"Bu siyasi təxribatın arxasında..." - Azərbaycandakı Rus İcmasından Kremlə etiraz

img

04-04-2017 [17:32]


Azərbaycanın Rus İcması Rusiyanın ən iri ictimai təşkilatlarından biri Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması ilə bağlı bəzi dövlət qurumlarının qərarı ilə bağlı etiraz bəyanatı yayıb.

Mia.az həmin bəyanatı təqdim edir:

"İcma hesab edir ki, bu siyasi təxribatın arxasında Rusiya və Azərbaycan, eləcə də bu ölkələrin xalqları arasında münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır.

Ümumrusiya Azərbaycanlıları Konqresi öz fəaliyyətini həmişə Rusiya qanunvericiliyi çərçivəsində həyata keçirib. İctimai-siyasi stabillik, Rusiyanın siyasi quruluşuna loyallıq hər zaman ÜAK-ın fəaliyyətinin dəyişməz prioriteti olub.

Azərbaycanın rus icmasını ÜAK-la möhkəm iş münasibətləri, mədəni və mənəvi əlaqələrin inkişafı üzrə birgə iş bağlayır və bu ictimai birliyin ləğv olunması Azərbaycanda yaşayan rusları narahat etməyə bilməz.

"Azərbaycanın rus icması” ictimai təşkilatı respublikadakı fəaliyyətində Azərbaycanın ali rəhbərliyinin, hökumət və dövlət orqanlarının hərtərəfli diqqəti və dəstəyini hiss edir.

Azərbaycanda rus dili və rus mədəniyyətinin inkişafı və qorunması hərtərəfli dəstək görür, ölkədə rus dilli tədris mövcud olan 350 məktəb fəaliyyət göstərir. Bütün ali təhsil müəssisələrində rus dilli tədris mövcud olan fakültələr var və burada 16 000-dən çox tələbə təhsil alır. Ölkədə rus pravoslav kilsəsinə dövlət dəstəyi göstərilir.

"Azərbaycanın rus icması” ictimai təşkilatının fəaliyyətinə Azərbaycan tərəfindən fəal dəstək göstərilməsi fonunda Rusiyanın ən iri təşkilatı, nüfuzlu və geniş azərbaycanlı diasporu olan Ümumrusiya Azərbaycanlıları Konqresinə Rusiya dövlət strukturlarının bu cür münasibəti təəccüblü görünür.

Azərbaycanın rus icması ÜAK-ın ləğv edilməsini bəzi rusiyalı dövlət məmurlarının ciddi siyasi və strateji səhvi hesab edir və ümid edir ki, Rusiya hökuməti bu təşkilatın qorunması üçün lazım olan bütün tədbirləri görəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA