Paytaxtın yol polisinin rəisi kimdən şübhələnir? - Polkovnik "Mənbə axtarışı"ndadır!

img

17-10-2015 [00:07]


Bu gün Xətai Rayon Məhkəməsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərovun "AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi davam etdirilib.


DYP rəisi "AzPolitika” saytının 31 avqust tarixli sayında dərc olunmuş "Nuşirəvan və "bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir”!” adlı yazıda təhqir olunduğunu, ona böhtan atıldığını iddia edərək, Elnur Məhərrəmlinin CM-nin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunması barədə iddia qaldırıb.

Prosesdə Elnur Məhərrəmli xüsusi ittiham qaydasında şikayət üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə yazılı vəsatət verdikdən sonra ifadəsini davam etdirib.

"Məqsəd "sifarişçinin” adını öyrənməkdir”

O, bildirib ki, sözügedən məqalədə N.Səfərovun təhqir olunduğu, ona böhtan atıldığı ilə bağlı iddia ilə razı deyil: "Düşünürəm ki, hörmətli N.Səfərov da bunu yaxşı bilir, sadəcə "AzPolitika” saytını və digər KİV-ləri gələcəkdə növbəti tənqidi yazılardan çəkindirmək, jurnalistləri qorxutmaq, Bakı BDYPİ barəsində yazıların qarşısını almaq və onu ictimai nəzarətdən kənarda qoymaq, eyni zamanda məni həbslə hədələməklə qorxutmaq və bu yolla məndən yazının "sifarişçisini” öyrənmək niyyətindədir. Təsadüfi deyil ki, mübahisəni məhkəməsiz, öz aramızda danışmaq və həll etməklə bağlı təşəbbüslərə hörmətli N.Səfərov bir şərtlə razılıq verib ki, "sifarişçinin adını desin”. Lakin N.Səfərov nəzərə almır ki, jurnalistin də peşə sirri deyilən bir anlayış var və heç bir jurnalist "KİV Haqqında” Qanunun 11-ci maddəsində göstərilmiş hallar istisna olmaqla, öz peşə sirrini yaymağa məcbur edilə bilməz. Bizi isə, belə vasitələrlə heç məcbur edə bilməz.”

E.Məhərrəmli daha sonra xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ictimai nəzarətin vacibliyi ilə bağlı çıxışlar edib, vətəndaşları və KİV-i ölkədəki məmur özbaşınalığına, qanunsuzluqlara, korrupsiyaya qarşı aktiv mübarizəyə səsləyib. İctimai nəzarətin həyata keçirilməsi isə KİV-in əsas vəzifələrindən biridir. "Azərbaycanın Dövlət Yol Polisi strukturlarında korrupsiya və rüşvətin necə geniş yayıldığını nəinki Azərbaycanda, hətta yaxın xaricdə də bilməyən yoxdur.
Heç bir şübhə yoxdur ki, Azərbaycanda xalq arasında DYP-nin nüfuzu çox aşağıdır. İnsanlar bu struktura korrupsiyanın tuğyan etdiyi bir dövlət idarəsi kimi baxırlar. Bəs bu şəraiti yaradanlar kimlərdir? Ən böyük məsuliyyət daşıyanlar elə DYP-nin rəhbərləri deyilmi? Elə isə KİV, DYP rəhbərlərini niyə tənqid etməməlidir? Məgər DYP-nin rüşvət bataqlığında boğulduğu reallığı kimdəsə şübhə doğurur ki, hörmətli N.Səfərov bunu yazdığımıza görə həbsimi tələb edir?!”

"Bilmədən DYP sistemində gedən "müharibənin” içinə düşmüşəm…”

Sayt rəhbəri daha sonra qeyd edib ki, Azərbaycanda N.Səfərovdan dəfələrlə yüksək vəzifə tutanlar – ölkənin siyasi rəhbərləri haqda KİV-lərdə ən qəddar tənqidlər, hətta bəzən təhqirlər yazılıb. Lakin həmin dövlət xadimləri, siyasətçilər, o cümlədən də hörmətli Daxili İşlər naziri Ramil Usubov indiyədək nəsə yazdığına görə hər hansı jurnalisti tutdurmayıblar. Dövlət başçısı dəfələrlə məmurlara mətbuatın yazdığına dözümlü yanaşmaq çağırışı edib və özünü nümunə göstərib. "N.Səfərov bütün bunları görməzlikdən gələrək, pozulmuş hesab etdiyi hüquqlarını qorumaq üçün çoxsaylı vasitələr olmasına baxmayaraq, birbaşa həbs tələbilə çıxış edir. Halbuki, onun "AzPolitika”dan rəsmi təkzib və üzrxahlıq tələb etmək, DYP-nin və özünün cavab haqqını işıqlandırmağı istəmək, Mətbuat Şurasına şikayət etmək, məhkəmədə maddi-mənəvi təzminat iddiası qaldırmaq kimi qarşısında geniş seçim imkanları olub. Bu vasitələrdən istifadə etməklə, o, əgər haqlıdırsa, həqiqətən böhtana və təhqirə məruz qalıbsa, ictimai rəydə özünə bəraət almış ola bilərdi. Lakin birbaşa həbs tələbi qoyur, çünki məqsəd ictimai rəydə özünə bəraət almaq deyil. İctimai rəy heç onun vecinə də deyil. Məqsəd məhkəmədən təzyiq və hədə vasitəsi kimi istifadə etməklə, məni olmayan "sifarişçini” açıqlamağa məcbur etməkdir. Bir qədər də konkretləşdirsək, mən sözügedən yazıya görə bilmədən və istəmədən DYP sistemində gedən mövqe "müharibəsinin” içinə düşmüşəm. N.Səfərov həmin yazının "sifarişçisi” kimi öz ərtafından və özünün yuxarı rəhbərliyindən şübhələnir. Lakin biz bütün bunlardan yazı dərc olunduqdan sonra xəbər tutmuşuq. Hətta N.Səfərovun yazı yayımlanan gün məzuniyyətdən işə qayıtdığını da sonra bilmişik. Hansı ki, hörmətli DYP rəisi bu təsadüfə böyük məna verərək, yazının sifarişlə yazıldığına özü özünü inandırmaqdadır.”

"Hakimiyyətin prinsipial mövqeyini saymazlıqdan gəlir…”

menE.Məhərrəmli daha sonra deyib ki, bütün bu intriqalara, mövqe və nüfuz savaşına görə N.Səfərov Azərbaycan dövlətinin və hakimiyyətinin həssas bir mərhələdən keçdiyini, müəyyən xarici dairələrin Azərbaycan hakimiyyətini hədəfə aldığı, hər xırda, bəzən əhəmiyyətsiz fakta görə belə hakimiyyətin ittiham olunduğu, hətta bir futbolçunun sifarişi ilə döyülmüş və daha sonra dünyasını dəyişmiş fotoreportyora görə belə Azərbaycan hakimiyyətinin hədəfə çıxarıldığı reallığını nəzərə almayaraq, özünün və təmsil olunduğu mənfəətçi qrupun merkantil maraqlarını hər şeydən önə keçirərək, haqlı tənqidə görə jurnalisti həbs etdirmək və ya MƏHKƏMƏ VASİTƏSİLƏ ONA TƏZYİQ GÖSTƏRMƏK YOLUNU TUTUR. "Bu zaman yazdığına görə jurnalistin həbsinin yolverilməzliyi barədə Azərbaycan hakimiyyətinin prinsipial siyasi mövqeyini də saymazlıqdan gəlir.”

Bundan sonra E.Məhərrəmli DYP rəisinin iddiasının nə qədər əsassız olduğunu göstərmək üçün yazının hər abzası, sətiri ilə bağlı təhlilini məhkəmənin diqqətinə çatdırıb. Məqalənin giriş hissəsində N.Səfərovun ümumiyyətlə adının çəkilmədiyini qeyd edən sayt rəhbəri deyib:

"Məqalənin girişdən sonrakı hissəsi xüsusi ittihamçının ən çox narazılıq etdiyi hissədir. Orda deyilir:
"Əlbəttə, bütün məsələləri kadrlar həll edir. Rəhbər vəzifəli şəxsin şəxsi keyfiyyətlərindən asılı olaraq, sistem mənfiyə və müsbətə doğru dəyişə bilər. Məsələn, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəhbərliyinə 2010-cu ildə polkovnik Nuşirəvan Səfərovun gətirilməsindən sonra, bu idarənin işində baş verən "keyfiyyət” dəyişikliyi buna əyani misaldır. Kimdir Nuşirəvan Səfərov?
Bu suala bir sözlə də cavab vermək olar: HEÇKİM! Xüsusi qabiliyyəti və mənəvi keyfiyyətləri, savad və bacarığı, xidməti ilə seçilməyən sıradan, kobud, savadsız, özündərazı, qanunlara sayqısız, mənəvi dünyasında haqsızlığa, qanunsuzluğa və rüşvətə geniş meydan verilən bir polis zabiti!”

Bu abzas ilk baxışdan sərt, hətta hədsiz sərt hücum kimi görünə bilər. Lakin seçilən ifadələri ayrı-ayrılıqda nəzərdən keçirdikdə heç bir təhqirin olmadığı sübut olunur. Bu hissədəki hər bir sözə təklikdə diqqət edək:

HEÇKİM – Yəni sıradan biri. "Sən heçkimsən”, "onların qarşısında biz heçkimik”, "onlar heçkimdilər” və sairə bu tipli ifadələr gündəlik həyatımızda tez-tez işlənir və kimsə bu sözü təhqir kimi qəbul etmir. İndiki halda biz bu ifadəni "xüsusi qabiliyyəti ilə seçilməyən, avtoriteti olmayan bir adam” formasında qəbul edə bilərik. Müəllif məhz bunu ifadə etmək istəyib.

"Xüsusi qabiliyyəti və mənəvi keyfiyyətləri, savad və bacarığı, xidməti ilə seçilməyən…” – Bu cümlədə də hər hansı təhqirdən söhbət gedə bilməz. Bir insanın "xüsusi qabiliyyəti və mənəvi keyfiyyətləri” ilə seçilməməsi onun mənəviyyatsız olduğu anlamına gələ bilməz. Qabiliyyətsizlik və ya qabiliyyətsizlikdə ittihamı da təhqir kimi qəbul etmək mümkün deyil.

Barəsində danışdığımız abzasdakı digər sözlər:

SIRADAN – Yəni milyonlardan biri

KOBUD – Gündəlik həyatda tez-tez işlədilən bir sözdür. Təhqir kimi qəbul olunmur.

SAVADSIZ – Nisbilik daşıyan bir sözdür. Azərbaycanda yüzminlərlə savadsız insan var. Kimin üçünsə savadlı hesab olunan bir insan, başqası üçün savadsız görünə bilər. İndiki halda N.Səfərovun BDYP-nin işini düzgün tənzimləyə bilmədiyi əsas götürülərək bu ifadə işlədilir. Birbaşa mənasında da təhqir deyil.

ÖZÜNDƏNRAZI – Özündənrazılığın müsbət, yoxsa mənfi keyfiyyət olduğu mübahisəlidir. Heç bir halda təhqir deyil.

QANUNLARA SAYQISIZ – Bu ifadənin də üzərində xüsusi dayanmamaq olar. Lakin hörmətli N.Səfərovun qanunlara o qədər də sayğılı yanaşmadığını bir maddi sübutla sübut etmək olar. Sizə təqdim olunan "yaddaş kartı”nda bu yaxınlarda N.Səfərov tərəfindən DYP-dəki işindən azad olunan yol polisi inspektoru Cavanşir Lətif oğlu Qasımovun etiraflarının audioyazısı var. Orda Cavanşır Qasımov bildirir ki, general Nəcməddin Sadıkovun oğlunun sükanı arxasında olduğu avtomobili saxlayarkən təhqir olunub. Səhər işə gələndə isə rəis N.Səfərov onu çağıraraq deyib: "Sən neyləmisən, onun nömrəsinə baxmırsan ki? Niyə saxlamısan axı onu?”.
Azərbaycan qanunları vətəndaşlar arasında ayrıseçkilik qoymağı qadağan edir. Hamı qanun qarşısında bərabərdir. Lakin N.Səfərov Konstitusiyamızın bu tələbinə məhəl qoymayaraq, N.Sadıkovun oğlunu qanunların fövqünə qaldırır. Onu saxladığına görə öz işçisini danlayır və işdən azad edir. Beləliklə də qanunlara sayqısızlıq edir.

"MƏNƏVİ DÜNYASINDA HAQSIZLIĞA, QANUNSUZLUĞA VƏ RÜŞVƏTƏ GENİŞ MEYDAN VERİLƏN BİR POLİS ZABİTİ” – Hər bir insanın mənəvi məsuliyyət daşıdığı bir dünya var. N.Səfərovun ailəsi, birinci dərəcə qohumları ilə yanaşı, rəhbərlik etdiyi idarə də onun mənəvi məsuliyyətini daşıdığı müstəvidir. Necə ki, övladın etdiyi cinayətə, tərbiyəsizliyə görə valideyin məsuliyyət daşıyırsa, tabeçilikdə olanların hərəkətlərinə, davranışlarına görə də rəhbər məsuliyyət daşıyır. Lakin bu mənəvi məsuliyyətdir. Hüquqi məsuliyyəti də istisna deyil, amma bunu gərək istintaq araşdırsın.
N.Səfərovun bir rəis kimi öz fəaliyyətində haqsızlığa və qanunsuzluğa yol verdiyini təkcə elə N.Sadıkovun oğlu ilə bağlı insident açıq şəkildə ortaya qoyur.
N.Səfərovun mənəvi dünyasında rüşvətə geniş meydan verildiyini isə xüsusi olaraq sübut etməyə ehtiyac olmasa da, Sizə elə N.Səfərov barəmdə xüsusi ittiham qaydasında şikayət etdiyi gün elə mənim avtomobilimin saxlanması və yol polisi inspektoru tərəfindən həyasızcasına rüşvət istənilməsinin əks olunduğu videokadrları təqdim edirəm (Yaddaş kartındakı video). Bir başqa sübut isə internetdə milyonlarla insan tərəfindən izlənilib. Söhbət N.Səfərov BDYP-yə rəis təyin olunduqdan bir neçə ay sonra onun əməkdaşlarının Bakının mərkəzində kütləvi rüşvət toplamasını əks etdirən görüntülərdən gedir. Bu video mübahisəyə səbəb olmuş yazıda təqdim olunub.

Göründüyü kimi, N.Səfərovun ən çox üzərində durduğu hissədə nə təhqirdən, nə də böhtandan söhbət gedə bilməz.”

E.Məhərrəmli yazıda əksini tapan bir çox məlumatların digər KİV-lərdən götürüldüyünü, buna dair konkret sübutlarını məhkəmənin diqqətinə çatdırıb, xatırladıb ki, "KİV Haqqında” Qanunun 62-ci maddəsinin 3-cü bəndi kütləvi informasiya vasitələrində yayılmış və təkzib olunmamış məlumatlara görə məsuliyyətdən azad edir. "Təqdim olunan məlumatların heç biri, o cümlədən bacısı oğlunun DYP-də alarkən saxlanılması barədə məlumatlar N.Səfərov və ya rəhbərlik etdiyi idarə tərəfindən heç vaxt təkzib olunmayıb.”

Baş redaktor xüsusi ittihamçının vəkilinin suallarını cavablandırdıqdan sonra hakim müşavirə otağına gedib, qayıdanda isə yazıda təhqirin olub-olmadığını müəyyənləşdirmək üçün ekspertizanın təyin olunması barədə qərarını elan edib.

Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

"AzPolitika”


Digər xəbərlər
SON XƏBƏRLƏR