"Tək yolumuz ordumuzu daha gücləndirərək öz torpaqlarımızı azad etməkdir" - Tələb

img

16-03-2017 [23:18]


"Bizim tək yolumuz ordumuzu daha gücləndirərək öz torpaqlarımızı azad etməkdir”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qarabağ çağırışına münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün "İslam həmrəyliyi - zamanın çağırışı” adlı beynəlxalq konfransda müsəlman ölkələrinə Qarabağ çağırışı edib. Xələf Xələfov işğal olunmuş ərazilərimizdə ermənilər tərəfindən qeyri-qanuni iqtisadi fəaliyyət və məskunlaşma siyasəti yürüldüyünü qeyd edərək, bu halların qarşısının alınması üçün İslam Əməkdaşlıq Təşkilatından dəstək istəyib. Erməni özbaşınalığının qarşısının alınmasında İƏT-in fəaliyyətinə və dəstəyinə güvənməyə ehtiyac varmı?

Mövzu ilə bağlı pia.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikirlərini öyrənib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığın bir nəticə vermədiyini bildirən Hafiz Hacıyeva görə, Azərbaycanın tək çıxış yolu müharibə yoludur:

"Biz Dağlıq Qarabağ problemini həll etmək üçün bütün vasitələrə əl atmalıyıq. Son 23 ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığımız siyasət hələlik bir nəticə verməyib. Yəni, ermənilər hər zaman cığallıq ediblər. Münaqişənin həll edilməsi mərhələsinə çatanda ermənilər hər şeyin üstündən xətt çəkiblər və nünaqişənin həllini uzadıblar. Bu, onlara xeyir edir. Çünki onlar öz aləmlərində Dağlıq Qarabağı beynəlxalq aləm tərəfindən tanıtmağa çalışırlar.

Öncəliklə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz BMT-nin 4 qətnaməsinə əsasən öz torpaqlarımızı azad etmək üçün erməni faşistlərinə hücum edə bilərik və buna görə beynəlxalq təşkilatlar tərəfindən hansısa qınağa tuş gələ bilmərik. Fikrimcə, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən münaqişənin həlli müşkül məsələdir. Müsəlman dövlətlərində birlik olsaydı, bu gün çox böyük nailiyyətlərə malik olmaq mümkün olardı. Burada ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir. Ancaq onların da heç bir fəaliyyəti yoxdur. Onlar erməni mövqeyi tutublar və baş qatmaqla məşğuldurlar. Hesab edirəm ki, biz məsələnin həlli üçün bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edə bilərik, amma müsbət nəticənin əldə edilməsi çətin görünür. Bizim tək yolumuz ordumuzu daha gücləndirərək öz torpaqlarımızı azad etməkdir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA