ADP bələdiyyə seçkilərinə mütəffiqləri ilə birgə gedəsi olmadı

img

16-10-2009 [03:41]


Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbədənkənar iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda bələdiyyələrə keçiriləcək seçkilərdə partiyanın iştirakı ilə əlaqədar məsələyə baxılıb. Müzakirələr nəticəsində partiyanın bələdiyyə seçkilərində iştirak etməsi haqqında yekun qərar qəbul edilib. Eyni zamanda bir sıra səbəbləri nəzərə alan İdarə Heyəti qüvvədə olan seçki qanunvericiliyində nəzərdə tutulan iştirak formalarından biri kimi, bələdiyyə seçkilərində namizəd kimi iştirak etmək istəyən partiya üzvlərinin öz təşəbbüsü ilə namizədliyini irəli sürməsi variantında seçkiyə qatılmağı daha məqbul hesab edib və bu haqda müvafiq qərar verib. İclasda müzakirə olunan məsələ ilə əlaqədar bəyanat da qəbul edilib. Bəyanatda qeyd olunur ki, ADP ölkədə yaranmış ictimai-siyasi şəraiti və qarşıdan gələn bələdiyyə seçkiləri öncəsi vəziyyəti, total durğunluq şəraitini və xalqın ictimai-siyasi həyatdakı passivliyinin dəyişmədiyinə təəssüflənir. ADP bələdiyyələrin rəsmi statusunun Avropa yerli idarəetmə Xartiyasına uyğun olmamasına və təcrübədə bələdiyyələrin rolunun və səlahiyyətlərinin məhdudlaşdırılmasına, habelə qüsurlu seçki təcrübəsinə görə vətəndaşların bələdiyyə seçkilərinə marağının itməsinə görə narahatlığını ifadə edir. ADP Qarabağ və Respublika Uğrunda Hərəkatda böhran yarandığından bu hərəkata daxil olan siyasi partiyalarla qabaqcadan planlaşdırıldığı kimi, bələdiyyə seçkilərində birlikdə iştirak etməyin mümkün olmamasına görə təəssüfləndiyini bildirir. ADP Seçki Məcəlləsində partiya şəklində iştiraka ciddi texniki çətinliklər yaradıldığına görə, partiya halında seçkilərə qatılmağı məqsədə müvafiq hesab etmir. ADP ölkədə siyasi fəallığı yüksəltmək, vətəndaşları cəmiyyətin siyasi həyatında fəal iştiraka təşviq etmək və bələdiyyələrdə təmsil olunmaqla yerli problemlərin həllində iştirak etmək məqsədi ilə fərdi təşəbbüs qaydasında bələdiyyə seçkilərində iştirak etmək haqqında qərar qəbul edir, öz üzv və tərəfdarlarını qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA