Saakazvilini devirmək mümkün olmayacaq

img

12-04-2009 [08:12]


[b]Qabil Hüseynli: "Onu devirmək istəyən siyasi liderlərdən ən populyarı olan Nino Burcanadzenin sosial bazası 3-4 faizə güclə çatır" [/b] Gürcüstanda iqtidar-müxalifət qarşıdurması davam edir. Opponentləri prezident Mixail Saakaşvilinin istefasını tələb edirlər. M.Saakaşvili isə prezidentlik səlahiyyətləri başa çatmayana kimi postunu heç kimə təhvil verməyəcəyini bildirib. Gürcüstanın dövlət başçısı həmçinin, müxalifəti dialoqa çağırıb. Dialoq təklifini rədd edən Saakaşvili əleydarları isə aksiyaları davam etdirməkdə israrlıdırlar. Politoloq Qabil Hüseynli açıqlamasında Gürcüstan müxalifətinin fəallaşmasının səbəbsiz olmadığını deyib. Onun sözlərinə görə, Saakaşvilinin əleyhinə çıxan qüvvələri Rusiya maliyyələşdirir: "Xüsusi qruplar ictimai rəyə təsir edir və prezidentin əleyhinə rəy formalaşdırmağa çalışırlar. Son vaxtlar Rusiyanın Gürcüstanda dəstəklədiyi qüvvələrin sırası əvvəlki illərə nisbətən xeyli genişlənib. Nəticədə Gürcüstan hakimiyyətinə qarşı mübarizə aparmaq üçün bu ölkəyə ötürülən maliyyə vəsaitinin həcmi daha da artıb. Təəssüf ki, Rusiyada yaşayan və bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən bəzi azərbaycanlılar da Saakaşvilinin əleyhinə təşkil olunmuş kampaniyada iştirak edirlər. Gürcülər deyirlər ki, Saakaşvili ölkədə demokratik mühit yaradıb, amma əhalinin maddi vəziyyəti pisdir. Hətta Gürcüstan müxalifətinin liderləri də etiraf edirlər ki, onların ölkəsində vəziyyət qənaətbəxşdir. Amma onlar daha yaxşı yaşamaq üçün mübarizə apardıqlarını deyirlər. Lakin Gürcüstan prezidentinin xarakterindəki bəzi nöqsanları da qeyd etmək lazımdır. Onun hədsiz çılğınlığı, bəzən nöqsanlara dözümsüz yanaşması və bunu kobud formada ifadə etməsi ictimaiyyət tərəfindən heç də xoş qarşılanmır. Saakaşvilinin bu addımı öz silahdaşlarının ondan üz döndərib müxalifətə keçməsinə səbəb olur. Tez-tez kadr dəyişiklikləri aparması ondan narazı qalanların sayını daha da artırır". Politoloqun fikrincə, Saakaşvilinin ayağına yazılan ən böyük nöqsan Cənubi Osetiya ilə bağlı başlatdığı müharibədir: "Bu müharibədə ilk atəşin açılması Gürcüstanın və ilk növbədə Saakaşvilinin ayağına yazılıb. Təəssüf ki, ölkəsinin ərazi bütövlüyünü təmin etmək istəyən prezidentin atdığı addımlar təkcə Avropa Birliyi və Rusiya tərəfindən deyil, elə Gürcüstanın öz vətəndaşları tərəfindən də mənfi qiymətləndirildi. Gürcü xalqı hesab edir ki, ölçülüb-biçilməmiş addım Gürcüstanın iki regionunun itirilməsinə gətirib çıxardı. Amma bir məsələni xüsusilə qeyd etməliyik ki, Saakaşvili ölkəsində ən çox eloktral bazası olan siyasi liderdir. Məsələn, ən minimal hesablamalara görə, əhalinin 30 faizi birmənalı qaydada prezidenti dəstəkləyir və müdafiə edir. Bu insan vaxtından əvvəl prezident və parlament seçkiləri keçirdi və özünə etimadı təzələdi. İndi də müxalifəti dioloqa çağırır. Bu gün meydana çıxan və Saakaşvilini devirmək istəyən siyasi liderlərdən ən populyarı isə Nino Burcanadzedir. Lakin onun cəmiyyətdəki sosial bazası 3-4 faizə güclə çatır. 16 partiyanın birləşdiyi müxalifət, cəmiyyətin yalnız 10 faizi tərəfindən dəstəklənir. Yəni prezidentin cəmiyyətdə mövqeyi nə qədər zəifləsə də, Saakaşvili opponentləri ilə müqayisədə yenə də güclüdür. Təbii ki, hakimiyyət özünü qorumaq üçün müəyyən profilaktik tədbirlərə əl ata bilər. Bu onun konstitusion hüququdur. Ona görə də hesab edirəm ki, Gürcüstanda heç bir hakimiyyət dəyşikliyi baş verə bilməz". Sonda Q.Hüseynli onu da bildirdi ki, Saakaşvilinin hakimiyyətdə olması Qərbin də maraqlarına xidmət edir: "Qərbdə Saakaşvilinin bəzi hərəkətləri narazılıqla qarşılanır. Xüsusilə ötən ilin avqustunda baş verən hadisələrə görə onu günahlandırırlar. Amma buna baxmayaraq, Qərb hələki Gürcüstanda Saakaşviliyə alternativ siyasi lider görmür. Saakaşvilidən sonra Gürcüstanda hansı hadisələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Qərb Gürcüstanı Kremlin ümidinə buraxa bilməz. İndiki məqamda Gürcüstanda Qərbin maraqlarının ən yaxşı təminatçısı Mixail Saakaşvilidir. Məncə, gürcü müxalifəti bu ölkənin həssas bir bölgədə yerləşdiyini və super güclərin maraq dairəsində olduğunu nəzərə alıb, konstruktiv müxalifətçilik missiyası ilə məşğul olmalıdır. Ancaq indiki halda onlar daha çox dağıdıcılıq funksiyasını yerinə yetirməklə məşğuldurlar. Bu isə gələcəkdə Gürcüstan üçün ciddi problemlər yarada bilər". Orxan HACIYEV

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA