14-03-2009 [05:41]
Martın 14-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Muzeyin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov dövlətimizin başçısını, xanımı Mehriban Əliyevanı və qızı Leylanı qarşıladı.
Mehriban xanıma və Leylaya gül dəstələri təqdim olundu.
Prezident İlham Əliyev əvvəlcə birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, o cümlədən ədəbiyyatına diqqət və qayğısını əks etdirən fotoguşəyə baxdı. Burada ulu öndərin büstü qoyulmuş, onun ?Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi nadir bir binadır, unikal bir muzeydir. Oranı qorumaq, saxlamaq lazımdır? sözləri yazılmış lövhə asılmışdır. Eyni zamanda, bu mədəniyyət ocağının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir edilməsi və yenidən qurulmasını bildirən lövhə də vardır.
Muzeylə yaxından tanışlıq zamanı məlumat verildi ki, 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilmiş bina 1915-ci ildə ikinci mərtəbə artırılaraq mehmanxana, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin həm iş, həm yaşayış yeri, 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqının inzibati binası kimi fəaliyyət göstərmişdir. 1939-cu ilin noyabrında Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Nizami Muzeyi yaradılaraq, həmin binada yerləşdirilməsi məqsədi ilə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi ilə əsaslı yenidənqurma işləri aparılmış, fasadda heykəllər qoyulmuş, daha iki mərtəbə əlavə edilmişdir. O vaxtdan sonra binada yalnız cari təmir işləri görülmüşdür. 2004-cü ilin sonunda Prezident İlham Əliyevin muzeyə gəlişindən sonra hazırlanan layihələr əsasında burada əsaslı yenidənqurma və təmir-bərpa işləri başlanmışdır.
Uçmaq təhlükəsi olan binanın təməli və bütün divarları möhkəmləndirilmişdir. Bütün naxış, bəzək və mürəkkəb yapma elementləri təzədən hazırlanmış, 4500 kvadratmetrə qədər sahəyə parket (o cümlədən mürəkkəb naxışlı) döşənmiş, qapı və pəncərələr dəyişdirilmiş, dam yenidən qurulmuşdur. Bina üçün ayrıca transformator qoyulmuş, generator, qazanxana, daimi havalandırma, isitmə və soyutmanı təmin edən ən müasir sistemlər quraşdırılmışdır.
Yenidənqurmadan əvvəl 800 kavdratmetr olan ekspozisiya sahəsi 2500 kvadratmetrə çatdırılmışdır. Hazırda ekspozisiya 30 əsas və 10 köməkçi salonda yerləşir. Müxtəlif tədbirlərin keçirilməsi üçün 270 və 75 yerlik iki salon əsaslı şəkildə yenidən qurularaq, lazımi avadanlıqla təchiz edilmişdir.
Yenidənqurmadan öncə muzeyin 120 mindən artıq eksponatından ekspozisiyada 1000-i göstərilirdisə, yeni ekspozisiyada 25 mindən çox eksponat var. Bütün ekspozisiya salonları kompyuterləşdirilmiş, tamaşaçıların müstəqil işləmələri üçün monitorlar quraşdırılmış, Azərbaycan, ingilis və rus dillərində informasiya bazası yaradılmış, audio-video materialları seyr etmək üçün 14 monitor və dinləmə qurğuları olan xüsusi böyük salon təşkil edilmişdir. Muzeyin fondları zəruri texnika və avadanlıqla təmin olunmuşdur.
1000 kvadratmetr sahəni əhatə edən inzibati otaqlar zövqlə təmir edilmiş, rahat mebel və avadanlıqla, zəruri texnika ilə təchiz edilmişdir. Binanın daxili və xarici işıqlandırılması, bütün ekspozisiya salonlarının və inzibati otaqların daimi video-nəzarət sistemi yaradılmışdır. Muzeydəki tədbirləri, mədəniyyət tariximizlə bağlı süjetləri şəhər sakinlərinə mütəmadi çatdırmaq üçün muzeyin xaricində xüsusi səsli monitor quraşdırılmışdır. Birinci mərtəbədəki vitrinlər ədəbiyyatımızın klassiklərini və onların seçmə fikirlərini əks etdirən, artıq paytaxt sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanan dekorativ banerlərlə bəzənmişdir.
200-dən çox əməkdaşı olan muzeydə işçilərin fəaliyyəti və istirahəti üçün də lazımi şərait yaradılmışdır. Muzeyin həyəti istirahət, müxtəlif tədbirlər keçirmək üçün zövqlə, səma altındakı açıq ekspozisiya kimi tərtib edilmişdir. Muzeyin yaxınlığında qurulmuş böyük monitorda yalnız Azərbaycan mədəniyyətini, ədəbiyyatını, tarixini təbliğ edəcək videomateriallar nümayiş olunacaqdır.
Dövlətimizin başçısı Yaxın və Orta Şərqdə, eləcə də Avropada yeganə ədəbiyyat muzeyi olan bu mədəniyyət ocağının böyük konfrans salonunu, ?Qədim dövr?, ?Dədə Qorqud?, ?Nizami Gəncəvi?, ?Məhsəti Gəncəvi?, ?Xaqani Şirvani?, ?İmadəddin Nəsimi?, ?Məhəmməd Füzuli?, ?Şah İsmayıl Xətai? salonlarını gəzdi.
Muzeyin ekspozisiyası qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verir. Burada Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin nadir əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilən miniatürlər, illüstrasiyalar, müxtəlif kitablar, qəzet və jurnallar, müasir Azərbaycan yazıçılarının əsərləri, təsviri sənət nümunələri və sənədli fotoşəkillər, şəxsi xatirə əşyaları, xalq yaradıcılığı nümunələri, Azərbaycan ərazisindən tapılan və müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, bədii xalçalar, saxsı və bürünc qablar, digər maddi mədəniyyət abidələri nümayiş olunur.
Üçüncü mərtəbədə nümayiş olunan maraqlı eksponatlar arasında Pənah xana məxsus, üzərində ?Qurani-Kərim? ayələri yazılmış ?gülləbatmaz? köynək, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Abdulla Şaiqin, Mir Cəlal Paşayevin, Nigar Rəfibəylinin şəxsi əşyaları, şəkilləri, habelə ötən əsrin 1930-cu illərində repressiya qurbanı olmuş şair və yazıçıların sənədlərinin surətləri vardır.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Əlimərdan bəy Topçubaşovun Prezident İlham Əliyevin təşəbbüsü ilə Parisdən Bakıya gətirilmiş qəbirdaşı da muzeydə nümayiş olunur. Əlimərdan bəy Topçubaşovun məzarı üstündə isə abidə qoyulmuşdur.
Prezident İlham Əliyev muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı:
?Nizami adına Azərbaycan Milli Ədəbiyyatı Muzeyinin təmirdən sonra yenidən fəaliyyətə başlaması müasir Azərbaycan tarixində çox əlamətdar hadisədir. Muzeydə nümayiş etdirilən eksponatlar və sənət əsərləri Azərbaycan xalqının nə qədər zəngin mədəniyyətə malik olduğunu göstərir. Muzeyin bütün əməkdaşlarına yeni uğurlar arzulayıram.