ViP-lə ALP Müsavatla AXCP-ni günahkar elan etdi

img

29-03-2011 [06:22]


Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) birgə məlumat yayıb. MİA-ya daxil olan açıqlamada bildirilir ki, ölkədə uzun illərdir davam edən ağır ictimai-siyasi və sosial iqtisadi durum və dünyanın əksər ölkələrində baş qaldıran demokratik inqilab dalğası Azərbaycanın müxalifət qüvvələrinin bir arada olmasını həyati zərurətə çevirib. Qeyd olunan zərurəti, eyni zamanda dövlətin və millətin gələcəyi baxımından öz məsuliyyətini dərk edən Azərbaycan Liberal Partiyası (ALP) ilə Vətəndaş və İnkişaf Partiyası (VİP) 2011-ci il 26 fevral tarixində ölkənin müxalifət qüvvələrinə birgə müraciət ünvanlamışdır. ALP və VİP-in həmin müraciətində ölkədə vəziyyətin dəyişdirilməsində ciddi rol oynaya biləcək müxalifət qüvvələrinin vahid siyasi düşərgədə birləşmələrinin vacibliyi xüsusi vurğulanmış, bu istiqamətdə təcili müzakirələrə başlanılması təklif olunmuşdur. VİP və ALP sədrləri Əli Əliyevlə Əvəz Temirxan bu təşəbbüs çərçivəsində Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə ilə müxalifətin dayanıqlı birliyinin qurulması, qısa müddət ərzində cəmiyyətin narazı təbəqəsinin təşkilatlandırılmasının zəruriliyi ilə bağlı müzakirələr aparmışlar. VİP və ALP sədrləri eyni mövzuda müzakirələrin aparılması məqsədi ilə 2011-ci il 17 mart tarixində Müsavat Partiyasının başqanı İsa Qəmbərə və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə yazılı müraciət göndərmişlər. Müraciətdə Müsavat başqanı və AXCP sədrinin martın 27-nə kimi ALP və VİP sədrlərinin təklifinə rəsmi münasibət bildirilmələri istənilmişdir. Göstərilən müddətin başa çatmasına baxmayaraq, İ.Qəmbər və Ə.Kərimli onlara ünvanlanmış təklifə nə yazılı, nə də şifahi formada hər hansı münasibət ifadə etməmişlər. VİP və ALP Müsavat Partiyası ilə AXCP-nin bu yanaşmasından təəssüflənir və onların belə mövqe sərgiləmələrini müxalifət qüvvələrinin bir araya gəlməsində maraqlı olmadıqlarının göstəricisi kimi qiymətləndirir. Yaranmış situasiyanın reallıqlarını qiymətləndirən VİP və ALP müxalifət düşərgəsinin mümkün təşkilatlandırılması istiqamətində səylərini daha da sürətləndirəcəkdir. Bəyan edirik ki, ALP ilə VİP olaraq müxalifətin geniş spektrli birliyinin yarana bilməməsinə təəssüflənməklə yanaşı, bizim də iştirak edəcəyimiz əməkdaşlıq formasının müəyyənləşdirilməsi yönündə fəaliyyətimizin nəticəsinə dair yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA