Hökumətin istefası tələb edilib

img

26-03-2009 [05:13]


Azərbaycan İslam Demokrat Partiyası (AİDP) Siyasi Şurasının toplantısı keçirilib. Toplantının gündəliyinə üç məsələ daxil edilib. Mart ayının 18-də konstitusiyaya əlavə və dəyişikliklə bağlı keçirilən referendum, sosial-iqtisadi durum, fələstinlilərə yardım kampaniyasının keçirilməsi məsələləri müzakirə olunub. Referendumun nəticələri ilə bağlı müzakirədə qeyd olunub ki, əvvəlki seçkilər kimi, bu referendum da yalan və görüntü üzərində qurulmuşdu. Toplantıda referendumun bir sıra özəllikləri də vurğulanıb. Qeyd olunub ki, əvvəllər prezidentin iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı konkret təklif səsləndirənlər və bunu siyasi yarışa çevirənlər nədənsə sonda bu yarışdan vaz keçdilər və hər şeyi ?xalqın istəyi? ilə əlaqələndirmə kampaniyasına start verildi. Toplantı iştirakçıları bunu məsuliyyəti xalqın üzərinə atmaq niyyəti kimi qiymətləndiriblər. Müzakirələr zamanı o da vurğulanıb ki, indiki iqtidar konstitusiyaya dəyişiklik nəticəsində hakimiyyətin ömrünün uzadılmasına nail olsa da bu, ölkənin və xalqın gələcəyi baxımından faciələrlə nəticələnə bilər. Tarixi təcrübə göstərir ki, demokratik olmayan ölkələrdə, demokratik seçkilər keçirilməyən cəmiyyətlərdə, həmçinin uzunmüddətli hakimiyyətlər olan dövlətlərdə problemlər də çox olur, maraqlı və qara niyyətli qüvvələr belə ölkələrdə hakimiyyətdə olanları tələyə salırlar. Müzakirə iştirakçıları bildiriblər ki, bu halda hakimiyyətin salındığı tora xalq da düşür və ən çox zərəri də edə cəmiyyət çəkir. Sosial-iqtisadi məsələlərin müzakirəsi zamanı isə partiya üzvü olan mütəxəssislər bildiriblər ki, dünyanı bürüyən iqtisadi böhran kabusu kapitalist sisteminə xas olan mənfəətpərəstlik, dünyagirliyik, kəsicilik, diktatorluq, istiqamətvericilik kimi xüsusiyyətlərdən yaranıb və güclülər bu metodlar hesabına zəifləri asılı vəziyyətə salmaqla bərabər, maddi və mənəvi durğunluq yaradıblar. Çıxışçılar bu sistemin dünyaya hələ uzun müddətli böhran vəd etdiyini vurğulayıblar. Onlar bildiriblər ki, rabitə və əlaqələrini hakimiyyətlərdə qurmuş bu sistem hesabına güclülər dövlətlərin büdcələrini, eləcə də xalqın kapitalını istədikləri istiqamətlərdə, israfçılıqla xərcləyərək mövqelərini möhkəmləndirirlər. AİDP üzvləri hesab edirlər ki, dünyanı bürüyən iqtisadi böhran Azərbaycanın da başında çatlayacaq. Toplantı iştirakçıları bu qənaətə gəliblər ki, Azərbaycan da yuxarıda sadalanan qaranlıq oyunlara daxil edilib və ölkəmizin bu oyunlarda iştirakı qaçılmazdır. Çıxışçılar qeyd ediblər ki, buna görə də dövlətlə xalq arasında ciddi anlaşma, yəqinlik, səmimiyyət, ədalət prinsipləri axtarılıb tapılmalıdır. Müzakirələr zamanı bildirilib ki, Roma papasının qeyd etdiyi kimi, kapitalistlər, bankirlər, dünyaya ağalıq etmək istəyən ölkələr İslamın qapısına gedib ondan öyrənməlidirlər. Çünki dünyanı və xalqları idarə etmək sadə məsələ deyil. AİDP-çi mütəxəssislər qeyd ediblər ki, dövlət büdcəsini öz şəxsi mənafeləri yolunda israfçılıqla xərcləyən məmurlar korpusu bütövlükdə istefaya getməlidir ki, gələcək fəlakətlərin qarşısı alınsın. Siyasi Şurada iki ay öncə AİDP sədri hacı Tahir Abbaslının fələstinlilərə yardım kampaniyası ilə bağlı təklifi də müzakirəyə çıxarılıb. Təəssüf hissi ilə vurğulanıb ki, İsrailin Fələstinə təcavüzündən iki ay keçməsinə baxmayaraq fələstinlilərə qan və pul yardımı təklifiniə reaksiya verilməyib. Çıxışçılar qeyd ediblər ki, ölkədə bu təklifi gerçəkləşdirmək üçün müəyyən məhdudiyyətlər olduğundan, partiya bu işdə təcrübəsi olan Qafqaz Müsəlmanları İdarəsindən kömək umub. Amma təəssüf ki, bu qurum da təklifə heç bir reaksiya verməyib. Toplantı iştirakçıları bu qənaətə gəliblər ki, təklifin reallaşmamasının əsas səbəbi məhz QMİ-nin bu təklifə reaksiya verməməsidir. (MİA)

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA