"Azərbaycanı inqilabdan sığortalamaq mümkün deyil"

img

27-03-2011 [07:39]


[b]Sərdar Cəlaloğlu: "Hakimiyyət inqilabi şəratin aradan qaldırılması ilə bağlı heç bir islahat aparmayıb" [/b] İki aya yaxındır ki, Azərbaycan müxalifəti aktiv siyasi fəaliyyətə start verib. Hətta müxalif qüvvələr birgə kütləvi etiraz aksiyaları keçirməyi də qərara alıb. Bəzi müxalifət nümayəndələri ölkədə inqilabi şəraitin yetişdiyini, proseslərin ona doğru getdiyini düşünür. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə ölkədə vəziyyətin ağır olduğunu bildirsə də, inqilab üçün şəraitin hələ yaranmadığını deyir: - Azərbaycanda ictimai-siyasi vəziyyət kritik olaraq qalır. Son 20 il ərzində hakimiyyətin apardığı siyasət faktiki olaraq Azərbaycanı durğunluq vəziyyətinə salıb. Bu da o deməkdir ki, Azərbaycanda nə siyasi inkişaf, nə də iqtisadi tərəqqi var. ?eftin qiymətindən asılı olaraq ölkəyə müəyyən vəsait daxil olsa da, bu, iqtisadi inkişaf deyil. Bir ölkədə ki, 20 il ərzində siyasi və iqtisadi inkişaf olmadı, deməli, durğunluğa düşür. Durğunluqdan da çıxmağın iki yolu var, ya dövlət çöküb məhv ola bilər, ya da bu vəziyyətdən inqilab yolu ilə çıxmaq olar. Hazırda dünyada baş verən hadisələr 30-40 il hakimiyyətdə olan qüvvələrin inqilabi yolla hakimiyyətdən getmə təcrübəsini ortaya qoyub. Xüsusiylə də qeyd etmək istəyirəm ki, Yaponiyada baş verən zəlzələ, sunami və atom stansiyasındakı qəza, üstəgəl Yaxın Şərqdə baş verən inqilablar nəticəsində dünyada iqtisadi vəziyyətin ağırlaşması qlobal iqtisadiyyata yeni bir qlobal iqtisadi böhranı gətirəcək, yaxud da hazırda mövcud olan böhranı bir qədər də dərinləşdirəcək. Bu isə o deməkdir ki, dünya iqtisadiyyatında yaranacaq yeni vəziyyət dünyanın siyasi sistemində böhranlı siyasi vəziyyətin yaranmasını stimullaşdıracaq. Yəni Yaxın Şərq kimi dünyanın başqa bir regionunda çox böyük siyasi dəyişilmələr ola bilər. Təhlil etdikdə görürük ki, Rusiya da daxil olmaqla, keçmiş sovet məkanında yerləşən dövlətlərdə ümumxalq hərəkatlarının geniş vüsət alması qaçılmazdır. - Azərbaycanda həm cəmiyyət, həm də siyasi qüvvələr qeyd etdiyiniz ümumxalq hərəkatında hər hansı formada iştiraka hazırdırmı? - Bu gün üçün yox. Amma hadisələr çox böyük sürətlə cəmiyyəti həmin dəyişilmələrə doğru aparır. İstər iqtisadi, istər siyasi, istərsə də sosial nəzəriyyələr bxımından Azərbaycanın bu gün belə bir vəziyyətdə qalması fenomendir. Yəni Azərbaycanda inqilabi vəziyyət bəlkə də 10 il bundan qabaq başlamalı idi. Görünür, hansısa əlavə faktorlar bu prosesi uzadır. Belə deyək də, Azərbaycanda inqilab üçün zəmin çoxdan hazırlanıb. Sadəcə, inqilabın baş verməsi müəyyən faktorların təsirindən gecikir. - Sizcə, bu gecikmənin səbəbkarı kimdir? - Ümumiyyətlə, inqilablar kiminisə ağlının məhsulu deyil. Biz deyə bilmərik ki, 40 il Qəddafiyə kölə kimi baş əyən xalq birdən-birə nə oldu ki, küçələrə çıxdı? Yəni belə hadisələri izah etmək mümkünsüzdür. Ola bilsin, sabah durub görək ki, Azərbaycanda da inqilab başladı. Bu mənada mənim "bu gün inqilab real deyil",- deməyim o demək deyil ki, sabah inqilab olmayacaq. Hər bir təsadüfdən, ölkə başçısının etiyatsız bir sözündən, hansısa polisin kiməsə sillə vurmasından da inqilab başlaya bilər. - Sərdar bəy, dünyada və ölkəmizdə gedən son prosesləri, eyni zamanda proqnozlaşdırılacaq hadisələri nəzərə alaraq Azərbaycan müxalifətinin fəaliyyətini necə analiz edərdiniz? - Mənə elə gəlir ki, müxalifət Yaxın Şərqə baxıb müəyyət dərslər götürməlidir. Birincisi, biz gördük ki, inqilablar ağır nəticələr verdi. Misir, Tunis, Liviyadakı vəziyyəti təhlil eləsək görərik ki, o yerdə ki, müxalifət daha çox yığışa bildi, iqtidarla müxalifət siyasi dialoqa hazır olduğunu bildirdi, beynəlxalq ictimaiyyət prosesə müdaxilə edib hakimiyyətdəki qüvvənin getməsi üçün təzyiq elədi, həmin ölkələrdə həm inqilab ağır nəticələr vermədi, həm də inqilab dalğası söndü və ölkədə siyasi inkişaf başladı. Amma bu gün Azərbaycanda bu şərtlərin heç biri yoxdur. Yəni bu gün nə müxalifət öz arasında ümumi konsensusa gəlib, nə iqtidarla müxalifət arasında siyasi dialoq mühiti var, nə də xarici güclər Azərbaycan hakimiyyətinin getməsini tələb edir. Bu baxımdan düşünürəm ki, bu şərtlər yetişənə qədər Azərbaycanda inqilabdan danışmaq tezdir. Yaxud inqilab olacağı təqdirdə daha ağır nəticələri proqnozlaşdırmaq mümkündür. - Hakimiyyət neçə müddətdir ki, islahat və antikorrupsiya tədbirlərinə başlayıb. Bəziləri bu prosesin inqilabı önləmək məqsədi daşıdığını bildirir. Bu barədə Siz nə düşünürsünüz? - Hakimiyyət inqilabi şəraitin aradan qaldırılması ilə bağlı heç bir islahat aparmayıb. Bu gün hökumətin həyata keçirdiyi tədbirlər - bəzi məhsulların qiymətinin aşağı salınması, kosmetik antikorrupsiya mübarizəsi və digərləri - ölkədə islahatların başlanması kimi dəyərləndirilə bilməz. SSRİ-də də 70 il korrupsiyaya qarşı mübarizə aparıldı, amma nəticədə dövlət dağıldı. Səudiyyə Ərəbistanında isə kral hər adama 15 min dollar pul bağışladı. O qədər pul hara, yumurtanın qiymətinin 12 qəpiyə endirilməsi hara? Bunu istəsələr də cəmiyyətə islahat kimi qəbul etdirə bilməzlər. Son günlər Azərbaycan iqtidarının atdığı addımlar o qədər kosmetikdir ki, bu addımlar nəinki inqilabi şəraitin qarşısını alacaq, əksinə, getdikcə inqilabi şəraiti dərinləşdirəcək. Bu gün hamı başa düşür ki, istər inqilab olsun, istər olmasın, iqtidarla müxalifətin birlikdə ölkənin siyasi inkişafa gətirilməsi üçün yeganə yol yeni demokratik, qanuni, xalqın iradəsini ifadə edən parlamentin formalaşdırılmasıdır. Amma bir neçə gün bundan əvvəl Azərbaycanda son illər keçirilən bütün seçkilərin total şəkildə saxtalaşdırılmasının məsuliyyətini daşıyan bir adama "Şərəf" ordeni verildi. Buradan çıxan nəticə odur ki, hakimiyyət həm bundan sonra keçiriləcək seçkiləri saxtalaşdırmağı planlaşdırır, həm də saxtakarlıqda iştirak etmiş şəxsi mükafatlandırmaqla mesaj verir ki, bu, dövlətin siyasətidir. Onu da deyim, nə qədər ki, yeni parlament məsələsi gündəmə gəlməyib, Azərbaycanı inqilabdan sığortalamaq mümkün deyil. - O fikirlər də səslənir ki, hakimiyyətin başladığı antikorrupsiya tədbirləri Qərbin tələbidir... - (Tələsik) Yox, Qərb desə də, bu tədbirlərin heç biri inqilabi şəraitin qarşısını ala bilməz. Ona görə də heç kəs özünü aldatmasın. Azərbaycanda əhalinin narazılığı hələ partlayış həddinə çatmayıb. Yəni inqilab hökumətin apardığı bir-iki mənasız tədbirlər üzündən deyil, cəmiyyətdə inqilabi şərait tam yetişmədiyi üçün olmur. Bu gün rüşvəti də əvvəlki kimi başlasınlar, qiymətləri də qaldırsınlar, inqilab yenə olmayacaq. Çünki inqilabın olması üçün lazım olan şərtlərin hamısı tam yetişməyib. Ona görə də aparılan "islahatlar"ın inqilabın qarşısını alması ilə bağlı deyilən fikirlər səhvdir. Onu da qeyd edim ki, inqilab üçün lazım olan şərtlər tam yetişəndən sonra bu, baş verəcək və bunun qarşısını heç nəylə almaq mümkün olmayacaq. Ancaq bunun nə zaman baş verəcəyini dəqiq demək mümkün deyil. Ölkədəki hazırkı vəziyyət, hakimiyyətin apardığı siyasət belə bir inqilabın mütləq baş verəcəyini deməyə əsas verir. - Sərdar bəy, son dövrlər belə bir rəy formalaşdırılır ki, Azərbaycanın əsas müxalifət qüvvələri İctimai Palatada toplaşıb və inqilabi şərait yaranacağı təqdirdə bu qurum öndə olacaq... - Əvvəla onu deyim ki, müxalifət anlayışının küçədə olan müxalifət anlayışı kimi götürülməsi tamamiylə yanlışdır. Biz müxalifət deyəndə parlamentə salınmamış qüvvələri nəzərdə tutmuruq. Mən, bütünlükdə cəmiyyətdə dəyişiklik istəyən, iqtidar daxilində gizli şəkildə mövcud olan müxalifəti, cəmiyyətdə heç bir siyasi qüvvəyə daxil olmayan, amma siyasi dəyişiklik istəyən gücü, təbii ki, bir də təşkilatlanmış siyasi müxalifəti nəzərdə tuturam. Bu gün İctimai Palata bütövlükdə müxalifətin deyil, təşkilatlanmış siyasi təşkilatların da yalnız bir hissəsini təşkil edir. ALP, ADP, VİP, Ümid Partiyası bu qurumda deyil, o cümlədən iqtidar daxilindəki gizli müxalifət də burada təmsil olunmur. Bu baxımdan, İctimai Palata Azərbaycanda baş verə biləcək inqilabın tərəfi kimi qəbul edilə bilməz. Amma bu proses gedir. Ola bilsin ki, yaxın gələcəkdə İctimai Palata doğrudan da Azərbaycan müxalifətinin güc mərkəzi olsun. O zaman burada həm hökumətdə olan müxalif qüvvələr, həm bütövlükdə müxalif təşkilatlar, həm də cəmiyyətdəki ayrı-ayrı müxalif siyasi, qeyri-siyasi güclər təmsil olunmalıdır. - Amma Siz hələ də İctimai Palataya qoşulmursunuz. Səbəbi nədir? - Bizim İctimai Palatada iştirak etməməyimizin səbəbi odur ki, həmin qurumda olan bəzi qüvvələr İqbal Ağazadənin fərd kimi ora getməsinin əleyhinədir. Biz də "Qarabağ" blokunda bir yerdəyik, düşünürük ki, əgər bizim müttəfiqimizin ora getməsinə razılıq verilmirsə, mənim də ora getməyim düz olmaz. Bu səbəbdən də mən könüllü olaraq getmirəm. Yəni İqbal bəyi onlar qəbul etmir, mən də özüm getmirəm. Biz ikimiz getməsək də, hər iki partiyanın üzvləri İctimai Palataya qoşulmağa başlayıb. - İctimai Palata birgə etiraz aksiyası keçirməyi də qərara alıb. ?ecə düşünürsünüz, indiki mərhələdə etiraz aksiyalarının keçirilməsi məqsədəuyğundur? - Subyektiv fikrimi deyirəm, mənə elə gəlir ki, indiki mərhələdə etiraz aksiyalarının keçirilməsinə heç bir əsas yoxdur. Aksiyaya başlaya bilərlər, amma bu aksiyaların indiki halda ciddi nəticə verəcəyini gözləmirəm. Çünki cəmiyyət inqilabi dəyişilmələr gözləyir, aksiyada isə kiçik dəyişilmə şüarları ilə küçəyə çıxırlar. Ona görə də bu aksiyalar cəmiyyətə heç bir xeyir verə bilməz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA