Qeyri-neft sektorundakı vəziyyət, Kərkükdəki durum, soyqırım... - BQP-də toplantı

img

31-03-2017 [21:54]


Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun toplantısı keçirib.

BQP-dən Mia.az-a daxil olan məlumata görə, partiya başqanı, millət vəkili Fazil Mustafanın sədrliyi ilə bu gün keçirilən və 31 mart erməni soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, qətliama məruz qalan günahsız insanların ruhlarına duaların oxunması ilə başlanan iclasda bir sıra məsələlər müzakirə edilib. 

Yığıncaqda 99 il öncə erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətlər bir daha ürək ağrısı ilə xatırlanıb. Vurğulanıb ki, azərbaycanlılara qarşı soyqırım siyasəti yüz illərdir ki,  düşünülmüş şəkildə həyata keçirilməkdədir.

İclasda partiya başqanının "ictimai-siyasi vəziyyət və təşkilatın strukturları qarşısında duran vəzifələr” mövzusunda geniş məruzəsi dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırilıb.

Siyasi Qurulda ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinə diqqətin artırılması, xüsusilə aqrar sahəyə daha çox fikir verilməsi təqdir edilib. Kənd təsərrüfatının zəngin ənənələrə malik olan ayrı-ayrı sahələrinin dirçəldilməsi ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması, əhalinin məşğulluq probleminin azaldılması baxımından əhəmiyyətliliyi qeyd edilib. 

Siyasi Qurul yaxın on il ərzində İraqda kürd gücləri tərəfindən qədim türkmən şəhəri olan Kərkükün demoqrafik vəziyyəti öz xeyirlərinə dəyişmələri və bir neçə gün bundan əvvəl həmin şəhərin yerli Məclis binası qarşısına kürd bayrağını asmalarına kəskin etiraz edilib. Şəhər əhalisinin əsas hissəsinin türkmənlərdən ibarət olması, bununla yanaşı, şəhərdə kürd və ərəblərin də yaşaması nəzərə alınmaqla Kərkükə xüsusi statusun verilməsi ilə bağlı təklifin, regionda oynanılmaq istənən oyunların pozulması,  İraqın ərazi bütövlüyünün saxlanması və etnik ədalətliliyin qorunması baxımından məqbul variant olduğu vurğulanıb.

İclasın sonunda cari məsələlər müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA