"Bu terror Ər-Riyada lazım deyildi, İŞİD əsasən 3 dövləti hədəfə alıb" - Politoloqdan şərh

img

07-06-2017 [16:11]


"İŞİD-in nə zamansa İranı hədəf seçəcəyi bəlli idi. Bəri başdan deyim ki, İran parlamentində və Xomeyninin movzoleyində həyata keçirilən terror aksiyasında Səudiyyə Ərəbistanı izinin axtarılmasının əleyhinəyəm. Bu, Ər-Riyada lazım deyildi. Doğrudur, Səudiyyə Ərəbistanı İranın siyasətindən narazıdır, onun dost və tərəfdaşlarının sayını azaltmağa çalışır, ancaq bu o demək deyil ki, Ər-Riyad hansısa terrorçu qrupu təlimatlandıraraq İrana göndərib və ya İrandakı tərəfdar qrupuna terror tapşırığı verib. Bu sırf İŞİD-in dəst-xəttidir”.

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün İranda eyni anda törədilən tereakta münasibət bildirirəkən deyib.

Onun sözlərinə görə, İŞİD ona qarşı savaşan bütün ölkələri hədəf alıb:

"Suriya ərazisində real olaraq 3 dövlətin silahlı qüvvəsi mövcuddur: Türkiyə, Rusiya və İran. Bu 3 ölkə İŞİD-in mövqelərini bombalayır, Əsəd ordusuna və ona müxalif olan qüvvələrə dəstək verirlər ki, onlar terrorçulara qarşı effektiv mübarizə aparsınlar. İŞİD cavab aksiyası kimi 3 dövlətin ikisində - Türkiyə və Rusiyada terror aksiyaları törətmişdi, qalmışdı bircə İran, ona da əli çatdı. İŞİD-in məqsədi İranı daxildən qarışdırmaqdır. Bundan sonra nə baş verə bilər?”.

E.Şahinoğlu  deyib ki, hazırda İranın qarşında iki yol var: 

"Birinci yol ölkədə təhlükəsizlik tədbirlərini gücləndirərək, Suriya və İraqda İŞİD-lə mübarizədə yerli qüvvələrə dəstəyi artırmaqdır. İkinci yol İranda hakimiyyətə müxaif olan və fərqli düşünən bütün qüvvələrə qarşı "terrora dəstək” adı altında təzyiqləri gücləndirmək, ölüm hökmlərinin sayını artırmaqdır. 

İkinci yol İrana yaxşı heç nə vəd etmir, əksinə İŞİD-in mövqelərini gücləndirəcək. Aydındır ki, İran nə liberal baxışlı Böyük Britaniya, nə də Fransadır ki, terrorla üzləşdikdən sonra "azadlıqların təminatı yoxsa sabitlik” dillemması qarşısında qalsın. 

Tehran şübhəsiz sabitlik naminə olan-qalan azadlıqları da məhdudlaşdıracaq. Ancaq bu, İranın daxili problemlərini bir az daha artıracaq. İŞİD-ə də elə bunu istəyir”.

Politoloq bildirib ki, terror Azərbaycanın qonşuluğuna çatıb:

"Azərbaycan İŞİD-ə qarşı birbaşa mübarizədə iştirak etmir. Ancaq Azərbaycan beynəlxalq terrorçulara qarşı savaşda sivil dünyanın yanındadır. Digər tərəfdən, İŞİD sıralarında Suriya və İraqdakı savaşlarda nə qədər azərbaycanlının sağ qalıb-qalmadığı bəlli deyil. Bu amilləri nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var. Hər hansı azərbaycanlının Suriya və İraqdan xüsusi tapşırıqla Azərbaycana gəlməsi problemdir, sərhəddə nəzarət gücləndirilib, adlar da bəllidir. Ancaq onlara ölkə daxilində rəğbət bəsləyənlər də var. Onların da xüsusi nəzarət altına altında saxlanması vacibdir. Sadəcə, geyim formasına görə diqqət çəkən sələfilərin ucdantutma şübhə altına alınması da doğru deyil. Multikulturalizm dəyərlərinə sözdə və əməldə sadiq qalmalıyıq. "Əcinnə ovu”na əsla əsas verməməliyik, bunun əksi İŞİD-in maraqlarına cavab verər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA