ADP ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini pisləyib

img

25-01-2010 [05:16]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Eyni zamanda partiyanın yaradılmasının ildönümü ilə əlaqədar bəyanat qəbul edilib. Azərbaycan xarici siyasətinin əsas prioriteti sayılan Dağlıq Qarabağ məsələsinə bir daha münasibət bildirən İdarə heyəti üzvləri problemin həlli istiqamətində beynəlxalq səylərin güclənməsinə baxmayaraq hələ də bu sahədə ciddi nailiyyət əldə edilməməsi və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllini tapmamasından narahat olduğunu bildirib. İstər münaqişənin həllinə cəlb olunmuş böyük siyasi güclərin, istərsə də problemin sülh yolu ilə tənzimlənməsi missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrlərinin problemin həllindən çox, hazırkı status-kvonun saxlanmasında maraqlı olmasına diqqət çəkən toplantı iştirakçıları bu qurumları prinsipal mövqe nümayiş etdirməyə və işğalçı dövləti işğalın nəticələrindən bəhrələnməsinə şərait yaratmamağa çağırıb. İdarə Heyəti üzvləri ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərini dəyərləndirərək bu cür səfərlərin təkcə protokol xatirinə deyil, qurumun münaqişənin həlli ilə bağlı öz üzərinə götürdüyü missiyanı yerinə yetirməklə tamamlanmasının vacib olduğunu diqqətə çatdırıb. Ermənistan Konstitusya Məhkəməsinin Türkiyə-Ermənistan arasında bağlanmış Sürix protokolunun yalnız genosid faktının və Ermənistanın Türkiyəyə olan ərazi iddialarının qüvvədə qalması şərti ilə mümkün ola biləcəyi haqda çıxardığı qərara münasibət bildirən İdarə Heyəti üzvləri bu qərarın ermənilərin Türkiyəyə və eləcədə Azərbaycana sərsəm ərazi iddialarından irəli gəldiyini qeyd edib.İdarə Heyəti üzvləri həmçinin ABŞ departamentinin guya bu qərarın Türkiyə və Ermənistan arasında bağlanmış protokol imzalaşmasına uyğun olması barədə bəynatını ermənipərəst mövqe kimi dəyərləndirib və bu cür bəyamnatların ABŞ-ın Türkiyə ilə strateji əməkdaşlığına uyğun olmadığını qeyd edib. Ölkədə bir neçə gün davam edən Rusiya-Azərbaycan ictimai forumuna diqqət çəkən İdarə Heyəti üzvləri bu cür əlaqələrin uzun müddət vahid dövlət çərçivəsində eyni tale yaşayan xalqların arasında qarşılıqlı əlaqə və dostluq tellərinin qurulması baxımından vacib olduğunu bildirməklə, belə əlaqələrin Azərbaycanın iqtisadi-siyasi həyatında mühüm rol oynaya biləcək dövlətlərlə, xüsusilə də Avropanın demokratik dövlətləri ilə də qurulmasının tərəfdarı olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA