RƏSMİ BAKI AVROPA İLƏ ƏLAQƏLƏRİNİ NİYƏ KƏSDİ? - TƏHLİL

RƏSMİ BAKI AVROPA İLƏ ƏLAQƏLƏRİNİ NİYƏ KƏSDİ? - TƏHLİL

SİYASƏT

Bugün, 15:10

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar bu qurumla bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin dayandırılması barədə qərar verib. Eyni zamanda, Avronest Parlament Assambleyasında Milli Məclisin üzvlüyünə xitam verilməsi üçün prosedur qaydalarının tətbiqinə başlanılacaq.

Qərarın verilməsinə əsas səbəb Avropa Parlamentinin 30 aprel tarixində Azərbaycanla bağlı qəbul etdiyi qətnamədir. Hətta məsələ ilə əlaqədar Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb və qarşı tərəfə etiraz notası təqdim edilib.
Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsi, şübhəsiz ki, həm Ermənistan–Azərbaycan sülh prosesinə, həm də Azərbaycan ilə İttifaq arasında münasibətlərin perspektivlərinə mənfi təsir göstərə bilər.
30 aprel tarixində qəbul edilən qətnamədə aşağıdakı detallar qeyd olunur:
1. Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar;
2. “Müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışlar;
3. “Mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddialar.
Bu iddiaların əsassız olduğu qeyd edilir. Qarabağ erməniləri Azərbaycanı öz istəkləri ilə tərk ediblər. Rəsmi Bakı reinteqrasiya prosesi elan etməsinə baxmayaraq, həmin şəxslər Ermənistana və digər ölkələrə köçməyi özləri seçiblər. Digər tərəfdən, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfəri zamanı “Ermənistanda Qarabağ hərəkatına son qoyulmalıdır” fikrini səsləndirib.
“Müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslər isə həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına uyğun şəkildə mühakimə olunublar. Onların müharibə cinayətləri törətməsi fakt və sübutlarla təsdiqlənib. Ermənistan tərəfi də indiyədək onların qaytarılması ilə bağlı rəsmi tələb irəli sürməyib.
Ən çox müzakirə doğuran məsələlərdən biri isə “mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddialardır. Azərbaycan Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir və bu prosesə xarici şirkətlər də cəlb olunur. Aparılan işlər çərçivəsində tarixi abidələr bərpa olunur. Hər hansı erməni abidəsinin dağıdılması ilə bağlı iddiaların əsası yoxdur. Bununla yanaşı, vaxtilə Qarabağda dağıntılara məruz qalan məscidlər, karvansaralar və digər tarixi abidələrlə bağlı Avropa Parlamenti tərəfindən oxşar qətnamə qəbul edilməmişdi.
Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, eyni zamanda sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində işlər davam edir. Hətta son olaraq baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib. Belə bir mərhələdə Avropa Parlamentinin qəbul etdiyi qətnamə prosesə töhfə vermək əvəzinə, ona zərər vurur.
Qətnamədə qeyd olunan məsələlər Azərbaycanın daxili işi olmaqla yanaşı, Ermənistanla ikitərəfli danışıqlar çərçivəsində həll edilə biləcək mövzulardır.
Görünür ki, Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləməsi bəzi dairələri, xüsusilə də erməni diasporunu narahat edir. Prinsip etibarilə, iki ölkə arasında sülhün əldə olunması diasporun fəaliyyət istiqamətinə və təsir imkanlarına mənfi təsir göstərə bilər. Bu səbəbdən belə vasitələrlə prosesə mane olmağa cəhd edildiyi iddia olunur.
Rəsmi Bakının verdiyi reaksiya yerində və əsaslı hesab edilir. Bununla yanaşı, müəyyən məsuliyyət Ermənistanın da üzərinə düşür. İrəvan diaspor fəaliyyətləri ilə bağlı daha ciddi mövqe ortaya qoymalı və zəruri addımlar atmalıdır. Əks halda, bu kimi hallar sülh prosesinə mənfi təsir göstərməkdə davam edəcək.
Turan Rzayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR