“Bu günə qədər dövlətin qan damarını soran məmurlar hesab verməlidirlər” - İttiham

img

20-05-2017 [11:51]


Beynəlxalq Bankla bağlı yaranan vəziyyət daha da kritikləşib. Görünən odur ki, bank vasitəsiylə oğurlanan və talan edilən pulları, yaranan borcu ölkə vətəndaşları ödəməli olacaq.

Bu barədə Mia.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, bu məsələyə ötəri yanaşmaq olmaz. Onun qənaətincə, prosesdə iştirakı olan, məsuliyyət daşıyan istənilən şəxs törətdiyi əmələ görə cavab verməlidir: 
«Beynəlxalq Bankda oğurlanan 8 milyarda hökumətin əksər üzvləri şəkirdir. Bu işi bir nəfərin üzərinə yıxmaqla məsələni ört-basdır eləmək mümkün deyil. Cahangir Hacıyev məhkəmədə ciddi anonslar verdi, amma onun arxasınca gedilmədi. 8 milyardı bir adam yeyə bilməz. Bu pulların ayrılması, kimlərə verilməsi prosesində müvafiq dövlət qurumlarının da iştirakı var. Həmin qurumların rəhbərləri, vəzifəli şəxsləri bu saat azadlıqda gəzirlər. Cahangir Hacıyev juliklik edəndə gərək onun qarşısı alınaydı, amma onun əməllərinə göz yumuldu. Çünki maliyyə sisteminin başında oturanlar da bu oğurluğa şərikdirlər. Nazir var ki, bir milyard pul götürüb ölkədən çıxarıb, amma indi ona gözün üstə qaşın var deyən yoxdur. Elə sahibkar var ki, hansısa məmura arxlanır, götürdüyü 800 milyon pulu qaytarmır. Mən, sən müraciət eləsək, heç 5 min kredit vermirlər, amma görün, bunlara yüz milyonlarla kredit verilib, axırda da qaytarmırlar».

Partiya sədri deyib ki, artıq Beynəlxalq Bank tamamilə çöküb və ortada olan borc dövlət tərəfindən qaytarılmalıdır:
 «Yəni, yenə də bütün oğurlanan, talanan pullar kimi bu vəsaiti də xalqın boynuna yıxdılar. Belə çıxır ki, bu məmurlar yesin-dağıtsın, biz də onların əvəzindən zülm çəkək. Görürsünüz ki, nazir övladları Londonda avtoşluq edir. Bu cür məmurlardan hesab sorulmalıdır. O vəsaitlər geri qaytarılmalıdır. Yazıq xalqı nə qədər soymaq olar. Beynəlxalq Bank işində məhkəmədə kifayət qədər ciddi faktlar ortaya çıxıb. İstərdim ki, həmin faktlar əsasında məmurlardan, sahibkarlardan həmin pullar geri alınsın. Bu günə qədər dövlətin qan damarını soran məmurlar hesab verməlidirlər. Həmin məmurların ölkədəki və xaricdəki mülkləri əllərindən alınmalıdır. Təəssüf ki, bu istiqamətdə ciddi addımlar atılmır. İndi Ziya Məmmədovun maşınları, təyyarəsi müsadirə edilib, amma xaricdəki mülkləri barədə bir söz deyən yoxdur. Onun Türkiyədə yüzlərlə evi var, hamısını da kirayə verib. Yəni, ciddi araşdırmalar aparılmalıdır və qəti addımlar atılmalıdır».

H.Hacıyev onu da nəzərə çatdırıb ki, Beynəlxalq Bankdan götürülən bütün vəsaitlərin hesabı sorulmalıdır. Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq, götürülən pullar qəpiyinə kimi qaytarılmalıdır:

 «Məmur balaları gedib eyş-işrət içində yaşasın, xaricdə kef eləsinlər, biz də onların əvəzinə pul ödəyək. Tələb edirəm ki, bu məsələdə məsuliyyəti olan bütün məmurlara cinayət işi açılmalıdır. Dövləti çökdürən bu şəbəkə ifşa edilməlidir. Əgər bilmirlərsə, məndə bütün detallar var. Zəhmət çəkib araşdırma aparsınlar, dövlətin pulunu geri qaytarsınlar».






Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA