"Parlamentlər belə siyasi liderlərə qarşı siyasi sanksiyalar tətbiq etməlidir" - Azay Quiyev

img

15-05-2017 [19:49]


ATƏT-in Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev bu gün Almaniya Bundestaqında "Parlamentarilər anti-semitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçirilən müzakirələrdə məruzə ilə çıxış edib.

QHT-lərə Dövlət Dəstəyi Şurasından Mia.az-a verilən məlumata görə, Azay Quliyev parlamentiləri anti-semit nifrəti ilə bağlı cinayətlərlə mübarizə aparmaq üçün effektiv yolları birlikdə müzakirə etmək məqsədilə bir araya gətirdiyinə görə Demokratik təsisatlar və insan haqları Ofisinə (DTİHO) təşəkkürünü bildirib.

Senaqoq və məktəblərə qarşı hücumlar, yəhudi qəbiristanlıqlarına qarşı hörmətsizlik və yəhudilərə qarşı basqınlar haqqında danışan Azay Quliyev  Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi tərəfindən aparılan tədqiqatların nəticəsinin həyacan doğurucu olduğunu bildirib: 

"Avropada yaşayan yəhudilərin 29%-i təhlükəsizlik məsələlərinə görə mühacirət etməyi qərara alıblar.  76% yəhudi isə hesab edir ki, son beş ildə öz ölkələrində anti-semitizmlə bağlı vəziyyət daha pis səviyyəyə enib. Digər bir statistikaya əsasən, Birləşmiş Krallıqda insidentlərin sayı 36% artaraq, anti-semitizm 2016-cı ildə "görünməmiş” səviyyəyə çatıb”.

ATƏT-in PA-nın vitse-prezidenti Azay Quliyev anti-semitizmlə effektiv mübarizənin təşkili üçün  parlamentarilərin 8 əsas fəaliyyət sahəsinə diqqət cəmləməsinin vacib olduğunu vurğulayıb:

 "Anti-semit nifrətlə bağlı cinayətlərə qarşı milli qanunvericiliyi inkişaf etdirmək və antisemitizmin bütün təzahür formalarını tamamilə qadağan etmək lazımdır. Biz nifrət və qərəzli bəyanatlarla bağlı ifadə azadlığına məhdudiyyət qoymaq məsələsində konsensusa nail olmalıyıq. Bəzi ölkələr Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiyanın hər kəsin müdaxilə olmadan fikrini ifadə etmək və ifadə azadlığını nəzərdə tutan 19-cu maddəsinə istinad edirlər. Amma 20-ci maddədə göstərilir ki, "diskriminasiya, düşmənçilik və ya zorakılığa təhrik edən milli, irqi və ya dini nifrətin təbliğatı qanunla qadağan olunacaq”.

İkinci vacib məsələ parlamentlərimizdə anti-semitik cinayətlərlə mübarizə aparmaq üçün milli koordinatorun təyin edilməsidir. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya əsasən, ölkə parlamentlərimiz Milli Koordinator təyin etməlidirlər. Milli Koordinatorlar müntəzəm olaraq müvafiq ölkələrdə Konvensiya üzrə öhdəliklərin həyata keçirilməsinin vəziyyəti haqqında məruzələr hazırlamalıdır".

Azay Quliyev siyasi sanksiyaların tətbiq edilməsinin də adıçəkilən sahədə mövcud olan problemlərə qarşı mübarizədə əhəmiyyətli olduğunu deyib: 

"Siyasi liderlərin seçki kampaniyalarında çıxış və ya şüarlar vasitəsilə seçicilərin anti-semitik, ksenefobik meyllərindən faydalanması və ya onları qızışdırması belə cinayətlər üçün şərait yaradır. Bu kimi qərəzli çıxışlara cavab olaraq, Parlamentlər həmin siyasi liderlərə və partiyalara qarşı siyasi sanksiyalar tətbiq etməlidir. 

Sanksiyalar iki yolla tətbiq oluna bilər: 

1) seçki kamaniyasından təcrid olunmaq; 

2) irqçilik və anti-semitizmi təşviq edən siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinin ləğv edilməsi. 

Yuxarıda qeyd olunan səbəblərə görə müvafiq hüquqi çərçivənin yaradılması zəruridir”.

Digər bir önəmli məsələ anti-semitik cinayətlərlə bağlı ictimai dinləmə, konfrans və seminarların keçirilməsidir. Parlamentlər QHT-lərlə və media ilə sıx əməkdaşlıq edərək, nifrət motivli çıxış və anti-semitizmlə mübarizə aparmaq üçün ictimai dinləmələr, seminar və konfranslar təşkil etməlidir.

Anti-semitizmin və nifrət dolu çıxışların operativ və effektiv şəkildə araşdırılması və mühakiməsinin təmin edilməsi də cinayət prosesi ərzində nəzərə alınmalıdır.

Həmçinin irqi və ksenefobik məzmunlu hərəkətlərin cinayət hesab edilməsi və qadağasını nəzərdə tutan bütün beynəlxalq konvensiya və əlavə protokolların ratifikasiyasını sürətləndirməli və nəzərə almalıyıq.

ATƏT-in PA-nın vitse-prezidenti çıxışında anti-semitizmlə mübarizə sahəsində əhəmiyyətli fəaliyyətlərdən birinin də ATƏT-ə üzv ölkələr arasında müsbət təcrübələrin mübadiləsini asanlaşdırmaq və belə təcrübələrin təşviq edilməsi üçün dövlətlərin müvafiq nümunə ilə təmin edilməsi olduğunu vurğulayıb.

 Azay Quliyev Azərbaycan nümunəsi haqqında danışıb: 

"Məsələn, Azərbaycan müsəlman, xristian və yəhudilər arasında sülh şəraitində birgə yaşayış üçün digər ölkələrə model ola bilər. Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin kompakt şəkildə yaşadığı ikinci yerdir. Qırmızı Qəsəbə dünyada dağ yəhudilərinin dilinin qorunduğu və müdafiə edildiyi yeganə yaşayış məskənidir. Hazırda Bakıda Azərbaycan hökuməti tərəfindən inşa edilən senaqoqlardan biri Avropanın ən böyük senaqoqu hesab edilir”.

Azay Quliyev sonuncu, 8-ci təklifinin anti-semit nifrətlə bağlı cinayətlərlə mübarizə aparmaq və onların qarşısını almaq məqsədilə həyata keçirilən layihələri maliyyələşdirmək üçün əhəmiyyətli büdcə ayrılması olduğunu bildirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA