Azərbaycanın QHT rəhbərləri Türkiyə rəsmiləri ilə görüzlər keçirib

img

14-04-2009 [06:42]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdan ibarət nümayəndə heyətinin aprelin 10-dan başlanmış Türkiyə səfəri nəzərdə tutulmuş proqram üzrə davam etməkdədir. Nümayəndə heyəti Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimallarının Azərbaycanda yaratdığı narahatlığı və ölkə ictimaiyyətinin bu məsələyə münasibətini Türkiyənin müxtəlif dairələrinə bilavasitə açıqlayır və mətbuat üçün şərh edir. Azay Quliyevin verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində CHP sədri Dəniz Baykal, MHP sədri Dövlət Baxçalı, DSP başkan yardımçısı Hasan Murad, həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Göksal Topdanla görüşüb. Görüşlərdə sərhədlərin açılma ehtimalları və onun doğura biləcəyi nəticələr haqda geniş fikir mübadiləsi aparılıb. Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün mövcud olan şərtlər bir daha vurğulanaraq bildirilib ki, öncə Ermənistan bütün dünyada israrla səsləndirdiyi uydurma soyqırımı ittihamlarına və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalı, işğal altında saxladığı Azərbaycan torpaqlarını ? Dağlıq Qarabağı və ətraf 7 rayonu azad etməlidir. Nümayəndə heyəti yalnız münaqişə həll edildikdən sonra təcavüzkar dövlətlə əlaqələr haqqında müzakirələrin aparılmasının mümkünlüyünü qeyd edib. Türkiyənin aparıcı müxalifət partiyalarının rəhbərləri, eləcə də rəsmi dairələrin təmsilçiləri Azərbaycan nümayəndə heyətini əmin edib ki, Türkiyə heç zaman Azərbaycanı tək qoymayacaq və bir millət iki dövlət prinsiplərinə axıradək sadiq qalaraq, Dağlıq Qarabağ münaqişəsi çözülməyincə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yol verməyəcəkdir. Nümayəndə heyətinin üzvləri TÜRKSAM-ın təşkilatçılığı ilə keçirilmiş yerli QHT-lərlə görüşdə sərhəd məsələsini geniş müzakirə etmiş, habelə Türkiyə mətbuatının ?Tərcüman?, ?Cümhuriyyət?, ?Yeni çağ?, ?Xəbər-türk? qəzetlərinə verdikləri müsahibələrdə məsələnin mahiyyətinə aid açıqlamalar veriblər. Nümayəndə heyətinin üzvləri Türkiyənin nüfuzlu televiziya kanalları olan ŞOW TV, Flahs TV, Avrasiya TV, Kanal B və başqalarında çıxışlar edərək, yaranmış problemlə bağlı Azərbaycan ictimaiyyətinin mövqeyini bir daha açıqlayıblar. Problemin ölkəmizdə yaratdığı narahatlıqdan doğan əks-sədanın Türkiyədə yetərincə duyulduğunu bildirən A.Quliyev, həmçinin qeyd edib ki, yaranmış vəziyyətdən istifadə edərək, burada Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirilməsinə çalışan bəzi qüvvələrə imkan vermək olmaz. A.Quliyevin fikrincə, Azərbaycan nümayəndə heyətinin səfəri Türkiyə ictimaiyyətinin məlumatlandırılması nöqteyi-nəzərindən əhəmiyyətli oldu. Nümayəndə heyəti bu gün iqtidar partiyasının rəsmiləri, partiyanı təmsil edən millət vəkilləri ilə görüşəcək və TBMM Xarici İlişkilər Komitəsində məsələ ilə bağlı müzakirələr aparacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA