"DUi ilə sıx əməkdazlıq eləmək mümkün deyil"

img

12-04-2009 [05:04]


[b]Sərdar Cəlaloğlu: [/b]"Müxalifət təsərrüfatında səliqə-səhman yaratmağın vaxtı çoxdan çatıb" [b] "Qarabağ məsələsində iqtidarla vahid mövqedən çıxış etməyə və mübarizə aparmağa, bütünlükdə torpaqlarımızın azad olunmasında iqtidarın atdığı hər bir addımı dəstəkləməyə hazırıq" [/b] Azərbaycanın ictimai-siyasi həyatında referendum kimi önəmli proses başa çatdı, ardınca bələdiyyə seçkilərinə hazırlığa start verildi. Ancaq həm referendumun nəticələrini qəbul etməyən, həm də bələdiyyə seçkilərində iştirak etməyi düşünən müxalifətdə tərpəniş yoxdur. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətə də müxalifətin passivliyi ilə bağlı sualla başladıq. - Siyasi aktivliyi müxtəlif cür qiymətləndirmək olar. Siz yəqin ki, aktivlik deyəndə, mitinqlər, piketlər, qarşıdurmaları nəzərdə tutursunuz. Biz aktivlik deyəndə, təşkilati işləri görmək, təşkilatlarımızı səhmana salmaq, bütünlükdə bələdiyyə seçkiləri ilə bağlı hədəfləmə aparmaq və s. işləri nəzərdə tuturuq. Bu istiqamətdə də işlərimiz intensiv şəkildə gedir. O ki qaldı referenduma, artıq nəticələrlə bağlı yerli məhkəmələrə müraciətlərimizi etmişik. Bu işi Avropa Məhkəməsinə qədər aparmaq niyyətindəyik. Bu arada müxalifət Azərbaycanda səfərdə olan bütün beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib, mövqelərini ifadə edib. Yəni mən başa düşə bilmirəm ki, niyə bu fəaliyyəti passivlik kimi qiymətnləndirirsiniz? Axı, Azərbaycanda mövcud olan şəraitdə bundan artıq aktivlik mümkün deyil. [b]- Həmişə mövcud şəraiti bəhanə gətirirsiniz. Axı, dediyiniz mövcud vəziyyəti dəyişmək istiqamətində də nəsə etmirsiniz... [/b] - Mövcud vəziyyəti dəyişmək yalnız Azərbaycandakı qüvvələrin gücü daxilində deyil. Ümumiyyətlə, müasir dünyada, başqa ölkələrdəki hadisələri də izləsəniz görərsiniz ki, burda hakimiyyət dəyişilmələri, ciddi demokratikləşmə prosesləri beynəlxalq ictimaiyyətin razılığı, yaxud da birgə fəaliyyəti ilə həyata keçirilir. Tutaq ki, biz passivik, ancaq Moldovada on minlərlə insan aksiyalar keçirib, Prezident Aparatını, Parlamentin binasını tutdu. Amma görürsünüz ki, ATƏT orda seçkilərin normal keçirildiyini iddia edir. Eyni zamanda orada xalqın narazılığı ilə bağlı beynəlxalq təşkilatlar ciddi addımlar atmırlar. Yəni təsəvvür edin ki, elə həmin aktivlik Azərbaycandadır, nə olacaq? Digər tərəfdən, nəzərə alsaq ki, bizim Ermənistanla münaqişəmiz var, hər dəqiqə Rusiya Azərbaycana müdaxilə etməyə bəhanə axtarır. Ona görə də biz elə addımlar ata bilmərik ki, rus qoşunların Azərbaycana yeridilsin. [b]- Siz ancaq öz mövqeyinizə uyğun nümunələr gətirirsiniz. Müxalifətin aktivliyi ilə hakimiyyət dəyişikliyi, demokratikləşməyə nail olan ölkələr də var... [/b] - Hansı ölkələri deyirsiniz? [b]- Məsələn, Gürcüstan, Ukrayna... [/b] - Həmin ölkələrdə vəziyyət bir qədər fərqli idi. Çünki orda müxalifətin aksiyalarında öndə ABŞ-ın səfiri gedirdi. Həm də nəzərə alın ki, o vaxt Saakaşvili Tblisi şəhərinin meri idi. Elə hesab edin, biz Hacıbalaya müraciət edirik ki, mitinq üçün bizə icazə ver. Sonra da Hacıbala öz dəstəsini yığıb mitinq edir. Yaxşı olar ki, analogiya aparanda hadisələrin digər nüanslarına da diqqət yetirəsiniz. Götürək son mitinqləri, diqqətlə fikir verirsinizsə, son mitinqlərdən qabaq müxalifət liderləri Amerikaya dəvət olunmuşdu, Avropa ölkələrinə səfər etmişdilər. Səfərdən qayıdandan sonra Gürcüstandakı hadisələrlə bağlı ortalığa konkret mövqe qoydular. Bəs, Azərbaycanın müxalifət liderlərinin son illərdə Amerikaya səfərini nə vaxt eşitmisiniz, görmüsünüz? Bunların hamısı ölkədə demokratikləşməyə beynəlxalq ictimaiyyətin dəstəyinin nümunələridir. Siz gərək, bu məsələləri də diqqətə alasınız. Amma siz həm beynəlxalq təşkilatların, həm iqtidarın, həm xalqın nöqsanını müxalifətdə görürsünüz. Prokurorluğun, Həmkarlar İttifaqının və digər qurumların görməli olduğu işi bizdən tələb edirsiniz. Nəticədə də bu böyük tələbat qarşısında müxalifət gücsüz və zəif görsənir. Bu gün Gürcüstandakı, Ukraynadakı, Moldovadakı şərait bizdə olsaydı, təbii ki, biz yüz dəfə onlardan çox demokratikləşməni həyata keçirərdik. Tutaq ki, Azərbaycan müxalifəti yoxdur. Məgər müxalifət olmayan ölkələrdə xalq öz hüquqları uğrunda mübarizə aparmır? [b]- Ancaq xalqı da müxalifət təşkilatlandırmalıdır...[/b] - Biz əlimizdən gələni edirik. Azərbaycanda "monqol" sözü az qala təhqirə çevrilib, amma qiymətlər qalxanda monqollar getdilər Prezident Aparatını, Nazirlər Kabinetini tutdular və hökuməti məcbur elədilər ki, qiymətlər endirilsin. Biz isə qiymətlərin qalxması ilə bağlı həm icazəli, həm icazəsiz mitinq keçirdik, demək olar ki, xalqdan heç bir dəstək olmadı. Bu, müxalifətin hakimiyyətə gəlməsi, qrup maraqları ilə bağlı məsələ deyildi, vətəndaşla bağlı məsələ idi. Yaxud götürək elə son referendumu, düzdür, xalq kifayət qədər iradə göstərdi, boykot elədi, referendum baş tutmadı. Amma biz eyni zamanda o aktivlik mesajını cəmiyyətdən almadıq. Müxalifət olaraq qapalı görüşlər keçirdik və qərara aldıq ki, hökumətlə razılaşdırılmamış mitinqlər keçirmək bir o qədər də effektli alınmayacaq. Deyirlər ki, müxalifət gücsüzdür. Çünki xalq müxalifətə dəstək vermir, bir tikə çörək dalınca qaçır, öz ləyaqətini, mənaviyyatını, hüquqlarını qorumur. [b]- Başqa bir məsələyə toxunmaq istərdim. Eldar Namazovun Qarabağ və Respublika Uğrunda Hərəkatdan uzaqlaşması... [/b] - (Sözümüzü kəsərək) Mən Eldar Namazovu bu hərəkatda - bircə dəfə təsis yığıncağında görmüşəm, ondan sonra görməmişəm. Onun təsis yığıncağı ilə bağlı mövqeyi nədən ibarət olub, xəbərim yoxdur. Amma sonradan öyrənmişəm ki, onun müəyyən fikirləri olub və bu barədə bizə yox, başqa liderlərə öz mövqeyini bildirib. Təəssüf ki, mən bu barədə həmin vaxt bilməmişəm, bilsəydim, o vaxt müzakirəyə çıxarardım. Pərdə arxasında kim nə deyib, kim nədən inciyib, onun bizə dəxli yoxdur. Yəni bu, bizə qədər olan proseslərdir. [b]- Ümumiyyətlə, Eldar Namazovun getməsiylə hərəkat nə itirdi? [/b] - Əvvəla, Eldar Namazov Qarabağ və Respublika Uğrunda Hərəkatda olmadı ki, getməsi ilə də nəsə itirilsin. Yəni əvvəl nəsə olsun ki, itirəndə hiss edəsən. İkincisi, Eldar Namazov ictimai təşkilatın rəhbəridir, biz isə siyasi partiyaların. Həm bizim fəaliyyətimizin qanunvericiliyi, həm də Eldar Namazovun fəaliyyətinin qanunvericiliyi bir-birindən fərqlidir. Yəni biz tamam fərqli qüvvəyik. Bir sözlə, biz müqayisə olunmayacaq dərəcədə fərqliyik. Hesab edirəm ki, Eldar Namazov bu hərəkatda iştirak etmədiyinə görə onun getməsi təsirsiz olacaq. [b]- Bəzi müttəfiqləriniz bildirirdi ki, Eldar Namazovun partiyası, strukturları yoxdur deyə, bələdiyyə seçkilərində bir yerdə ola bilmərik. Bu fikirləri bölüşürsünüzmü? [/b] - Ümumiyyətlə, "Siyasi partiyalar haqqında" və "İctimai təşkilatlar haqqında" Qanuna nəzər yetirsəniz görərsiniz ki, ictimai təşkilatların partiyalarla fərqli normativləri, hüquqları, vəzifələri var. Təbii ki, ictimai təşkilat bələdiyyə seçkilərində iştirak edə bilməz. Bu, partiyalar, siyasi qüvvələr arasında yarışdır. Əgər kimsə özünü siyasi qüvvə elan etməyibsə, o, necə bu yarışa girə bilər? Odur ki, deyilənlərlə razıyam. [b]- Sərdar bəy, bələdiyyə seçkilərində birgə mübarizə aparacağınız məlumdur. Bəs qarşıdan gələn parlament seçkilərində necə, birgə iştirak edə biləcəksinizmi?[/b] - Əgər bələdiyyə seçkilərində müəyyən nailiyyət əldə edə bilsək, çox güman ki, parlamaent seçkilərinə də birlikdə gedəcəyik. Mənim qənaətim budur ki, Azərbaycanda uzun müddət fəaliyyət göstərən müxalifət blokuna ciddi ehtiyac var. Yəni Azərbaycanda bu qüvvələri bir yerə yığmaq, bu müxalifət təsərrüfatında səliqə-səhman yaratmağın vaxtı çoxdan çatıb. Zaman-zaman kampaniyalar dövründə ittifaq yaratmaq təcrübəmiz artıq özünü doğrultmur. Ona görə də düşünürəm ki, müxalifətin ittifaqı öz fəaliyyətini davam etdirməlidir. [b]- Amma müttəfiqiniz Arif Hacılı deyir ki, 2010-da keçiriləcək parlament seçkilərində birgə mübarizə baş tutmaya da bilər... [/b] - Hər şey ola bilər. Ola bilsin ki, o vaxta qədər müxalifət qalmasın, mümkündür ki, heç bir müxalifət partiyası seçkilərdə iştirak eləməsin. Arif Hacılı bütünlükdə bir ehtimal deyir. Əlbəttə, birgə iştirak mümkün olmaya da bilər. Referendumla Konstitusiyada dəyişiklik olub, hətta seçki keçirilməyə də bilər. Bir də ki, Sabirin bir sözü var: "Çırmanırıq, keçməyə çay gəlməmiş". [b]- Demokratiya Uğrunda İttifaq müxalifətin ümumi konfransının keçirilməsi təklifi ilə çıxış edib. Belə bir tədbirin keçirilməsinə ehtiyac görürsünüzmü? [/b] - Biz referendumla bağlı vaxtiylə onlarla iş apardıq, çalışdıq ki, onlarla bir yerdə olaq. Referendumda onların hansı mövqe nümayiş etdirdikləri sizə məlumdur. Mən belə hesab edirəm ki, o reaksiyadan sonra Demokratiya Uğrunda İttifaqdakı partiyalarla əməkdaşlığımız qeyri-səmimi olar. [b]- Mirmahmud Mirəlioğlu deyir ki, təşkilatçılığı Qarabağ və Respublika Uğrunda Hərəkat da edə bilər... [/b] - Biz nə sifariş yerinə yetiririk, nə kimisə dəvət edirik, nə də kiminsə dəvətini qəbul edirik. Bir də ki, nəyə görə biz kiminsə təklifini reallaşdırmalıyıq? Adama deyərlər ki, ağıllı ideyadırsa, özün həyata keçir. Belə çıxır ki, bizim ideyamız yoxdur, amma işləyə bilərik. Bizim ağlımız yoxdur, bilmirik ki, nəyi necə etmək lazımdır? Ümumiyyətlə, indiki zamanda belə bir tədbir keçirmək, kimisə hara yığmaq nəyə lazımdır? [b]- İddia olunur ki, hazırda birgə müzakirə olunası məsələlər çoxdur. [/b] - Bizim onunla müzakirə edəsi məsələmiz yoxdur. Çünki biz onları millətimizin ən vacib problemi olan referendum məsələsində birgə mübarizəyə dəvət elədik, istədik ki, bütün Azərbaycan müxalifəti bir yerdə olsun, hamı ortaq mövqedən çıxış etsin. Amma onlar müəmmalı şəkildə bu əməkdaşlıqdan imtina elədilər. Qeyri-səmimi davranışları ilə ictimai rəyi çaşdırmağa çalışdılar. Hesab edirəm ki, o reaksiyadan sonra DUİ ilə sıx əməkdaşlıq eləmək mümkün deyil. [b]- Necə düşünürsünüz, indi köhnə palan içi töküb müxalifətdaxili gərginliyi uzatmaq nə qədər düzgündür? [/b] - Bir dəqiqə, mən bir söz deyən kimi, onun mahiyyətinə varmadan dərhal yarlığı yapışdırırsınız. Azərbaycan xalqı deməz ki, nəyə görə siz ümumi məsələlərdə birləşməmisiniz, fərdi maraqlarınız gələndə birləşirsiniz? Belə çıxır ki, müxalifət ancaq qrup maraqları uğrunda mübarizə aparır? Referendum kimi taleyüklü, bütün dünyanın diqqətini çəkən, gələcək nəsillərimizə bu və ya başqa çox böyük proses gedir. Baxmayaraq ki, onların hamısı yaşca məndən kiçikdir, gedirəm ayağına, 50 dəfə zəng edirəm, xahiş edirəm, bunlar birmənalı şəkildə imtina edirlər ki, bizim sizinlə əməkdaşlığımız baş tutmaz. İndi 10 günün içində nə dəyişib ki, bir masa arxasında oturub nəyisə müzakirə edək? Ona görə də hər şeyi bir-birinə qatmaq lazım deyil. Bir sözlə, hesab edirəm ki, hazırda onlarla əməkdaşlıq etməyə ehtiyac yoxdur. [b]- Xeyli müddətdir ki, hakimiyyətlə dialoq təklifini irəli sürmüsünüz, amma hər hansı irəliləyiş yoxdur. Hazırda Türkiyə-Ermənistan sərhədlərinin açılması, Qarabağ məsələsi ətrafında gedən proseslər hakimiyyətlə müxalifəti bir masa arxasında əyləşməyə sövq edə bilərmi?[/b] - Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar müəyyən bir mərhələyə gələndə İlham Əliyev bəyanat vermişdi ki, bu məsələdə mütləq müxalifətlə dialoqa gedəcəm. Eyni zamanda dəfələrlə, istər vasitəçilər, istər iri dövlətlər Dağlıq Qarabağ məsələsi ilə bağlı mütləq müxalifətin də dəstəyinin alınmasının zəruri olduğunu qeyd ediblər. Hətta bu yaxınlarda Almaniya xarici işlər nazirinin müavini bura gəlmişdi, dedi ki, bu məsələdə müxalifətin mövqeyi bizim üçün önəmlidir. Biz təbii ki, bir mövqe nümayiş etdirsək, Azərbaycan xalqının həmrəyliyi, birliyi görsənə bilər. Amma bəzi qüvvələrdə tamam başqa bir düşüncə, yanaşma var. Artıq o bizim problemimiz deyil. Biz bu gün də Qarabağ məsələsində iqtidarla vahid mövqedən çıxış etməyə və mübarizə aparmağa, bütünlükdə torpaqlarımızın azad olunmasında iqtidarın atdığı hər bir addımı dəstəkləməyə hazırıq. Amma gərək hakimiyyət də buna səy göstərsin. Təəssüf ki, iqtidar hələ düşünür. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA