ADP-çi gənclər 4 nəfər mülki geyimli zəxs tərəfindən oğurlanıb

img

01-04-2011 [05:06]


Bu gün saat 14.30 radələrində 4 nəfər mülki geyimli şəxs ADP Gənclər Təşkilatının sədr müavini Kamal Hüseynov və partiyanın Nizami Rayon Təşkilatının gənclərlə iş üzrə sədr müavini Orxan Hüseynovun yaşadığı evə gələrək onları polisə getmək adı ilə naməlum istiqamətə aparıblar. MİA-nın xəbərinə görə, adı çəkilən gənclər qardaşdırlar və eyni mənzildə yaşayırlar. Hüseynovların mənzilinə gələnlər özlərini təqdim etməyib, onlara qapı açan Orxan Hüseynovun həyat yoldaşı Gülnarə Hüseynə qarşı çox kobud rəftar ediblər və onu itələyərək mənzilə soxulublar. Bundan sonra isə Kamalı və Orxanı zorla, sürüyərək evdən çıxarıblar. Baş verənlərdən psixoloji sarsıntı keçirən Gülnarə xanım gənclərin hansı avtomobilə əyləşdirilərək aparıldığını müşahidə edə bilməyib. Hazırda Kamal və Orxan Hüseynovların harada saxlanması ilə əlaqədar həm partiya yoldaşları, həm də yaxınları məlumat əldə etmək üçün tədbirlər görürlər. Onların mobil telefonları söndürülüb və harada olmaqları ilə əlaqədar heç bir məlumat əldə etmək mümkün deyil. ADP Mərkəzi Aparatının əməkdaşlarının polis idarələrinə etdikləri müraciətlər də hələlik heç bir müsbət nəticə verməyib və gənclərin polis tərəfindən saxlanması təkzib olunur. Polisin təkzib etməsinə baxmayaraq partiyanın təşkilat və gənclər şöbəsində güman edirlər ki, Kamal və Orxan Hüseynovlar polis tərəfindən, İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqlə əlaqədar polis tərəfindən həbs ediliblər. Xatırladaq ki, Kamal Hüseynovun 14 saylı Xəzər 2-ci seçki dairəsindən namizəd olaraq İctimai Palataya bu yaxınlarda qoşulub. Eyni zamanda hər iki ADP-çi gənc müstəqil gənclərin martın 11-də təşkil etdikləri aksiyada fəal iştirak etdiklərinə görə, onların haqqında müvafiq olaraq Səbail və Nəsimi rayon məhkəmələri tərəfindən qeyri qanuni olaraq yeddi sutkalıq inzibati həbs cəzası qərarı çıxarılmışdı. Ümumiyyətlə həm sosial şəbəkələrdə, həm də canlı olaraq adları çəkilən gənclər kifayət qədər fəal təbliğatla məşğul idilər. Bütün bunları nəzərə alaraq Kamal və Orxan Hüseynovların məhz polis tərəfindən oğurlanaraq həbs edilməsi şübhə doğurmur. Məlumat üçün bildirək ki, Daxili işlər Nazirliyinə və hüquq müdafiə təşkilatlarına gəclərin taleyi ilə əlaqədar müvafiq müraciətlər olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA