Elmar Hüseynovun doğum günü məzarlıqda qeyd edildi- FOTOLAR

img

17-07-2015 [14:11]


İyulun 17-də mərhum jurnalist, "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günü qeyd edilib. Jurnalistin anım mərasimi üçün yaxınları, dostları, siyasi-ictimai xadimlər, siyasi liderlər və jurnalist həmkarları "Qurd qapısı” qəbiristanlığında yerləşən məzarı başına toplaşıblar.

"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev çıxış edərək bildirib ki, Elmar Hüseynovun 48 yaşı tamam olur: "Bir neçə gün sonra ölkə mətbuatı 140 illiyini qeyd edəcək. Elmar Hüseynovun bizə qoyduğu irs buradan keçir. O, Həsən bəy Zərdabinin qoyduğu yolu davam etdirib. Bu yol bu gün də davam edir. Onun yaradıılığı bizim üçün kifayət qədət böyük əhəmiyyət kəsb edir”.

M.Əliyev həmçinin qeyd edib ki, ölkədə azad cəmiyyətin qurulması şansları çox böyükdür: "Proses artıq başlayıb, gedir. Biz Elmar Hüseynovun arzularına çatacağıq”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə bildirib ki, E.Hüseynov rejimin qurbanıdır: "Biz ən azı ildə iki dəfə buraya gəlirik. Çox zaman dediklərimizi təkrar edirik. Hər il deyirik ki, Elmar Hüseynov bu hakimiyyətin qurbanıdır, Əliyev rejiminin, İlham Əliyevin qurbanıdır. İlham Əliyev on il əvvəl vəd etmişdi ki, bir həftədə qətlin üstü açılacaq. Ancaq günlər aylara, illərə çevrildi. Bu məsələyə hələ də nöqtə qoyulmayıb. Bu həqiqətləri biz hər il söyləyəcəyik. Həqiqət gerçəkləşənə, tam hüquqi qiymətini alana qədər söyləyəcəyik”.

İ.Qəmbər həmçinin vurğulayıb ki, E.Hüseynovun ad günü bir qədər fərqli şəkildə qeyd olunmalıdır: "Elmarın dünyaya gəlməyi Azərbaycan xalqının potensialından, xalqımızın gücündən xəbər verir. Biz iyulun 17-ni bayram kimi qeyd etməyi bacarmalıyıq”.

"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə deyib ki, Azərbaycan mətbuatı haqqında qalib danışa bilmirik: "Elmarın qətlindən keçən on il ərzində mətbuatımız bəlkə yüz il geri gedib. Hazırda ölkədə həqiqəti yazan 8 jurnalist belə yoxdur. Ancaq 800 jurnalist fəxri ad  almaq üçün müraciət edib. Ölkənin mediası bu dərəcədə zəifləyibsə, 8 nəfərin həqiqəti yazmaq cəsarəti yoxdursa, ölkədə mətbuat azadlığından danışmağa dəyməz. Ancaq azad söz uğrunda mübarizə davam etməlidir. Biz itirilmiş mövqeləri bərpa edəcəyik”.

Müstəqil jurnalist Çingiz Sultansoy isə vurğulayıb ki, Elmar Hüseynovun varlığı və çıxartdığı qəzetlər, "Monitor” jurnalı Azərbaycan jurnalistikasının cəsarət plankası idi. Elmarın ölümündən sonra hakimiyyət jurnalistləri öldürmək yox, ələ almaq yolu tutub. Bu, o deməkdir ki, Elmar ölümü ilə də bizi qoruyur. Ümid edirəm ki, yaxın gələcəkdə qatillər cəzalandırılacaq. Bizim hakimiyyət qətlin üstünün açılmasında maraqlı deyil”.
 
Qeyd edək ki, Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilib. E.Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub. O, "Bakı Bulvarı” və "Monitor” jurnalının baş redaktoru olub.
 
2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman "Monitor” jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.
 
O zaman dövlət başçısı İlham Əliyev qatili tapmaq üçün istintaqı nəzarətə götürdü. ABŞ və Türkiyə xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olundu. Az sonra istintaq qətli törədənlərin Tahir Xubanovla Teymuraz Əliyevin olduğunu, Gürcüstanda gizləndiklərini bildirdi. Amma həmin şəxslər bu gün də həbs olunmayıblar.
 
Bu cinayət işinin istintaqı ilə MTN məşğul olur. Nazirlik istintaqla bağlı sonuncu dəfə açıqlamasında bildirib ki, cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri fasiləsiz surətdə davam etdirilir. Cinayət işi MTN İstintaq İdarəsinin icraatına verildiyi vaxtdan ötən müddət ərzində 1000-ə qədər müxtəlif istintaq və prosessual hərəkətlər həyata keçirilib. Qətlin törədilməsində iştirakları sübuta yetirilmiş şəxslər barədə həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. 

Musavat.com.
Röya RƏFİYEVA
Fotolar müəllifindir








Digər xəbərlər
SON XƏBƏRLƏR