Şahin Diniyev və Zülfiyyə Xanbabayevanı nə birləzdirir?

img

24-02-2011 [02:58]


Futbol üzrə milli komandamızın keçmiş baş məşqçisi, tanınmış futbol mütəxəssisi Şahin Diniyev yeni komandada işə başlaya bilər. Xatırladaq ki, ötən ilin sonunda "Terek"dən ayrılan Diniyev iki aydır ki, işsizdir. "Ədalət" qəzetinin etibarlı mənbəyə istinadən verdiyi məlumata görə, onunla bir zamanlar çalışdırdığı "Gəncə" klubu, həmçinin Zaqatala "Simurq"u maraqlanır. Belə ki, son turlarda kifayət qədər keyfiyyətli futbol sərgiləməsinə rəğmən nəticə qazana bilməyən "Gəncə"nin rəhbərliyi baş məşqçi Akif İsmayılovla yollarını ayırmaq qərarına gəlib. Bu Şahin Diniyev üçün yad klub olmadığından təklifin olacağı da istisna edilmir. Təkcə onu demək yetər ki, mütəxəssis milli komandanın sükanı arxasına da "Gəncə"dəki uğurlu oyunlar seriyasından sonra gətirilmişdi. Zaqatala təmsilçisi "Simurq" rəhbərliyinin də yaxın vaxtlarda Diniyevlə danışıqlar masasına əyləşəcəyi iddia olunur. Mənbəmizin bildirdiyinə görə, tanınmış müğənni, xalq artisti Zülfiyyə Xanbabayevanın həyat yoldaşı Zaur Məmmədovun sahib olduğu komanda hazırda turnir cədvəlinin "zirzəmisi"ndə olduğundan Coka Hacıyevskiyə yaxın zamanlarda qapı göstəriləcək. Qeyd edək ki, uzun müddət "Bakı" komandasının sükanı arxasında olmuş Hacıyevskini ikinci dəfə ölkəmizə məhz xalq artistinin həyat yoldaşı gətirib. Bu barədə qəzetimizi məlumatlandıran mənbənin ən maraqlı açıqlaması isə belədir: "Şahin Diniyevin "Simurq"a keçmək məsələsində Zülfiyyə Xanbabayevanın böyük istəyi var. Çünki bu xanım futbol azarkeşidir və Diniyevi millidən xatırlayır. Elə məhz o Zaur Məmmədova bu barədə tövsiyyə edib. Amma klub prezidentinin son qərarının nə olacağı bilinmir". Son olaraq onu da diqqətə çatdıraq ki, klub rəhbərləri bu mütəxəssis uğrunda mübarizəyə girişsələr də, Diniyev məhz redaksiyamızın qonağı olarkən bölgə komandalarında çalışmayacağını bildirmiş və səbəbini belə izah etmişdi: "Əgər Gəncədə, yaxud Yevlaxda çalışacaqdımsa, elə Qroznıda qalardım da. Yəni cəmi 200 kilometr fərq var. "Terek"dən də məhz bu səbəbə görə ayrıldım ki, özümü ailəmə həsr edim. Çünki övladlarım böyüyür".

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA