29-03-2011 [01:20]
Qusar deyəndə ilk ağıla gələn fikir futbol olmasa da, idmanın bu növü rayon camaatı üçün yad deyil. Onların da öz ulduzları, öz komandaları var. Daha doğrusu, bir vaxtlar daha güclü, elə güclülər dəstəsində onları təmsil edən "Şahdağ"ları var idi. İndi isə həmin komanda mövcud olsa da, durumu ürəkaçan deyil. Amma "Mübarizədən kənar"ın bayramdan sonrakı ilk sayını "Şahdağ"a deyil, onu tarixin bir parçası olmaqdan xilas etmiş, Qusar futbolunun tanınmış simalarından olan Kamran Əlibabayevə həsr etmək istəyirəm. Onsuz da keçmiş futbolçu, komandanın baş məşqçisi söhbət əsnasında həm də rəhbərlik etdiyi klubla bağlı söhbət açacaq. Tanışlıq üçün bir neçə kəlmə bildirim ki, Kamran Əlibabayev 1971-ci ildə Qusar rayonunda anadan olub və 12 yaşından uşaq futbol məktəbində Ağadadaş Qədimovun rəhbərliyi altında məşqlərə başlayıb. 16 yaşında Ağadadaş müəllimin "Şahdağ"a gətirdiyi Əlibabayev deyir ki, o zaman komanda Azərbaycan çempionatının birinci dəstəsində çıxış edirdi.
- O zaman komandanın prezidenti Dadaş Şirinov, sponsoru isə icra hakimiyyəti idi.
- Neçənci ilə qədər "Şahdağ"da çıxış etdiniz?
- 1994-cü ilə qədər. Qusarda oynadığım müddətdə komanda güclülər dəstəsinə vəsiqə qazandı.
- Azərbaycan futbolunun hansı tanınmış simalarına qarşı oynamısınız?
- Samir Ələkbərov, Yunis Hüseynov, Rasim Abışov, Əsgər Abdullayev kimi futbolçulara qarşı oynamışam. ,
- Sərt oyunçu olmusunuz?
(gülümsəyir) - Aqressiv. Əgər futblçusansa meydanda hər şey ola bilər. 1994-cü ildə "Turan"a transfer olundum və iki il burda çıxış elədim. Bu komandayla ölkə çempionatının gümüş medallarını qazandım. Məndən əvvəl isə çempion olmuşdular. O vaxt "Turan"da Vidadi Rzayev, Qurban Qurbanov, Musa Qurbanov, Məqsəd Yaqubəliyev, Nizami Sadıxov, İlham Məmmədov, Elşən Qəmbərov, Qulu Quluyev kimi güclü futbolçular yığışmışdı. Məni də komandaya baş məşqçimiz Kazbek Tuayev çağırdı.
- "Şahdağ"dan "Turan"a keçməyinizin səbəbi nə oldu?
- O vaxt burda komanda dağıldı. Bundan əvvəl isə "PFL" adlı bir qurumun bayrağı altında keçirilən turnirdə Qusar da iştirak edirdi və mən 15 oyunda 27 qol vurdum.
- Bildiyimə görə bir zamanlar milliyə də dəvət almısınız...
- Bəli. Vaqif Sadıxovun vaxtında millinin təlim-məşq toplanışlarına dəvət alırdım. Amma şans məsələsi də var axı. 1991-ci ildə də Olimpiya komandasının heyətinə dəvət olunmuşam, oyunlarda iştirak etmişəm. 1996-97-ci illədə "Sumqayıt" komandasında oynadım və dördüncü yeri tutduq.
- Yarımmüdafiəçi olsanız da, məhsuldarlığınızla seçilmisiniz. Vurduğunuz qolların sayı yadınızdadır?
- Azərbaycan çempionatının yüksək liqasında keçirdiyim oyunların sayı 300-ə yaxın, qollar isə 47-dir.
- Ən yaddaqalan oyununuz hansı olub?
- "Turan"da oynayanda "Kəpəz"lə oyunlarımız hər zaman gərgin keçib. Son oyunda Bəhram Şahquliyevə qolun ötürməsini mən verdim. Həmin il UEFA kubokuna vəsiqə qazansaq da, bizə "parajeniyə" verdilər.
- Vurduğunuz elə bir qol varmı ki, onu indi də xatırlayırsınız?
- 1988-ci ildə ermənilər oyunda künc zərbəsindən ötürülən topu "çerez sebya" ilə qapıya göndərdim və gözəl qol alındı. Özü də oyun İrəvanda baş tuturdu.
- Qəribədir ki, oynadığınız klublarda hər zaman güclü futbolçular olub və siz də heyətə düşmüsünüz....
- "Turan"da birinci il heyətə düşə bilmirdim. Amma sonra çalışdım və əsas oyunçuya çevrildim.
- Sürətli oyunçu olmusunuz?
- Yüksək orta sürətim olub.
- Hətta "Neftçi"də də oynamısınız...
- "Neftçi"də isə Əhməd Ələsgərovun rəhbərliyi altında çıxış elədim. Flaqmanla ölkə kubokunu və bürünc medalları qazandım. "Sumqayıt"da oynayanda isə İranda beynəlxalq turnirdə ikinci yeri tutduq. 2001-ci ildə Qusara gəldim və rayon camaatı ilə yenidən "Şahdağ" komandasını yaratdım. Allah canını sağ eləsin, İkram Əmirovun, Asim Uluxanovun, Bəybala Məmmədovun, Musa Süleymanov bizə çox kömək elədilər. Cəmi bir ildən sonra komanda yenidən güclülər dəstəsinə qayıtdı. O vaxt Qusara gəlib xal aparmaq hər komandanın işi deyildi. Birinci dəstədən gələn komanda ölkə kubokunun 1/4 finalına qədər irəlilədi və kubokun sahibi "Şəfa"ya uduzdu. Əslində komandamız onlardan çox güclüydü. Təsəvvür edin ki, mən məşqçi ola-ola təzədən "Sumqayıt" komandasında və "Şəmkir"də çıxış elədim. "Şəmkir"lə isə yenə gümüş medal qazandıq. Futbolçu karyeramı 2006-cı ildə "Şahdağ"da bitirdim.
- "Şahdağ" son beş ildə Azərbaycan futboluna hansı tanınmış futbolçuları verib?
- Nodar Məmmədov, Arif Daşdəmirov, İsabala İsrafilov, Timur İsrafilov, Osman Umarov...
- Hazırda komanda birinci dəstədə 5-ci yerdə gedir və yüksək dəstəyə çıxmaq çətin məsələdir...
- Çətin deyəndə ki, yüksək dəstəyə çıxmaq üçün hazır olmalısan. Çıxsaq, vəziyyət belə olsa nə xeyri olacaq?
- Perspektivli oyunçulardan kimlər var?
- Çoxdur.
- Hansı komandaya azarkeşlik edirsiniz?
- "Mançester Yunayted". Amma balaca vaxtı "Dinamo" (Minsk) komandasına azarkeşlik edirdim. "Neftçi" isə ürəyimiz idi. Bilirsiniz, "Mançester Yunayted"də kimisə fərqləndirmək olmur, komanda futbolu oynayırlar. Əvvəllər isə Danimarka yığmasının bir oyunçusu var idi-Mixail Laudrup-onun oyunundan çox xoşum gəlirdi.
- Milli komandamızın oyununu bəyənirsiniz?
- O vaxt futbol daha güclüydü. Ustalıq səviyyəsi üstün idi. Məsələn, biz 0:1, 0:2 heabıyla uduzduğumuz Macarıstanın, Polşanın səviyyəsi daha güclüydü. Trabzonda Desayi, Zidan kimi oyunçuların çıxış etdiyi Fransa bizi çox çətinliklə (2:0) uddu. Amma indi Polşa, Macarıstan, Belçika kimi yığmalar çox zəifləyiblər.
- Millidə kimin oyunu xoşunuza gəlir?
- Rəşad Sadıqov. O, ustadır. Çünki o uşağı çoxdan tanıyıram və bilirəm ki, futbolçu olmaq üçün çox əziyyət çəkib. Çox mübarizdir, ağıllıdır. Həm də Rəşad o vaxtki məktəbi az da olsa görüb.
- Bəs hansı oyunçular yığmadan kənarda qalıblar və millidə oynamağa layiqdirlər?
- ...
- Foqts millinin heyətini açıqlayıb və Rəşad Sadiqov, heyətdə yoxdur...
- O millidə oynamalıdır. Elnur Abdullayev də yaxşı futbolçudur. Ötən il Şafer Bəxtiyar Soltanovu "öldürdü". Amma Bəxtiyar çox perspektivli uşaqdır.
- "Şahdağ"da elə oyunçular varmı ki, heç olmasa ehtiyat qüvvə kimi milliyə xeyir vermək gücündə olsun?
- Bizdə 16 yaşlı bir oyunçu var- Güləliyev Vuquf. Çox prespektivli oyunçudur, universaldır. Tovuzda yığma komanda üçün çox yaxşı futbolçular var.
- Qusar futbol məktəbi indiki halda Rəşad Sadıqov, Mahir Şükürov səviyyəli fubolçular verə bilərmi?
- Çətin sualdır. Amma müxtəlif millilərdə oynayan yetirmələrimiz var.
- Uşaqların məşqə can yandırmaları, həvəsləri sizi qane edir?
- Buranın iqlimi çox sərtdir, qışda günlərlə qar olur, meydança yararsız hala düşür. Harda məşq edəcəyimizi bilmirik. Amma yaxşı futbolçu olmaq üçün sözün əsl mənasında vuruşanlar var.
- Kimlərdir onlar?
- Miryusif Cavadov, İsabala İsrafilov, Tofiq Qədimov. Dağıstandan Murad Rəcəbov və sair.
- Qeyd elədiyiniz kimi Qusarda iqlim çox sərtdir və bu rəqib komandalar üçün də problem yaradır...
- Əlbəttə. Uşaqlar artıq bu havaya vərdiş ediblər. Rəqiblərimiz isə çətinlik çəkirlər. Çünki bura dəniz səviyyəsindən 2 min metr yüksəkdə yerləşir.
- Futbolçu olduğunuz vaxt siqaret çəkmisiniz?
- Bəli. Amma təlim-məşqlərdə buraxmışam. Çox az çəkirdim. Heç indi də tam siqaret çəkmirəm, tüstünü sinəmə almıram.
- Yetirmələrinizdən çəkən var?
- Yox, çox mərifətli uşaqlardırlar. Ümumiyyətlə idmançı siqaret, içki, gecə klubları kimi şeylərdən uzaq olmalıdır. İdmançı karyerası 10-15 il çəkir. Bu müddətdə nə siqaret qurtarmır, nə araq, nə qızlar, nə də gecə klubları...
- Boy-buxun futbolçu üçün nə dərəcədə vacibdir?
- Müəyyən rol oynayır. Məsələn, mənim boyum 178 santimetrdir. Amma hünlürlüyə tullanma göstəricilərim yüksək idi.