İosif Vissarionoviç Stalin, Sergey Mironoviç Kirov, Marşal Konev, üç dəfə sovet ittifaqı qəhrəmanı Kojedub və ... mən...

img

01-12-2014 [16:48]


Kərim Kərimli

1 dekabr Azərbaycanın və SSRİ-nin bolşevik rəhbərlərindən biri olan Sergey Mironoviç Kirovun qətlə yetirildiyi gündür. 

Dərhal sual yarana bilər ki, onun öldürüldüyü günü ayrıca bir yazı ilə qeyd etməyə nə lüzum var? Sualın müəllifi bəlkə də haqlı olardı. Lakin qeyd etməyə məcburam ki, bu adam 1921-1925-ci illərdə respublikamızın birinci şəxsi – rəhbəri olub. Bəli, Kirov o illərdə Azərbaycan SSR Kommunist (bolşeviklər) Partiyasının Birinci Katibi idi. Azərbaycan XX əsrin sonunda müstəqilliyini qazandığı ərəfəyədək Kirovun əzəmətli heykəli paytaxtımızın ən hündür və ən müqəddəs yerində göylərə ucalırdı. Əlbəttə, inanıram ki, hətta ən gənc nəsillərimizin nümayəndələrinə belə aydındır ki, kommunist-bolşevik liderlərindən birinin heykəlinin ucaldığı yerə müqəddəs deməyimin səbəbi nədir: bir əsrdə müstəqilik uğrunda iki dəfə qalxdığı ən qanlı mübarizələrdə Azərbaycan xalqının verdiyi saysız-hesabsız şəhidlərin əksəriyyəti məhz burada – dağüstü Çəmbərəkənd qəbiristanlığında dəfn edilib... 

Şəxsi mənada isə…

Bu hadisə mənimçün ona görə əhəmiyyətlidir ki, çox sevdiyim və tarixi ilə öyündüyüm, Azərbaycanın gözəl və qədim şəhərlərindən, həmçinin tariximizin müəyyən dönəmlərində paytaxtlarımızdan biri olan Gəncə uzun müddfət məhz onun – Kirovun adını daşıyıb. Qədim Gəncə məhz Kirovun adının əbədiləşdirilməsi məqsədilə Kirovabad adlandırılırdı. Mənim şəxsi həyatıma aid maraqlı hesab etdiyim bir detal da odur ki, beş il ali təhsil aldığım və 18 yaşımdan 23 yaşımadək yaşadığım və düşünürəm ki, yaxşı və mənalı həyat sürdüyüm, nə isə öyrənə bildiyim, indi isə vaxtaşırı ziyarət etdiyim, yaxşı əlaqələrim olan, dostlarımın yaşadığı şəhər – Ukrayna Respublikasının eyniadlı vilayətinin paytaxtı olan Kirovoqrad şəhəri də onun adını daşıyırdı və maraqlıdır ki, indi də daşıyır. Ukrayna onun adını şəhərin pasportundan hələ silməyib. Şəhərin mərkəzindəki onun adını daşıyan böyük meydanda isə sergey Mironoviçin əzəmətli heykəli ucaldılmışdı…
Onu da qeyd edim ki, Gəncə qədim Gəncəlikdən sonra və Kirovabadlıqdan əvvəl Yelizavetpol olduğu kimi (arada qısa fasilə ilə) Kirovoqrad da əvvəllər Yelisavetqrad olub. Sovetlər gələndən az sonra (1924) Zinovyevsk, Kostrikovun ölümündən sonra isə Kirovoqrad adlandırılıb.

Əsil soyadı Kostrikov olan Kirov - Sergey Mironoviç Kirov 1934-cü il dekabrın 1-də qətlə yetirilərkən Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Siyasi Bürosunun üzvü, katibi, ÜİK(b)P-nin Şimal-Qərb bürosunun birinci katibi və ÜİK(b)P Leninqrad Vilayət və Leninqarad Şəhər Komitələrinin birinci katibi kimi yüksək vəzifələr daşıyırdı. …Və cəmi 48 yaşı var idi.
Kirovu ağlagəlməz bir yerdə - iş kabinetinin ağzında, arxadan başından güllələmişdilər və o dərhal yerindəcə keçinmişdi. 

Tarixçilərin yazdığına görə onu yenə də ağlagəlməz bir adam, ictimai-siyasi həyatda "heç kim” kimi qiymətləndirilən Leonid Nikolayev adlı bir nəfər güllələmişdi.

…Və yenə də tarixçilərin yazdığına görə hadisənin səhəri gün başının dəstəsi ilə hadisə yerinə gələn Stalin bu hadisədən sui-istifadə edərək özünə müxalif hesab etdiyi görkəmli partiaya və inqilab rəhbərlərindən ibarət bir neçə dəstəni repressiya edərək dəhşətli cəzalara məruz qoyub. Lakin, yenə də tarixçilərin təbirincə desək, indiyədək Kirovun ölümünün əsil səbəbləri, təşkilatçıları, sifarişçiləri aydınlaşdırılmayıb.

…1980-cii illərin ortalarında mənim təhsil aldığım Kirovoqrad Dövlət texniki Universiteti ilə üzbəüz, küçənin əks tərəfində Kirovoqradın alman faşistlərindən azad edilməsində xüsusi rolu olmuş və həm də buna görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş,Sovet İttifaqı Marşalı İvan Stepanoviç Konevin heykəlinin açılışında iştirak edən üç dəfə Sovet İttifaqı Qəhrəmanı İvan Kojedubla mənim də iştirak etdiyim görüş zamanı ona verilən suallardan biri də adı bu şəhərə verilən Kirovun ölümü ilə bağlı idi: təsadüf, ya təşkil olunmuş sui-qəsd? Əfsanəvi təyyarəçi bu suala gülərək təxminən belə cavab verdi: 

- Əgər mən sizə Kirovun ölümündən sonra xalqın bəstələdiyi "mahnı”dan bir parça desəm qane olarsınızmı? Məsələn, belə: "…oqurçiki I pomidorçiki, Stalin ubil Kirova v koridorçike..” (yadımda qalan budu). 

…Bu gün həmin sui qəsddən 80 il keçir. 

…Və hələ də bu hadisəyə lazımi bir aydınlıq gətirilməyib.

Yeri gəlmişkən, nisbətən təzə xəbər isə odur ki, ukraynalılar da azərbaycanlıların hərəkətini təxminən 25 il sonra təkrar ediblər. Bu il fevralın 23-də Kirovun Kirovoqrad şəhərinin mərkəzindəki heykəli demontaj edilərk oradan yığışdırılıb. 

Indi artıq Kirovoqrad da Bakı kimi Kirovsuz və onun heykəli olmadan yeni həyat yaşamağa başlayıb…

Bir müddət əvvəldən başlayaraq şəhərin də adının dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır. Yeni adlar və ya köhnənin bərpası təklif edilir. Hələlik məlum olan odur ki, şəhərin adının rəsmən dəyişdirilməsi üçün ən azı 3 min nəfərin imzası ilə müraciət olmalı, sonra yerli rəhbərlik məsələyə baxmalı və yalnız bundan sonra ölkənin Ali Radası müvafiq qərar qəbul etməlidir. 

Müəyyən mənada bir az da mənim şəhərim olan Kirovoqradın yeni adı nə olacaq?

…Kaş ki, GƏNCƏ qədər gözəl ad olaydı!

Digər xəbərlər
SON XƏBƏRLƏR