Bu vaxta qədər 107 seçki dairəsi üzrə 5469 nəfər öz namizədliyini irəli sürüb

img

20-10-2009 [05:22]


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizəd irəli sürən partiyaların səlahiyyətli nümayəndələrinin təsdiq olunması məsələsinə baxılıb. Verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının 129 nəfər səlahiyyətli, 1 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, Vətəndaş Həmrəyliyi Partiyasının 1 nəfər səlahiyyətli, 1 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli, Ümid Partiyasının 17 nəfər səlahiyyətli, 1 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təsdiq olunub. İclasda 29 saylı Səbail, 107 saylı Qazax, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 18 saylı Nizami seçki dairələrinin dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib. MSK sədri Məzahir Pənahov bildirib ki, bu vaxta qədər 107 seçki dairəsi üzrə 5469 nəfər öz namizədliyini irəli sürüb və onların 4572-nə imza vərəqələri verilib. Namizədlərin 1000-ə yaxını qadındır. M. Pənahov 9 partiyanın rəsmi olaraq namizəd irəli sürdüyünü açıqlayıb. Ümumilikdə isə namizədliyini irəli sürənlər 22 siyasi partiyanın nümayəndələridir. Bələdiyyə üzvlüyünə namizəd olmaq üçün təhsillə bağlı hər hansı məhdudiyyətin olmadığını bildirən MSK sədri heç bir təhsili olmayan şəxsin də öz namizədliyini irəli sürmək hüququ olduğunu deyib. Onun sözlərinə görə, ali təhsili olan şəxslərin bələdiyyə üzvlüyünə namizəd olması daha yaxşı olardı. Daha sonra M.Pənahov bələdiyyə seçkilərində namizədlərin təbliğat - təşviqat kampaniyası üçün bütün seçki dairələrinin ərazisində açıq və qapalı yerlərin ayrıldığını bildirib. O, bununla maraqlanan istənilən şəxsin ayrılmış yerlərin siyahısını MSK-dan götürə biləcəyini qeyd edib. Onun sözlərinə görə, seçki qanunvericiliyinə uyğun olaraq, səsverməyə 28 gün qalmış təbliğat-təşviqat kampaniyası başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA