Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Bolqarıstanda işgüzar səfərdə olub - FOTO

img

15-05-2017 [18:37]


Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında imzalanmış əməkdaşlıq proqramına müvafiq olaraq iki ölkənin prokurorluq orqanları arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, təcrübə və işçi mübadiləsinin aparılması məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 10-dan 12-dək Bolqarıstan Respublikasında işgüzar səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarov ilə görüşüblər. Nümayəndə heyətini salamlayan baş prokuror ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq mühafizə qurumları arasında uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Bolqarıstanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakının ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə töhfə verdiyini bildirib.

Qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı institusional və qanunverici tədbirlər, o cümlədən "ASAN” xidmət və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra nümayəndə heyəti Bolqarıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Xidmətinin rəhbəri Dimitar Georgiyev ilə görüşmüşlər. Xidmətin fəaliyyəti barədə məlumat verən D.Georgiyev xidmət əməkdaşlarının korrupsiyaya qarşı mübarizə üzrə yaradılmış xüsusi işçi qrupunun işində əməliyyat-axtarış səlahiyyətlərinin həyata keçirilməsi məqsədilə iştirak etdiklərini bildirib.

Azərbaycan nümayəndə heyəti 2011-ci ildən dövlət başçısının korrupsiyaya qarşı mübarizədə siyasi iradəsinin təcəssümü kimi ixtisaslaşmış anti-korrupsiya qurumu olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə əməliyyat-axtarış səlahiyyətlərinin verildiyini, bu qabaqcıl təcrübənin mötəbər beynəlxalq təşkilatlar tərəfindən digər ölkələr üçün nümunə kimi qəbul edildiyini qeyd edib.

Səfər çərçivəsində Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik üzrə Dövlət Xidmətinin əməkdaşlarının cəlb edildiyi "Korrupsiyaya qarşı mübarizə üzrə xüsusi işçi qrup”unda, Bolqarıstanın ağır cinayətlər, terrorçuluğa qarşı mübarizə üzrə ixtisaslaşmış prokurorluğunda, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın qaytarılması üzrə komissiyasında görüşlər keçirilməklə cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.

Səfərin sonunda nümayəndə heyəti Bolqarıstanın Veliko Tırnovo şəhərinə gedərək Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan "Trapezitsa” Memarlıq Muzeyi Qoruğunu ziyarət edib. 

Keçirilən görüşlərdə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA