19-04-2009 [07:52]
[b]Yaranmış gərginlik həm də iki ölkə iqtidarının bir-birlərinə qarşı mübarizəsinə çevrilir [/b]
Azərbaycanla Türkiyə arasında son 18 ildə mövcud olmuş normal münasibətlər sistemi deyəsən, tarixin arxivinə göndərilir və yeni münasibətlər sistemini formalaşdıracaq proseslər dönməz xarakter almağa başlayır. Bildirək ki, müstəqilliyin ilk illərindən başlayaraq, rəsmi Ankara birmənalı olaraq, əksər məsələlərdə rəsmi Bakının mövqeyindən çıxış edirdi. Ayaz Mütəllibovun prezidentliyi dövründə rəsmi Ankara Azərbaycan müxalifəti ilə münasibətlərini rəsmi Bakının maraqlarını nəzərə almaqla qururdu. Həmin dövrdə Azərbaycan müxalifətini əsasən, Türkiyədə müxalifətdə olan qüvvələr dəstəkləyirdi. Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə Turqut Özal iqtidarı birmənalı olaraq, ancaq Azərbaycan iqtidarına dəstək verirdi. Amma Turqut Özal iqtidarına qarşı sərt müxalifət mövqeyində duran Süleyman Dəmirəl həmin dövrdə rəsmi Bakıya yox, Azərbaycan müxalifəti ilə münasibətlərə üstünlük verməsi ilə seçilirdi. Hətta Özalın vaxtsız ölümü Elçibəy iqtidarının süqutunu tezləşdirən əsas amillərdən sayılırdı. Türkiyədə hakimiyyət dəyişikliyi Azərbaycanda iqtidar dəyişikliyinə münbit şərait yaratdı. Lakin sonrakı illərdə Türkiyə siyasətinin müəyyənləşməsini və həyata keçirilməsini tamamilə öz əlinə alan S.Dəmirəl, rəsmi Bakının əsas dəstəkçilərindən idi. Dəmirəlin iqtidarda olduğu dövrdə Türkiyəyə dəvət olunan müxalifətçilərin diqqətinə rəsmi Ankaranın rəsmi Bakını dəstəkləməsi açıq mətnlərlə çatdırılırdı. Bir müddət sonra isə Azərbaycan müxalifətinin rəsmi Ankara ilə münasibətlərinə son qoyuldu. Ədalət və İnkişaf Partiyasının (AKR) 7 illik hakimiyyəti dövründə də Azərbaycan müxalifəti Çankaya sarayına yol tapa bilmədi. Rəcəb Tayyib Ərdoğan hökuməti də son günlərə kimi ancaq Azərbaycan rəsmiləri ilə əlaqə saxlamağa üstünlük verirdi. Amma son günlər baş verən proseslər belə deməyə əsas verir ki, iki ölkə rəsmilərinin bir-birini dəstəkləməsi və birinin digərinə qarşı müxalifətdə olan qüvvələrlə əlaqə saxlamamaq siyasəti sona çatır.
Türkiyənin Ermənistanla sərhədləri açmaq, diplomatik əlaqələr yaratmaq istəyi və iki ölkə arasında mövcud olan bir sıra problemlər ətrafında fəal diplomatik danışıqlar aparması rəsmi Bakının sərt etirazına səbəb oldu. Hətta prezident İlham Əliyev İstanbulda keçirilən və Türkiyənin həmsədrlik etdiyi "Mədəniyyətlər İttifaqı" adlanan beynəlxalq tolantında iştirakdan imtina etdi. Bu toplantıda iştirak etmək üçün Türkiyəyə gələn Ağ Evin yeni sahibi Barak Obamanın və Türkiyə prezidenti Abdullah Gülün israrlı dəvətlərinə baxmayaraq İ.Əliyev İstanbula getmədi. Türkiyə və ABŞ prezidentlərindən əvvəl isə bu iki ölkənin ikinci şəxsləri sayılan - Türkiyənin baş naziri R.T.Ərdoğan və ABŞ Dövlət Departamentinin rəhbəri xanım Hillari Klinton eyni təşəbbüsü göstərmişdilər. Dünya siyasətini müəyyənləşdirən bir ölkənin yeni liderinin dəvətindən sonra da Əliyevin Türkiyəyə getməkdən imtina etməsi rəsmi Bakı ilə rəsmi Ankaranın münasibətlərinin ciddi zədələnməsindən xəbər verir. Prezident İ.Əliyevin Türkiyəyə getməkdən imtina etməsindən və bundan sonra Azərbaycan mətbuatında rəsmi Ankaraya qarşı başladılan antitəbliğatdan istifadə edən Türkiyə müxalifəti R.T.Ərdoğan hökumətinə qarşı mübarizəsini daha da kəskinləşdirdi. Son bələdiyyə seçkilərində məruz qaldığı məğlubiyyəti cəmiyyətin diqqətindən yayındırmaq istəyən Türkiyə müxalifəti üçün sanki belə hadisələr göydəndüşmə oldu. Ərdoğan hökumətinə qarşı barışmaz müxalif mövqeyi ilə seçilən Cümhuriyyət Xalq Partiyasının liderləri açıq-aşkar bəyan edirdilər ki, Azərbaycan prezidentinin Türkiyəyə gəlməkdən imtinası onların mövqeyini gücləndirib. Türkiyə siyasətinin son illərdə şəriksiz lideri olan R.T.Ərdoğanla siyasi mübarizədə uğur qazana bilməyən müxalifət liderləri Azərbaycanda Ankaranın siyasətindən narazılığın yaranmasından dərhal istifadə etməyə başlayıblar. Bir zamanlar Azərbaycan iqtidarı üçün arzuedilməz şəxslər sayılan Milliyyətçi Hərakat Partiyasının təmsilçiləri dərhal Bakıya gəldilər və burada Milli Məclisin sədri səviyyəsində qəbul olundular. İqtidar partiyasının qatılmadığı nümayəndə heyətinə Bakıda rəsmilər tərəfindən isti münasibətin göstərilməsi rəsmi Ankaranı hərəkətə gətirdi. Azərbaycan iqtidarının əsas müxalifəti hesab olunan Müsavat Partiyasının başqanı İsa Qəmbər isə dərhal Türkiyəyə dəvət edildi. İlk baxışda bu dəvətin rəsmi Ankara ilə heç bir əlaqəsinin olmadığı sezilir. Amma bu, belə deyil. Əslində İsa Qəmbəri Türkiyəyə dəvət edən ATV telekanalının R.T.Ərdoğanın kürəkənin nəzarətində olduğunu və Müsavat Partiyasının başqanına rəsmi Ankaranın nəzarətində olan telekanallarda geniş efir vaxtının verilməsini nəzərə alsaq, bunu Ərdoğan iqtidarının Əliyev iqtidarına cavabı kimi dəyərləndirmək olar.
Türkiyədəki mənbələrimizin məlumatına görə, rəsmi Ankara nəzarətində olan telekanallara və digər media quruluşlarına Azərbaycan iqtidarı ilə bağlı kompromat xarakterli materialların hazırlanmasına dair tapşırıq verib. Görünür, Ərdoğan hökuməti bununla rəsmi Ankaraya yönələn ittihamların Azərbaycanın ictimai rəyinə təsirini azaltmaq və rəsmi Bakıya bir daha xəbərdarlıq etmək niyyətindədir. Türkiyə telekanallarının və digər media quruluşlarının Azərbaycan ictimai rəyinə ciddi təsir etmək imkanlarına malik olması inkaredilməzdir və ona görə də, bu fakt rəsmi Bakının zərərinə işləyə bilər. İstər bu günə kimi baş verən proseslər, istərsə də anonsu verilən hadisələr və iki ölkə arasında yaranmış ziddiyyətlər Azərbaycanla Türkiyə iqtidarının bir-birlərinə qarşı mübarizəsinə çevrilir.
Prezident İlham Əliyevin Türkiyəyə getməkdən imtina etməsi və ardınca Rusiyaya iki günlük işgüzar səfəri, eləcə də Türkiyə və Azərbaycan rəsmilərinin Ermənistanda mübahisə etmələri ilə bağlı yayılan informasiyalar rəsmi Bakı ilə rəsmi Ankaranın münasibətlərinin uzun müddətə pozulmasından xəbər verir. Təkəbbürlü və emosional siyasətçilərdən hesab olunan Rəcəb Tayyib Ərdoğanın rəsmi Bakı ilə münasibətlərinin korlanması isə Azərbaycan müxalifətinin işinə yaraya bilər. Yəni, uzun illərdir ki, informasiya blokadası şəraitində fəaliyyət göstərən Azərbaycan müxalifətinin R.T.Ərdoğanın mənsub olduğu təriqətin bütün dünyada geniş medaia strukturuna malik olmasından yararlanması və Azərbaycan rəsmiləri ilə bağlı kompromat xarakterli materialların müxtəlif medialarda yer alacağını da gözləmək olar.
Türkiyə və Azərbaycanın rəsmi dairələri arasında münasibətlərin gərginləşməsi hər iki ölkənin daxili həyatında da hiss olunacaq. Xatırladaq ki, Azərbaycan iqtidarında təmsil olunan şəxslərin Türkiyədə, Türkiyə hökumətinə bağlı iş adamlarının isə Azərbaycanda geniş biznes strukturları var. İki ölkə rəsmiləri arasında münasibətlərin kəskinləşməsi isə həmin biznes çevrələrinin işinə mənfi təsir göstərəcək. Çünki həmin biznes şəbəkəsinin məhz siyasi dəstək nəticəsində çiçəklənməsi heç kimə sirr deyil. Həm də Azərbaycanda R.T.Ərdoğanın mənsub olduğu təriqətə türk iş adamları ilə yanaşı, bəzi yerli vətəndaşların da bağlılığı məlumdur. Əllərində böyük pullar olan həmin təbəqənin tədricən müxalifət mövqeyinə keçəcəyi də istisna deyil. Əlbəttə, bütün bunlar ehtimallardır, lakin bu günə kimi baş verən proseslər belə sonluğu qaçılmaz edə bilər.
Onu da bildirək ki, con illər Türkiyənin dünya siysətində çəkisi artmaqla yanaşı, AKP liderlərinin mövqeyi də yüksəlib. Bunu ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri zamanı da açıq-aşkar görmək olardı. Dünya siyasətinin müəyyənləşməsində əsas söz sahiblərindən olan Obamanın müsəlman dünyası ilə siyasətinin Türkiyə üzərindən yönəltmək niyyətində olmasını da nəzərə alsaq, rəsmi Ankara ilə münasibətlərin korlanması rəsmi Bakının mövqeyinə ciddi təsir edəcək. Ümumdünya maliyyə böhranının təsirləri nəticəsində iqtisadi inkişafı dayanan, çox ciddi iqtisadi və sosial problemlərlə üzləşən Rusiya ilə yaxınlaşmaq siyasəti isə Azərbaycan üçün, ilk növbədə rəsmi Bakı üçün acınacaqlı sonluqla bitə bilər. Yəni, rəsmi Moskvanın şirnikləndirici vədlərinə baxmayaraq, Azərbaycan siyasətinin istiqamətini 90 dərəcə bucaq altında Qərbdən Şimala çevirmək ölkəmiz üçün təhlükəlidir.