18-01-2010 [04:50]
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasi Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiyanın qarşıdan gələn parlament seçkilərinə hazırlıq vəziyyəti əsas müzakirə obyekti olub.
?Freedom House? beynəlxalq insan haqları və demokratiyaya dəstək beynəlxalq təşkilatının yaydığı növbəti illik hesabatında Azərbaycanın adının qeyri-azad ölkələr sırasına daxil edilməsinə münasibət bildirən İdarə Heyəti üzvləri bu hesabatın olkəmizdəki insan haqları ilə bağlı vəziyyəti obyektiv əks etdirdiyini qeyd edib və Azərbaycan hakimiyyətini götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq insan hüquq və azadlıqlarının qorunmasına əməl etməyə çağırıb. Eyni zamanda hesabatda Azərbaycanın yurisdiksiyasına daxil olan Dağlıq Qarabağın ayrıca olaraq ?qismən azad? bölgə kimi göstərilməsinə diqqət çəkən toplantı iştirakçıları bu cür yanaşmanın beynəlxalq hüququn suverenlik və ərazi toxunulmazlığı kimi təməl prinsiplərinə zidd olduğunu bildirib və təşkilatı öz hesabatlarında işğalçı dövlətə bəraət qazandıran düşünülməmiş addımlar atmaqdan uzaq olmağa dəvət edib.
Ölkəmizdə akkreditə olunmuş Norveç krallığı və ABŞ səfirliyi nümayəndələrinin Bənəniyar hadisələri ilə əlaqədar Naxçıvan bölgəsinə səfəri zamanı onların yerli hakimiyyət orqanlarının təşkil etdiyi ?ictimai etirazla? qarşılanması faktın pislənilib və İdarə Heyəti üzvləri diplomatik normalara uyğun olaraq, təmsil edildiyi ölkələrdə istənilən səfirliyin hərəkət sərbəstliyinə, ölkədə baş verənlər barədə dəqiq məlumat almaq azdlığına malik olduğunu qeyd edib və hakimiyyəti strateji partnyoru olan ölkələr və bütövlükdə demokratik dünya ilə üz-üzə durmaq siyasətindən əl çəkməyə çağırıb. Türkiyə baş naziri T.Ərdoğanın Rusiya səfərinin nəticələrinə qiymət verən toplantı iştirakçıları bu görüşdə regional və enerji problemləri ilə yanaşı baş nazirin Dağlıq Qarabağ problemini gündəmə gətirməsi və problem həllini tapmadan ermənilərlə sərhədlərin açılmasının mümkün olmaması barədə iradə nümayiş etdirməsini təqdir edib və hakimiyyəti bölgədə faktiki gücə çevrilən Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrliyinə daxil edilməsi istiqamətində siyasi səylər göstərməyə çağırıb.
Ukraynada keçirilən və artıq ilk turu geridə qalan prezident seçkilərinə münasibət bildirən İdarə Heyəti üzvləri seçkinin bu mərhələsində antidemokratik və Rusiyaya meyilli qüvvələrin təmsilçisi kimi tanınan seçki rəqiblərinin üstünlük əldə etməsi faktından narahat olduğunu bildirib və bu demokratik geriləməni qərbin narıncı inqilablardan sonra bu ölkədə demokratiyanın inkişafına və qonşu dövlətlərə yayılmasına təkan verən praktik addımlar atmaması ilı bağlı olduğunu diqqətə çatdırıb. Baş verən uğursuzluğun həm də demokratik müxalifətin seçkilərdə vahid mövqedən çıxış etməməsi faktından irəli gəldiyini qeyd edən İdarə Heyəti üzvləri ölkəmizin demokratik qüvvələrini bu acı məğlubiyyətdən nəticə çıxarmağa və qarşıdan gələn parlament seçkilərində demokratik birlik nümayiş etdirməyə çağırıb.
İdarə Heyəti Rus provoslav kilsəsinin DQ ərazisində, orada provoslav icma olnmadığı halda kilsə açmasını siyasi motivli addım kimi separatizmə dəstək olaraq qiymətləndirib və qətiyyətlə pisləyib.
İH belə hesab edir ki, Putinin Türkiyə-Ermənistan sərhələrini açılmasında DQ probleminin nəzərə alınmaması ilə bağlı mövqeyi ilə səsləşən bu hərəkət Rusiyanın ermənipərəst mövqedə durduğunu bir daha təsdiq edir. Bunu nəzərə alaraq ADP Rusiyanın Minsk qrupunun vasitəçilik missiyası ilə bir araya sığmayan addımlar atdığına görə bu dövlətin həmsədirlik statusuna yenidən baxılmasını vacib sayıb.
İdarə Heyəti qarşıdan gələn 20 Yanvar hadisəsinin 20 illiyi ilə əlaqədar bəyanat qəbul edib və partiyanin müvafiq strukturlarına həmin gündə Şəhidlər Xiyabanını ziyarət edilməsi ilə bağlı konkret tapşırıqlar verilib. (Bəyanat əlavə edilir)
AZƏRBAYCAN DEMOKRAT PARTİYASININ BƏYANATI
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 20 il keçir.
Rus şovinizminin aləti kimi çıxış edən keçmiş sovet dövlətinin hərb maşını həmin gün Azərbaycan xalqına onun müstəqillik istəklərinə qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Rusiya imperiyasının böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayət edildi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Bu hadisə xristian təssübkeşliyinin və ermənilərin rusların əlində qonşu xalqlara qarşı regionda istifadə edilən bir alət olduğunu bird aha sübut etmişdir.
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan və bu gündə onun hüquqi varisi sayılan Rusiya rərəfindən davam etdirilən Dağlıq Qarabağ müharibəsi bu siyasətin təzahürlərindən biri kimi bu gün də bölgədə sülhə və əməkdaşlığa ciddi əngəl rolu oynamaqdadır.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 20 yanvar hadisələri həm də dinc-demokratik mübarizənin şanlı səhifələrindən biri kimi dünyanın yaxın tarixi hadisəsi kimi beynəlxalq əhəmiyyətə malikdir.
ADP Azərbaycan xalqını qanlı 20 Yanvar hadisələrini unutmamağa, dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda şəhid olan həmvətənlərimizin ruhuna ehtiram göstərməyə və Azərbaycanın müstəqilliyini qorumaqla onların xatirələrini daim əziz tutmağa çağırır.