkəmə, dördüncüsü ictimai nəzarət, beşincisi məvaciblərin artırılması və altıncısı yeni, dürüst kadrların hakimiyyətə gətirilməsidir. Bunlar olmayan yerdə korrupsiyaya qarşı mübarizədən danışmaq sözçülükdən başqa bir şey deyil. Baxın, gözümüzün önündə Saakaşvili nümunəsi var. O, öz iradəsi ilə çox qısa zamanda korrupsiyaya "dur" dedi, ölkədə korrupsiya yığışdırıldı. Deməli, korrupsiyaya qarşı mübarizə mümkündür, əgər iradə və qərarlılıq ortaya qoyulsa. Azərbaycan hakimiyyətinin apardığı isə sözçülük kampaniyasıdır, bu da heç kimə lazım deyil. Əksinə, belə bir vəziyyət insanların hakimiyyətə qarşı nifrətini daha da artırır. Diqqət yetirin, korrupsiyaya qarşı mübarizə adlı kampaniyada bir nəfər iri oliqarxın adı çəkilmədi. Biz hamımız bilirik ki, kim nə qədər yeyir, nə qədər talan edir. Amma bir oliqarxa deyilmədi ki, xalqın sərvətini niyə talan edirsən? Korrupsiya ilə mübarizə kampaniyası cəmi iki həftə sürdü. Bəli, hakimiyyət həqiqətən də iki həftə korrupsiya ilə bağlı pəhriz saxladı. Amma iki həftədən sonra yenə köhnə ənənəsinə qayıtdı. Hətta cavan qızlar və qadınlar arıqlamaq üçün illərlə sərt pəhriz saxlayırlar, amma hakimiyyətdəkilər iki həftədən çox dözə bilmədilər. Acgözlüyün, tamahın dərəcəsi nə boyda olar? Bunlar doymaq bilmirlər. Belə olan vəziyyətdə demək olar ki, bu gün ölkədəki inqilab zəminini iqtidar özü hazırlayır. Bunu nə müxalifət, nə də gənclər hazırlayır, iqtidar özü buna zəmin yaradır. - Amma gənclərə və müxalifət fəallarına təzyiqlər edilir, həbs olunurlar... - Prosesləri izləyirəm. AXCP-nin, KXCP-nin, ADP-nin fəallarını, gənclərini həbs edirlər. Bölgələrdə də həbslərə start veriblər. Bütün bunlar nəyə dəlalət edir? Birincisi, iqtidar yaxşı başa düşür ki, üsyan, inqilab ola bilər. Ona görə də təlaş və qorxu içindədir. İkincisi, hakimiyyət inadkarlıqla heç bir dəyişikliyə getmir və narazılığın qarşısını almaq üçün qoçu siyasətindən başqa heç bir ağıllı üsul tapmadı, gəncləri oğurlayıb, başlarına torba bağlayıb döyməklə dünyada və Azərbaycanda gedən prosesləri durdurmaq niyyətindədir. Son dövrlər hakimiyyətin apardığı siyasət dövlət siyasəti deyil, qoçu siyasətidir. Bütün bunlar ağılsız, məntiqsiz və savadsız atılan addımlardır. Bu cür siyasətlə insanları daha da qızışdırırlar. Bununla nifrət daha geniş vüsət alır. Bu qoçu siyasəti heç kimə lazım deyil. Kim ağzını açırsa, ağzından vururlar, həbs edirlər. Belə dövlət siyasəti aparmazlar. Hətta ən sərt diktatura rejimi olan ölkələrdə də islahata getdilər. Rusiyanın özündə nə qədər islahat aparıldı. Pensiyaları, məvacibləri artırdılar, korrupsiyaya qarşı köklü islahatlar apardılar. Bu gün müxalifət nümayəndələri Rusiya televiziyalarına çıxıb sözlərini deyirlər. Qazaxıstanda ?ursultan ?azarbayev də islahata getdi. Suriya kimi diktatura rejimi hökm sürən ölkədə islahatlara başladılar. Ancaq Azərbaycan susub. Bu, Azərbaycanın hakim elitasının dünyadakı proseslərə qeyri-adekvat münasibətidir. Acınacaqlısı odur ki, bunlar dünyada gedən prosesləri analiz edib nəticə çıxara bilmirlər. Və bugünkü siyasət, bu yanaşma ölkədə inqilabı zəruri edir və belə getsə, o, mütləq baş verəcək. Yalan və talanla, zorakılıq və repressiyalarla uzağa getmək mümkün deyil. - Çoxları inqilabi şəraitin yetişdiyini bildirir, amma bəziləri bunun yaxın müddətdə baş verməyəcəyini iddia edirlər. Siz nə düşünürsünüz, hazırkı vəziyyət nə qədər çəkə bilər? - Mən münəccim deyiləm, siyasətçiyəm. Bunun proqnozunu heç kim verə bilməz. Amma, əgər iqtidar bu minvalla, bu dəsti-xətlə gedəcəksə, ağılsız, məntiqsiz, yanlış hərəkət edəcəksə, sözsüz ki, başqa yol qalmayacaq, inqilab olacaq. Sadəcə olaraq, bunun geci-tezi var. Mən əvvəllər düşünürdüm ki, bizdə inqilab Suriyadan, Orta Asiyadan, Özbəkistandan, Ermənistandan sonra olacaq, dalğa burada qurtaracaq. Amma indi görürəm ki, yox, onlar da hansısa islahatlara gedirlər. Analiz edə bilməyən, adekvat islahatlara getməyən bircə Azərbaycandır. Ona görə də düşünürəm ki, Azərbaycan qabağa düşə bilər. - Son proseslərdən də gördük ki, inqilabların ağır fəsadları olur. Əgər gözlənilən inqilab Azərbaycanda baş verərsə, xalq nə qazanacaq? - Açığını deyim, mən inqilab tərəfdarı deyiləm. Ona görə ki, inqilab xaosla da qurtara bilər. Bu da bizim milli maraqlarımıza ziddir. Mən bunu istəməzdim, amma bunun əksinin olması üçün köklü islahatlar aparılmalıdır. Mən ona görə deyirəm ki, bu gün Azərbaycanda baş verəcək inqilabın təqsirkarı məhz hakimiyyətdir. Heç bir sağlam məntiqli insan istəməz ki, Azərbaycanda inqilab olsun, xaos yaransın, millətimin hansısa bir oğlunun, qızının qanı tökülsün. Ancaq bunun da əmması var, çünki həmin o xaosun, qanın qarşısının alınması üçün nəsə etməlisən. Əgər sən heç nə etmirsənsə, mümkün olan ən pis hadisələr baş verəcək. Yenə də deyirəm, ancaq zorakılığa, repressiyalara, təzyiqlərə, təqiblərə əl atırsansa, bununla heç nəyi dəyişmək mümkün deyil. Əksinə, bununla narazılığı və etirazı genişləndirirsən. Bu gün üçüncü qüvvədən çox söhbət gedir. 20 ildir siyasətdəyəm, təcrübəli və böyük siyasətçilərlə təmasda olmuşam, onlardan çox şeyi öyrənmişəm. Bu mənada mənim müşahidələrimə görə, üçüncü qüvvə iqtidarın öz içindədir. Bu qədər səhvlər etmək mümkün deyil! Ona görə də üçüncü qüvvəni hakimiyyətdə axtarsınlar. Səhv səhv arxasınca edilir, bunun başqa izahı ola bilməz. Cavan oğlansız, məndən yaxşı bilərsiniz ki, futbolda avtoqol anlayışı var. Bu gün Azərbaycan hakimiyyəti avtoqolla məşğuldur. Apardığı siyasət, atdığı addımlar öz qapısına top vurmaqdır. Gənclərin oğurlanması, həbsləri, müxalifətçilərə qarşı zorakılıq, repressiyalar, Əli Kərimlinin həyətindəki bu biabırçılıq həqiqətən də hakimiyyət üçün avtoqoldur. - Lalə xanım, bütün bu hadisələr fonunda müxalifətin fəaliyyətinə də münasibətinizi öyrənmək istərdik. Müxalifət vəziyyətə uyğun hərəkət edə bilirmi, yaxud indiki şəraitdə nə etməlidir? - Mən həmişə demişəm, yenə də deyirəm, müxalifət həqiqətən də birləşməli idi. Kim kiçikdir, kim böyükdür, kim güclüdür, kim zəifdir, mən birinciyəm, sən ikincisən kimi söhbətlər kənara qoyulmalı idi. Demokratiya mədəni münasibətlər sistemində formalaşır. Mədəni münasibətlər sistemi olmayanda demokratiya da olmur. Mən onun tərəfdarı idim ki, müxalifət bütövlükdə birləşsin və böyük bir qüvvəyə çevrilsin. Amma bu alınmadı. Düşünürəm, zaman gələcək bunu digərləri də anlayacaqlar ki, vəziyyəti dəyişməyin başqa yolu yoxdur. Açığını deyim ki, bu gün hərəkətverici qüvvə heç müxalifət də deyil. Ona görə ki, müxalifət nə qədər çox istəsə də, əgər kütləvilik yaranmasa, insanlar qərarlı olmasalar, fəallıq göstərməsələr, ciddi proses baş verməz. İnqilabları müxalifət eləmir, kütlə edir. Həmişə inqilabi situasiya aşağılardan yetişərək gəlir. Bunu siz Misirdə də, Tunisdə də, Liviyada da gördünüz. Orda heç müxalifət də yoxdur, amma inqilab oldu. Yəni dediyim odur ki, burda baş qəhrəman müxalifət deyil, millətdir. - Son dövrlər "müxalifətin aparıcı qüvvələri İctimai Palatada toplanıb",- kimi fikirlər səslənir, amma lideri olduğunuz ALP bu birlikdən kənardadır. Elə bu səbəbdən də bəziləri Sizi birlik istəməməkdə qınayır... - İctimai Palata təsis olunandan bir gün əvvəl mənə təklif etmişdilər ki, təsisçi kimi bu prosesə qoşulum, lakin mən bundan imtina etdim. Bunu birinci dəfədir ki, deyirəm. Bu mənim şəxsi qərarımdır və bunun səbəbləri var, hansı ki, izah etməyə bu gün ehtiyac duymuram. Son 20 ildə mən çox birliklərdən keçmişəm və acı təcrübəm var. Lakin, buna rəğmən İctimai Palataya uğurlar diləyirəm. - ALP ilə VİP-in müxalifətin bir araya gəlməsi ilə bağlı təşəbbüsü var idi. Bir sıra görüşlər də keçirildi, bəzilərinə müraciətlər edildi, amma nəticəsi olmadı. - Bu təşəbbüs partiyaların sədrlərindən gəlir, məndən yox. Düzdür, bu məsələ ilə bağlı mənimlə də məsləhətləşiblər, mən də buna müsbət yanaşmışam. - Bu təşəbbüsə bir qədər soyuq münasibət oldu. Bu barədə nə deyə bilərsiniz? - Olsun da, biz dünyanın görə-görə gəlmişik. Burda mənim üçün heç bir yenilik yoxdur. İndi belə şeylərə fikir vermək lazım deyil. Bu saat əsas məsələ Azərbaycanda gərgin vəziyyətin olmasıdır. Biz gərək bunun haqqında düşünək. Bir yol tapmalıyıq ki, bu gərginlik olmasın, Azərbaycanda xaos yaranmasın, qan tökülməsin. Mənim üçün ən ağrılı və önəmli məsələ budur. [b]Zaur ƏHMƏD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA