ADP hakimiyyəti ölkəmizi beynəlxalq ictimaiyyatla üz-üzə qoyan addımlardan geri çəkilməyə çağırıb

img

13-12-2010 [05:51]


Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiya quruculuğuna aid bir sıra məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ilk növbədə Avropa Şurası Nazirlər Kabinetinin E.Fətullayevlə bağlı Avropa Məhkəmələrinin çıxardığı qərarların bu günə qədər icraya yönəldilməməsi və Avropa İnsan Haqları Məhkəməsində bu quruma ədalətsiz məhkəmə qərarları və işgəncələr barədə Azərbaycandan daxil olan şikayətlərin çoxluq təşkil etməsi haqqında səsləndirilən fikirlərdən narahat olduğunu bildirib və hakimiyyəti Avropa Məhkəmələrinin insan haqları ilə bağlı çıxardığı qərarlara hörmətlə yanaşmağa, ölkəmizi beynəlxalq ictimaiyyatla üz-üzə qoyan addımlardan geri çəkilməyə çağırıb. Astana sammitinin nəticələrinə və MDB ölkələri başçılarının Moskva görüşünə bir daha diqqət çəkən İdarə Heyəti üzvləri bu cür tədbirlərin sırf formal xarakter daşıdığını və Azərbaycanın xeyrinə heç bir qərar qəbul edilmədiyini bildirib. Dağlıq Qarabağ probleminin ayrı-ayrı dövlətlərin monopoliyasında saxlanılmasının yol verilməz olduğunu, münaqişənin həllində beynəlxalq hüquq normalarının və BMT-nin qətnamələrinin əsas götürülməsinin vacib olduğunu bildirən partiya yetkililəri beynəlxalq təşkilatları, o cümlədən problemin həllinə cəlb edilmiş dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağa, aqressiv siyasətini davam etdirməkdən əl çəkməyən Ermənistanı beynəlxalq hüququn prinsiplərinə əməl etməsi üçün təsirli tədbirlər görməyə çağırıb. Viklieaks saytında yayımlanan məlumatlardan sonra ölkə rəsmilərinin dilindən ABŞ-la hərbi əməkdaşlıq məsələlərinə son verilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirən İdarə Heyəti üzvləri bu addımların yanlış olduğunu və ölkəmizin strateji maraqları ilə uyğun gəlmədiyini qeyd edib və hakimiyyəti Avropaya inteqrasiya və NATO ilə əməkdaşlıq barədə elan edilən kursa sadiq olmağa çağırıb. İdarə Heyəti üzvləri Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrinin AŞPA-nın müzakirə çıxarılmasını təqdir edib və seçkilər zamanı baş verən total saxtakarlıqla bağlı həmin quruma məktub göndərilməsi barədə qərar qəbul edib. ABŞ məhkəmələrində ermənilərin qondarma genosidlə bağlı Türkiyə dövlətinə qarşı qaldırdığı əmlak iddialarına yenidən start verilməsinə münasibət bildirən toplantı iştirakçıları adı çəkilən ölkə tərəfindən bu addımın atılacağı halda tətbiq edilən bu qaydanın XX əsrin ermənilər tərəfindən ən dəhşətli genosidinə məruz qalan və tarixi ərazilərindən zorla çıxarılan soydaşlarımıza da şamil edilməsinin vacibliyini diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA