"Azərbaycanda hökumət öz tənqidçilərini susdurmaq siyasəti yürüdür"

img

21-01-2010 [03:31]


Human Rights Watch təşkilatı illik hesabatını açıqlayıb. Hesabata görə, 2009-cu ildə bütün dünyada insan haqları fəallarının üzərinə təqiblər və hücumlar artıb. Xüsusən, hesabatda qeyd edilib ki, Rusiya və Azərbaycanda hökumət öz tənqidçilərini susdurmaq siyasəti yürüdür. Hesabatda Azərbaycana dair fəsil yer alıb. Burada ölkədə keçən ilin martında keçirilmiş və prezidentə məhdudiyyətsiz olaraq seçilmək imkanı verən referendumdan bəhs edilir. ?Ötən müddətdə hakimiyyət böhtan haqqında cinayət maddəsindən jurnalistləri və başqa media nümayəndələrini susdurmaq üçün mütəmadi istifadə edib?, deyə sənəddə qeyd edilib. 2008-ci ilin noyabrından bu yana azı doqquz müxalifyönlü və ya müstəqil jurnalist və redaktora qarşı bu cinayət maddəsindən istifadə edilib. Bundan əlavə, həbsdə olan bloggerlər Emin Milli və Adnan Hacızadənin, həmçinin Eynulla Fətullayevin, Qənimət Zahidovun, Müşfiq Hüseynovun (o, ötən ilin sonlarında əfv edilib) adları çəkilir. Həmçinin, Azərbaycanda xarici radiostansiyaların yerli FM dalğalarında yayımının qadağan edildiyi xatırladılır. 2009-cu ildə Konstitusiyaya edilmiş düzəlişlər arasında şəxsin icazəsi olmadan onun çəkilişini, səsinin yazılışını, habelə fotoşəkillərinin çəkilməsinin qadağan edilməsi qeyd edilib. Hesabatda deyilir ki, hökumət 2009-cu ildə QHT-lərə dair mürtəce qanun layihəsini ortaya çıxarsa da, sonra onu geri götürüb. Təşkilat hesabatında həbsdə işgəncə hallarının Azərbaycanda geniş yayıldığını qeyd edib. İşgəncələrə qarşı Azərbaycan Komitəsinə təkcə ötən il ərzində bu xüsusda 90 şikayət ərizəsi daxil olub. 2009-cu ildə ən azı üç məhbus həbsdə dünyasını dəyişib. Sənəddə qeyd olunur ki, Avropa İnsan Haqları Məhkəməsi qərara gəlib ki, Azərbaycan hökuməti 2003-cü ilin prezident seçkisindən sonra baş vermiş müxalifət etirazları əsnasında Avropa Konvensiyasının 3-cü maddəsini kobudcasına pozub. Bu maddə insana qarşı qeyri-insani və alçaldıcı hərəkətləri qadağan edir. Hesabatda deyilir ki, Azərbaycanın uzun illərdir ki, siyasi məhbusları həbsdə saxlaması, nəhayət Avropa Şurasını 2009-cu ilin martında bu ölkə üzrə xüsusi məruzəçi təyin etməyə məcbur edib. Bununla yanaşı, hesabatda vurğulanır ki, Azərbaycanın vətəndaş cəmiyyəti və beynəlxalq insan haqları qruplarının uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın BMT İnsan Hüquqları Şurasına təkrar seçilməsinə imkan verilməyib. TURAN

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA