Sərhədlərin açılması sual altındadır

img

05-04-2009 [07:20]


[b]Arif Yunus: "Ola bilsin ki, azərbaycanlılarla ermənilər barışsın, amma Türkiyə-Ermənistan münasibətləri yenə gərgin olaraq qalsın" [/b] Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı xəbərlərin intensivləşməsi rəsmi Bakını hərəkətə gətirib. Milli Məclisin aprelin 3-də keçirilən iclasında millət vəkillərinin AKP iqtidarını tənqid atəşinə tutması ölkələrimiz arasındakı münasibətlərin gərginləşməsindən xəbər verir. Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfərindən imtina etməsi isə Ərdoğan hökumətinə ciddi xəbərdarlıq kimi qiymətləndirilə bilər. Azərbaycan hakimiyyətinin Ermənistanla sərhədlərin açılacağı təqdirdə Türkiyəyə qaz nəqlinin dayandırılacağı ilə bağlı mesajı situasiyanı daha da mürəkkəbləşdirib. Konfliktoloq Arif Yunus isə Türkiyənin Ermənistanla sərhədləri açacağına inanmadığını bildirib. Onun qənaətinə görə, bu proses daha bir müddət uzana bilər: "Düzdür, istər Türkiyə, istərsə də Qərb mətbuatında məlumatlar yayılıb ki, Türkiyə-Ermənistan sərhədləri yaxın günlərdə açılacaq. Hətta dəqiq tarix də göstərilib. Ola bilsin ki, iki ölkə arasında hava nəqliyyatı təşkil olunsun. Türkiyədən Ermənistana yük daşıyan maşınların sayı da arta bilər. Ancaq bütün bunlar o demək deyil ki, sərhədlər açılacaq. Bu, siyasi oyundur. Əslində, bunu Türkiyə-Ermənistan yox, Türkiyə-Qərb münasibətləri kimi qiymətləndirmək lazımdır. Türkiyə uzun illərdir ki, Avropa Birliyinə daxil olmağa çalışır. Ancaq müxtəlif bəhanələrlə bu prosesin qarşısı alınır. Barak Obama ABŞ prezidenti seçiləndə ermənilərə qondarma soyqırımı tanıyacağına söz vermişdi. Obama Türkiyəyə təzyiq etdiyi üçün rəsmi Ankara müəyyən addımlar atmaq məcburiyyətində qalıb. Məncə, sərhəd məsələsi ilə Dağlıq Qarabağ münaqişəsi arasında müəyyən oxşarlıq var. Neçə illərdir ki, münaqişənin həlli də süni bəhanələrlə uzadılır. Hər dəfə həmsədrlər deyirlər ki, proses sürətlənmək üzrədir və bir-iki xırda detal qalıb. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpa olunacağına inanmıram". Konfliktoloq deyib ki, sərhədlərin açılacağı ilə bağlı xəbərlər Azərbaycanda olduğu kimi, Ermənistanda da böyük təpki ilə qarşılanır: "Ermənilər hesab edirlər ki, sərhədlər açılsa və Türkiyə-Ermənistan münasibətləri yaxşılaşsa, erməni xalqı bu məsələdə uduzacaq. Yerevanda düşünürlər ki, güclü Türkiyə zəif Ermənistanın iqtisadiyyatını qısa müddət ərzində özündən asılı vəziyyətə salacaq. İndinin özündə də Ermənistan bazarlarında hər növ türk mallarına rast gəlmək mümkündür. Sərhədlər açılacağı təqdirdə, bu proses daha da sürətlənəcək. Təbii ki, sərhədlərin açılması ilə bağlı xəbərlər Azərbaycanda da narazılıqla qarşılanır. Ancaq mənə elə gəlir ki, sərhədlərin açılması Azərbaycanın xeyrinədir. Bu gün Türkiyə bizim ən yaxın dostumuz, müttəfiqimizdir. Dəfələrlə şahidi olmuşuq ki, istər BMT-də, istərsə də digər beynəlxalq konfranslarda Azərbaycan tərəfinin Dağlıq Qarabağla bağlı tələbləri Avropa dövlətləri tərəfindən qısqanclıqla qarşılanıb. Diplomatik sferada bizə ancaq Türkiyə kömək edir, amma bu dövlətin də imkanları məhduddur. Əgər sərhədlər açılsa, Türkiyə ermənilərin türklərə olan mənfi münasibətini dəyişə biləcək. Bu isə Azərbaycanın xeyrinə olacaq. Ancaq bizim hakimiyyətdən də çox şey asılıdır. Türkiyə ilə münasibətlər elə qurulmalıdır ki, bu ölkənin rəhbərliyi Azərbaycanı unutmamalıdır". Sonda A.Yunus Türkiyə prezidenti Abdullah Gülün ölkəsinin Ermənistanla sərhədləri açmayacağına dair bəyanatına da münasibət bildirib. Konfliktoloq deyib ki, Türkiyə prezidenti bu açıqlamanı verməklə siyasi manevr etmək istəyib: "Gül həmişə Avropaya səfər edəndə bu məsələni qaldırır. Türkiyə prezidentinin bu bəyanatının arxasında daha çox geosiyasi amillər dayanır. Məncə, tələsməyə ehtiyac yoxdur. Ola bilər ki, azərbaycanlılarla ermənilər barışsın, amma Türkiyə-Ermənistan münasibətləri yenə gərgin olaraq qalsın. Rəsmi Ankara çalışır ki, Türkiyə-Ermənistan münasibətlərinə nə ABŞ, nə də Qərb qarışsın. Narahat olmağa əsas yoxdur. Nəticə Azərbaycanın xeyrinə olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA