19-04-2009 [03:21]
Referendumdan sonra Demokratiya Uğrunda İttifaq bütün müxalifət qüvvələrini ümumi müzakirəyə dəvət etdi. Müzakirəsi nəzərdə tutulan əsas məsələlər - referendumun nəticələri, yeni Konstitusiya layihəsinin hazırlanması, ölkədəki sosial-iqtisadi problemlər və beynəlxalq iqtisadi böhranla bağlı idi. Amma ölkə üçün əhmiyyətli sayılan bu problemlərin müzakirəsi üçün müxalifətin bir arya gəlməsi nədənsə, reallışmır. Bu və ya digər məsələlərlə bağlı "Reytinq"ə müsahibə verən Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Qəzənfəroğlu isə müzakirələrin aparılmasını vacib sayır:
- Müzakirələrə hər zaman ehtiyac var. Biz də bu müzakirələrə qoşulmağa hazırıq. Sadəcə, bu tədbirlərin formatı bir qədər fərqli tərtib olunur. Yəni bu formatda əvvəlcədən önyarqılı əhval-ruhiyyə olur və başqa fikri dinləməyə çox da maraq göstərilmir. Ona görə də biz, adətən kiçik səviyyələrə, umu-küsülərə maraq göstərmirik. Çünki əsas hədəfimizdə ölkənin demokratikləşmə məsələsi var. Bunun da yollarını öz düşündüyümüz istiqamətdə irəliləməyə qərarlıyıq. Bu baxımdan da bəzən baxışlarımız üst-üstə düşməsə də, müzakirələrdə istənilən səviyyədə iştiraka hazırıq və bunu vacib sayırıq.
[b]- Bu müzakirələrin mövzularından biri də ölkədəki sosial-iqtisadi problemlər və beynəlxalq iqtisadi böhranın Azərbaycana təsirləridir. Müxlifətçi depuptat kimi müzakirələrdən öncə bu məsələlərin Milli Məclisdə qaldırılması yerinə düşməzmi?[/b]
- Doğrusu, biz bu məsələləri Milli Məclisdə qaldırmışıq. Lakin bizdə belə bir anlayış var ki, hansı ay xoş gəlmirsə, onu fərmanla dayandırmaq olar, hansı fəsil xoşumuza gəlmirsə, onu müəyyən mənada təxirə salmaq olar. Elə bu iqtisadi böhrana da münasibət elədir. Bu da idarəetmənin avtoritar təbiətindən irəli gəlir. Amma hamı gerçəkliyi etiraf etmək üçün mütləq birinci ağızdan bunun səslənməsini gözləyir. Əslində böhran Azərbaycana ciddi təsir edib, işsizlik artmaqdadır, tikinti sektoru demək olar ki, dayanıb. Belə bir vəziyyətdə problemləri gizlətməyin adı yoxdur. Biz qapalı cəmiyyət olduğumuza görə, ictimaiyyətlə məsləhətləşmələr, cəmiyyətin gücünü səfərbər etmə kimi niyyətlər ortaya qoyulmur. Bunun da nəticəsində, daha böyük problemlərlə üzləşəndən sonra etiraf etməli oluruq. Bu da gec olur. Elə Qarabağ məsələsi də bu qəbildəndir. Vaxtında gerçəkliyi cəmiyyətlə paylaşmayan hakimiyyət sonra çox böyük problemlərlə, faciələrlə üz-üzə qalır. Bir də görürük ki, Türkiyə Ermənistanla sərhədlərin açılması məsələsini gündəmə gətirir, hamımız da məcburi reaksiya verməli oluruq. Amma halbuki, üç ildir aparılan danışıqlardan heç duputatların xəbəri yoxdur. Yalnız iki-üç məmurdan başqa heç kim bilmir ki, Qarabağla bağlı hansı söhbətlər gedir. Ona görə də nəticə bu şəkildə ortaya çıxır. Mənə elə gəlir ki, bu böhran məsələsi də eyni nəticəni ortaya qoyacaq.
[b]- Amma bəzən hər hansı məsələnin Milli Məclisdə qaldırılması, onun həll edilməsi mümkün olmur. Bunu nə ilə əlaqələndirirsiniz? [/b]
- Mən bunu icra hakimiyyətinin bütün hakimiyyətlər üzərində inhisarı ilə bağlayıram. Milli Məclisin hər hansı bir şəkildə təsir imkanlarının olmadığı gerçəklikdir. Bu gün Milli Məclis sadəcə, danışıb ürəyi boşaltma yeridir. Amma ürəyi boşaltmaqla iş bitmir, həm də nəzarət etmək, ölkədə icra strukturlarının fəaliyyətinin ən azı düzgün istiqamətə getməsi üçün qanunverici mexanizmlə təsir imkanları müəyyənləşdirmək lazımdır. İndi bunlar yoxdur. Hökumətə təsir imkanı yoxdur, büdcənin formalaşmasına təsir imkanı isə minimuma bərabərdir. Hesablama Palatası vasitəsi ilə lazım olan orqanların büdcə vəsaitini necə xərcləməsini yoxlamaq formal xarakter daşıyır. Bütün bunlar da onu göstərir ki, Milli Məclis deputatının da verdiyi heç bir layihə müzakirəyə belə çıxarılmır. Yəni vəziyyət xoşagələn deyil.
[b]- Milli Məclisin təsir imkanlarının artırılması üçün hər hansı addım atmaq mümkündürmü? [/b]
- Təbii ki, mümkündür. Bunun üçün Konstitusiyada dəyişikliklər edilməlidir. Amma Konstitusiyada dəyişikliklər əks istiqamətdə edildi. Lazım olmayan dəyişikliklərin bəziləri edildi, lazım olanlar isə kənarda qaldı. Məsələn, lazım olmayan dəyişikliklərdən biri bələdiyyələrin Milli Məclisə hesabat verməsi idi. Lazım olan dəyişiklik o idi ki, Nazirlər Kabinetinin hesabatlılığı daha da ciddiləşdirilsin və həmin qurumun istefaya göndərilmə səlahiyyəti Milli Məclisə verilsin, hökumətin formalaşmasına Məclisin təsir göstərmək imkanı yaradılsın. Bunların heç biri edilmədi. Sonra çoxpartiyalı sistem mojaritar sistemi əvəz etmədi. Bunların hamısı onu göstərdi ki, islahatlar süni mahiyyət daşıyır və hakimiyyət köklü islahatlara maraq göstərmir.
[b]- Referendumdan sonra ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz? [/b]
- Yenə statik bir durum kimi qiymətləndirirəm. Çünki referendum mahiyyətcə ölkənin ictimai-siyasi mühitində bir dəyişiklik yaratmadı. Bunun da əsas səbəblərindən biri o idi ki, hüquqda dəyişiklik cəmiyyətdə hər hansı bir əks-səda doğurmur. Çünki ölkədə bütövlükdə hüququn işləmə mexanizmi məhdudlaşdırılıb. Ölkədə cəmiyyətiçi münasibətlər Konstitusiya ilə tənzimlənmədiyinə görə, insanlar eyni qaydada Konstitusiyaya da güvəni itiriblər. Ona görə referendum adı ilə nəyi dəyişirsən, dəyiş, insanlar daxilən başqa dəyişiklik gözləyirlər. Daha çox real ictimai-siyasi münasibətlərin dəyişməsini, mülkiyyət hüquqlarının bərpasını, mülkiyyət toxunulmazlığının təminatını, insan hüquqlarının qorunmasını, məhkəmələrin müstəqilliyini tələb edirlər. Bunlar da hələki gerçəkləşmədiyinə görə eyni qaydada müxalifətin özü də bu referendumdan sonra statik bir cəmiyyəti ayağa qaldırmaq, yaxud onu hərəkət gətirmək imkanlarına sahib deyil. Ya gərək, cəmiyyətin özündə bir az dinamizm olsun, müxalifət də bu dinamizmi gücləndirib, siyasi bir nəticəyə yönləndirə bilsin...
[b]- Belə çıxır ki, müxalifətin passivliyinə haqq qazandırırsınız? [/b]
- Bilirsiniz, müxalifətin həm maddi resursları buna imkan vermir, həm də beynəlxalq konyektura. Artıq dünya dövlətlərinin ölkələrlə problemi demokratiya ilə bağlı deyil, daha çox təhlükəsizlik problemi ilə bağlıdır. Bu gün Almaniyada, Fransada Rusiyanın Gürcüstanın işğalına sakit bir formada, hətta bəraətverici yanaşma ortaya qoyulursa, bu, o deməkdir ki, ölkələrdəki demokratiyanın taleyi kimsəni narahat eləmir. Hamı öz təhlüksizliyinin ardınca gedir. Ona görə də belə vəziyyətdə müxalifət həm xarici, həm daxili dəstəkdən məhrumdur. Daxildə də iqtisadi münasibətlər tamamiylə dövlətin nəzarətində olduğuna görə müxalifətin maddi yöndən dəstəklənmək imkanları yoxdur. Bütün bunların hamısı kompleks təsirlərdir. Müxalifət də hələki bu təsirlərin girdabından qurtula bilmir.
[b]- Ölkədə belə bir vəziyyətin yaranmasında hakimiyyətin yürütdüyü siyasətin rolu nə dərəcədədir? [/b]
- Hakimiyyətin xarici siyasəti uğurlu sayıla bilər. Ən azı qonşu ölkləri düşmənə çevirməmək, əməkdaşlığı davam etdirmək də ölkənin xarici münasibətlərini zədələmir. Bu, müsbət qarşılana bilər. Amma hakimiyyətin daxili siyasəti bərbaddır. Buna baxmayaraq, daxildə ciddi islahat aparmaq düşüncəsində deyil. Nə kadr, nə başqa dəyişikliklər etmək niyyəti yoxdur. Həmin korrupsiya, həmin rüşvət, həmin neqativ hallar davam etməkdədir. Ona görə də yaxın gələcəkdə bu təfəkkürlə, bu dünya görüşlə, hakimiyyətin yeni proqram ortaya qoyacağına ümid etmək məncə, əbəsdir. Bu hakimiyyətin ən faciəli tərəfi odur ki, uzun illər öz mövqeyini qoruyub saxladığına görə başqa bir fikri qəbul etmir. Müxalif görüşləri, müxalifətin təkliflərini, düşüncələrini qəbul etmək istəmir. Ona görə də izoliyasiya olunmuş, elitaya daxilolma sistemi qapadılmış bir hakimiyyətin, əslində addım-addım mövqelərini zəiflətdiyi, daha çox çürüməyə doğru getdiyi görünməkdədir. Hakimiyyətə yeni qan, yeni ab-hava lazımdır. Bu ab-havadan imtina etdiyinə görə, hələki yeniləşə bilmir.
[b]- Fazil bəy, müxalifətin əksər partiyaları qarşıdan gələn bələdiyyə seçkilərində birgə iştirak etmək niyyətindədir. Necə düşünürsünüz, bu birlik bələdiyyə seçkilərində nəyəsə nail ola biləcəkmi? [/b]
- Bələdiyyə seçkilərində əsasən, cəmiyyətlə aşağı səviyyədə təmaslar mümkün olur. Bu baxımdan, müxaliftin bələdiyyə seçkilərində nəyəsə nail olması çətindir. Digər tərəfdən, bələdiyyələrin özlərinin səlahiyyətləri aşağı səviyyədədir. Demək olar ki, icra strukturlarının nəzarətindədir. O baxımdan bələdiyyə seçkilərində iştirak, bələdiyyə üzvü olmağa cəhdlər o qədər də önəmli olmur. Amma hər halda, siyasi partiyaların seçkilərdə iştirakı vacibdir.
[b]- BQP necə, bu seçkilərə qatılmağı düşünürmü? [/b]
- Təbii ki, bələdiyyə seçkilərində iştirak edəcəyik. Bunun üçün lazımi addımlar da atılır. Siyasi partiya olaraq, hər bir seçkidə iştirakı vacib sayırıq.
[b]- Bəs, bu seçkidə hansısa qüvvələrlə əməkdaşlıq etmək niyyətiniz varmı? [/b]
- Hələlik belə bir fikrimiz yoxdur. İlkin qərara görə, BQP bələdiyyə seçkilərində təkbaşına iştirak edəcək.
[b]Zaur ƏHMƏD[/b]