17-01-2010 [05:04]
[b]Mirmahmud Mirəlioğlu: "Bizdə problemlər də, idarəetmə də, iqtidar-müxalifət münasibətləri də, dünyada analoqu olmayan münasibətlərdir, ona görə də çox vacibdir ki, birlik baş tutsun" [/b]
Artıq ictimai-siyasi proseslərdə qarşıdan gələn parlament seçkilərinə hazırlıq ana xətt götürməyə başlayıb. Hər hansı bir siyasi qüvvə sözügedən seçki ilə bağlı rəsmən qərar verməsə də, seçki hazırlıqlarına start verilib. Uğursuz bir seçki revanşını arxada qoyan müxalifət də parlament seçkilərini önəmli bir siyasi proses kimi dəyərləndirərək, müzakirələrə başlayıb. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə söhbətə də bundan başladıq.
- Bəli, 2010 seçki ilidir. Belə demək mümkündürsə, hər kəs start vəziyyətindədir. Bu istiqamətdə görülə biləsi işlərin təşəbbüsləri ortadadır. Artıq müəyyən addımlar da atılır. Kim qərar verib, kim verməyib, bundan asılı olmayaraq, bütün siyasi qüvvələr seçkiyə hazırlaşır. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə istinad edərək, rəsmi qərarını verəndən sonra hər kəsin rəsmi qərarları olacaq. Müxalifətin də seçkiyə hazırlığı başlamaqdadır.
[b]- Necə düşünürsünüz, müxalifət budəfəki seçkidə hansı formada iştirak etməlidir, yaxud müəyyənləşdirilmiş bir format varmı? [/b]
- Bu istiqamətdə bizim təşəbbüslərimiz ortadadır, ayrı-ayrı təkliflər də var. Düzdür, konkret olaraq, həmin məsələnin müzakirəsi olmayıb. Müzakirələrin nəticələrindən sonra nəsə demək olar. DUİ olaraq, biz müzakirələrə hazırıq və müzakirəyə də öz təkliflərimizlə gedirik.
[b]- Hazırda Demokratiya Uğrunda İttifaqın (DUİ), Müsavatın və "Azadlıq" blokunun əməkdaşlıq etməsi ilə bağlı təkliflər səslənib. İlkin rəy nədən ibarətdir?[/b]
- Hələki danışıqlar başlamayıb. Bizim tərəfdən qararlar var, həmin qərarlarla bağlı razılaşmalar var və bu istiqamətdə görüşlər nəzərdə tutulub. DUİ olaraq, biz öz tərəfimizdən bütün işləri görmüşük. Həm Müsavata, həm də "Azadlıq" blokuna müraciət etmişik. Yəqin ki, yaxın müddətdə bu məsələ müsbət həllini tapacaq.
[b]- Tərəflərin ilkin mövqeyini nəzərə alaraq, birlik istiqamətindəki müzakirələrdən nə gözləyirsiniz? [/b]
- Bu suala heç olmasa, iki görüşdən sonra cavab verə bilərəm. Hələ bu məsələ ilə bağlı görüşlər baş tutmayıb. Gözləntim budur ki, bu məsələ reallaşsın, birliyin alınması istiqamətində konkret işlər görülsün. Müxalifətin bir arada olması hər zaman əhəmiyyətlidir. Xüsusiylə də bizim kimi ölkələrdə, düzdür, biz analoqu olmayan ölkəyik, bizdə problemlər də, idarəetmə də, iqtidar-müxalifət münasibətləri də, dünyada analoqu olmayan münasibətlərdir, ona görə də çox vacibdir ki, birlik baş tutsun. Bütövlükdə toplum olaraq, bizim daha çox ehtiyacımız var bu birliyə.
[b]- Mirmahmud bəy, Sizin təklif etdiyiniz format əvvəlki birliklərdən nə ilə fərqlənəcək? [/b]
- Bu formatın fərqli cəhəti o olacaq ki, biz orda iştirak edəcəyik. İkinci, burada kimsənin hara, necə bağlılıq məsələsi olmayacaq, iş başa çatanda, ayrılıq baş verəndə kimsəni qınamaq imkanları məhdud olacaq. Hamı eyni mövqedədir, hamının iqtidarın siyasətinə münasibəti eynidir. Onu da qeyd edim ki, hazırda söhbətləşdiyimiz məsələlər nəzəridir və nəzərdə tutulan görüşlərin heç biri olmayıb. Yəqin ki, gələn həftəyə görüşlərimizini nəticələri ilə bağlı həm mülahizələrimiz, həm münasibətlərimiz olacaq.
[b]- Bəs "filan partiya olsa, biz olmayacağıq", yaxud "filankəsin olması birliyin perspektivinə ziddir",- deyə biləcəyiniz şərtləriniz varmı?[/b]
- Bizim nəzərdə tutduqlarımızda inanmıram ki, belə bir şərt olsun. Ola bilər, kimsə təklif eləsin ki, filan partiya da birliyə qoşulsun. Bəli, bu kimi təklifləri gözləyirik. Amma şərt qoymaq ki, filankəs olmasın, məncə, bu, doğru deyil. Mövqeyi bizimlə enyi olan, məsələlərə eyni cür yanaşan və demokratik seçki keçirilməsini istəyən qüvvələrlə əməkdaşlıq etmək mümkündür və buna maneçilik törətmək, şərt qoşmaq lazım deyil.
[b]- Parlamentdə təmsil olunan müxalifət partiyaları necə, məsələn, Ümid, BQP, Ədalət və digərləri bu birliyə qoşula bilərlərmi?[/b]
- Öncə onu deyim ki, adını çəkdiyiniz və çəkmədiyiniz partiyaların mövqeləri ortadadır. Yəqin ki, onların da bu və ya digər birlikləri ola bilər. Bu birliyə qoşulmağa gəlincə, inanmıram ki, onlar bizim təklifimizə qoşulsunlar. Ola bilsin ki, hansısa məsələlərdə qarşılıqlı münasibətlər bildirək. Amma görünən odur ki, onların mövqeyi ilə bizim mövqe arasında fərqliliklər var və bu fərqliliklər bizim bir arada olmağımızı əngəlləyir.
[b]- Bəs, müxalifətin ümumi birliyinin alınmasına mane olan qüvvələr necə, varmı? [/b]
- Çox təəssüf ki, belə qüvvələr var. Hətta daha kiçik formatda birliklərin yaradılmasını təklif edənlər var və bu mövqelər mətbuatda da səslənib. Ancaq bunlara baxmayaraq, istərdim ki, bizim təklif etdiyimiz qüvvələr maneələri dəf edərək, bu birliyin alınmasına çalışsınlar. DUİ olaraq, biz ələmizdən gələni edəcəyik.
[b]- Müxalifətin vahid komandada birləşməsi hakimiyyəti narahat etməyəcəkmi? [/b]
- Mənə elə gəlir ki, hakimiyyətin belə bir narahatlığı olmaz. Yəni hələlik bütün bunlar söhbətdir. Amma ortaya konkret iş qoyulanda, müxalifətin birliyi yarananda hakimiyyətin yuxusu qaçacaq. Bu işdə də sabit mövqeyi olan və fəaliyyətində də, milli və dövlətçilik məsələlərini əsas götürən qüvvələrin bir arada olması vacibdir. Belə olan təqdirdə təbii ki, hakimiyətin narahatlığı olacaq və bu qaçılmazdır.
[b]- Ancaq hakimiyyət müxalifəti öz içindəki ilə "vurur". Elə Qarabağ və Respublika Uğrunda Hərəkatda Ümid Partiyası ilə Müsavat son anda düşmən oldular və bir-birlərini hakimiyyətə işləməkdə suçladılar. Analoji hal parlament seçkiləri ərəfəsində yanşana bilərmi? [/b]
- Hər şey ola bilər. Olumdan və ölümdən heç kəs sığortalanmadığı kimi, bu məsələlərin də olması mümkündür. Açğını desəm, mən belə halların olmasını arzulamıram və inanmıram da ki, belə bir addım atan olsun. Bizim təklif etdiyimiz qüvvələrdən hansınınsa hakimiyyətin diqtəsi ilə addım atacağını gözləmirəm. Qarabağ və Respublika Uğrunda Hərəkatda məsələlər bir qədər başqa idi. Hərəkat referendumla bağlı nəzərdə tutulmuşdu. Referendum başa çatandan sonra bu əməkdaşlığı bitirmək lazım idi, bitirməyəndə sonradan başqa məsələlər ortaya çıxır və bu cür tale yaşanır. Baş tutarsa, bizim nəzərdə tutduğumuz birlik fərqlidir. İstəyimiz odur ki, milli və demokratik qüvvələr parlament seçkilərində bir arada olsunlar. Parlament seçkilərindən sonra əməkdaşlığın digər formaları barədə də düşünmək olar.
[b]- Mətbuatda birliklə bağlı səslənən fikirlər arasında fərqli mövqelər də var. Belə ki, Müsavat fnksionerlərinin açıqlamalarında yalnız AXCP ilə əməkdaşlıq meylləri sezilir. Bu barədə nə deyə bilərsiniz?[/b]
- Bu, onların haqqıdır. Başqa bir məsələ də var. Azərbaycan mediası Azərbaycan siyasətindən o qədər güclüdür ki, prosesləri media yönəldir. Bu işlərin içərisində olan adam kimi deyə bilərəm ki, danışıqlarda, əməkdaşlıqda, istənilən bir qurumun yaradılmasında olan müzakirələr mətbuatda gedən açıqlamalardan və şəxsi müstəviyə gətirilən münasibətlərdən tamamiylə fərqlidir. Məsələlərin daha obyektiv, daha tutarlı dəlillərlə izahı var. Amma media o qədər güclüdür ki, adi bir sualla da qarşısına qoyduğu məqsədə uyğun olaraq, siyasiləri yönəldə bilir, münasibətləri qarşıdurmaya qədər gətirib çıxarır. Yəni filankəs bunu istəmir, filankəs filankəslə zidd mövqedədir və s. Bunu edə bilirlər. Amma reallıqda belə deyil. Hər halda çalışmalıyıq ki, bu ziddiyyətləri, fikir ayrılıqlarını kənara qoyub demokratik seçki mühitinin formalaşması istiqamətində səylərimizi gücləndirək.
[b]- 2009-cu ildə Qarabağla bağlı bir neçə dəfə forum keçirdiniz. 2010-da necə, belə tədbirləri davam etdirəcəksinizmi? [/b]
- Şübhəsiz. Bu məsələ hər zaman öndədir. DUİ-nin yaranmasında əsas prinsip Qarabağ məsələsi qoyulub. Bu gün Demokratiya Uğrunda İttifaq Qarabağ Forumunda səsləndirdiyi fikirlərlə siyasətini davam etdirir. Daim bu məsələləri gündəmdə saxlayır.
[b]- Yenə də yalnız yığışıb müzakirə etməklə kifayətlənəcəksiniz, yoxsa... [/b]
- Bunu zaman göstərəcək ki, bu məsələlərlə bağlı bizim mövqeyimiz necə olacaq. Əvvəlki illərdə olduğu kimi, yenə də siyasi qüvvələrlə, ictimaiyyət nümayəndələri ilə, hər kəslə müzakirələri davam etdirəcəyik. Hesab edirəm ki, bunun da təsirli nəticələri olacaq.
[b]- Bu yaxınlarda Azərbaycan-Rusiya-Ermənistan prezidentlərinin üçtərəfli görüşü gözlənilir. Bu görüşdən nə gözləyirsiniz?[/b]
- Son proseslər onu göstərir ki, bu görüşlərdən nəsə gözləmək özünü aldatmaqdan başqa bir şey deyil. Bu, növbəti görüşlərdən biri olacaq və hər hansı bir nəticə olmayacaq. Çox istəyirik ki, Qarabağ məsələsi həll olunsun. Amma Qarabağ məsələsi iki, üç prezidentin görüşü ilə həll olunan məsələ çərçivəsindən çıxıb. Sadəcə, burada Azərbaycanın qəti mövqeyi lazımdır. El arasında belə bir söz var, sözün çürüyü çıxıb. Nə qədər danışıqlar aparmaq olar? Azərbaycan mövqeyini ortaya qoymalıdır. Bu olmadıqca, ATƏT də, Minsk Qrupu da, tərəf olaraq, Rusiya da məsələnin həlli üçün heç nə etməyəcək. Qarabağ problemi Azərbaycan cəmiyyəti qarşısında xoşagələn ultimatumlarla, Səfər Əbiyevin taktiki açıqlaması ilə, yalandan kimisə qorxutmaqla həll olunmur. Məsələlər daha ciddi, ağıllı mövqe ortaya qoymaqla həll oluna bilər. Hiss olunur ki, Azərbaycan diplomatiyasında çatışmazlıqlar var. Bunlar aradan qalxmayınca, müsbət irəliləyişlər arzu olaraq qalacaq.