"Milli Məclisdə yığılan qocaların əksəriyyətinin..." - Partiya sədrindən ittiham

img

03-03-2017 [12:58]


"Bu cür etniklər türkləri bizdən uzaqlaşdırmağa çalışırlar”. 

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputat Arif Rəhimzadənin azərbaycanlıların türk olmaması fikrinə münasibət bildirərkən pia.az-a açıqlamasında qeyd edib.

Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə km.ru rus xəbər portalına müsahibə verib. Arif Rəhimzadə müsahibəsində bildirib ki, azərbaycanlılara "türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır. Deputatın "azərbaycanlılar türk deyil” fikri isə Azərbaycanda etirazlara səbəb olub. Bu məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev öz fikirlərini pia.az-ın əməkdaşı ilə bölüşüb.

Deputat Arif Rəhimzadənin fikirlərinin utanverici və üzücü hal olduğunu bildirən Hafiz Hacıyevə görə, milləti bu cür ikrah hissi oyadan məsələlərlə alçaltmağa heç kəsin haqqı yoxdur və bu hallar davam edərsə, Azərbaycan xalqı ayağa qalxa bilər:

"Çox təəssüf ki, deputat Arif Rəhimzadə müsahibədə Azərbaycan xalqının türk xalqı olmadığını qeyd edib. Bu, bizim üçün utancverici bir məsələdir. Biz tarixən türkük. Azərbaycanlı sözünü bizə kimlərsə sırıyıblar. Görünür, Arif Rəhimzadənin yetişdiyi mühit tamamilə başqa mühitdir və bu, onun türk olmadığını ortaya qoydu. Gərək Arif müəllim bu fikirləri işlədəndə çox ciddi düşünsün və bilsin ki, onlarda türklərə qarşı bu qədər həqarət hardandır? Təbii ki, türkləri qəbul etməyən şəxslər var. Məsələn, Araz Əlizadə, onun qardaşı Zərdüşt Əlizadə fars mənşəlidirlər. Onlar heç vaxt türkləri qəbul etməyiblər, bu gün də qəbul etmirlər. Görünür, o vaxtlar türklər farsların kürkünə birə salıb. Gərək Arif Rəhimzadə də öz kimliyini, milliyyətini ortaya qoysun. Dəfələrlə demişəm, Milli Məclisdə yığılan qocaların əksəriyyətinin milli mənsubiyyəti bəlli deyil. Onların qarışıqları çoxdur.

Bu məsələlər bizi çox sıxır və üzücü haldır. Azərbaycan xalqı ilə Türkiyə xalqı bir millət, iki dövlətdir. Bunu rəhmətlik Heydər Əliyev dəfələrlə qeyd edib. Bu gün Türkiyə Azərbaycanla çox sıx əməkdaşlıq edir və bizim hər çətin günümüzdə yanımızda olub. Görünür, bu cür etniklər türkləri bizdən uzaqlaşdırmağa çalışırlar. Həqiqətən bu məni bir partiya sədri olaraq çox üzdü. Qarşıdan seçkilər ili gəlir. Heç olmasa, bu seçkilər ilində bir az ehtiyatlı davransınlar. Bahalaşma zamanı biri deyir, "ayağını yorğanına görə uzat”, o biri qaçqınlara deyir ki, aldıqları pulla bazara getməsinlər. Yəni, bu məsələlər milləti qıcıqlandırır və millət arasında çox böyük bir ikrah hissi yaradır. Bu saat millət qisas almaq uğrunda yaşayır. Onlar düşünməsinlər ki, bu millət alçaldıcı sözlərini hər zaman həzm edəcəklər.

Istərdim ki, çox ciddi addımlar atılsın. Əks halda Azərbaycan ictimaiyyətini elə bir hala gətirəcəklər ki, millət bu cür əsili bilinməyən, hakimiyyətdə ermənilərlə qohumluğu olan, bu günə qədər əlaltından Dağlıq Qarabağın işğaldan azad edilməsinə maneçilik törədənləri daş-qalaq edəcəklər. Partiya sədri olaraq deyə bilərəm ki, biz milləti sakitləşdirmək üçün çox ciddi işlər görürük. Və biz bunu prezidentimizin xətrinə edirik. Buna görə hakimiyyətin daxilində olan bəzi məmurlar bizə təzyiqlər edirlər. Onlar düşünməsinlər ki, bizi aclıq və susuzluqla dövlətə qarşı yönəldə biləcəklər. Bu qətiyyən mümkün deyil. Ona görə də yaxşı olardı ki, Arif Rəhimzadə, Artur Rəsi-zadə, Rusiyadan ordenli medal alan baş nazirin müavinləri və digərləri hansı milliyyətə aid olduqlarını açıqlasınlar. Hesab edirəm ki, Azərbaycan xalqı kinli xalqdır. Bu xalq lazımi anda öz sözünü deyəcək. Biz hələlik bizə olan basqıların üzərindən təmkinlə keçirik”.

Qeyd: Etirazlara cavab olaraq yerli saytlardan birinə açıqlama verən deputat azərbaycanlıların türk olmadığı fikrini irəli sürmədiyini bildirib. O, müsahibəsində qeyd edib ki, azərbaycanlılar etnik cəhətdən türk, amma millət kimi isə azərbaycanlıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA