Şəfa və fədakarlıq nümunəsi: Hikmət həkim... - FOTOLAR

Şəfa və fədakarlıq nümunəsi: Hikmət həkim... - FOTOLAR

CƏMİYYƏT

Bugün, 17:15

Çox nadir insanlar olur ki, onlarla yaxın ünsiyyətdə olduqca, yaxından tanıdıqca hörmətin daim artır. Hər görüşəndə çoxdan üzünü görmədiyin doğma bir insanla qarşılaşmış kimi hiss edirsən özünü. Hər ünsiyyətdən sonra da böyük məmnunluqla ayrılırsan.

İndiki zamanda belə şəxslər həyatımıza xoş ovqat, rəng qatan, insanlığı yaşadan dəyərlərin daşıyıcılarıdır. Belə insanların əqidəsində saflıq, dürüstlük, gözütoxluq onların varlığına, əməllərinə hopmuş həyat prinsipləridir. Onlar zamanla, şəraitə görə heç vaxt dəyişmirlər, başqa cür ola da bilməzlər. Düşünürəm ki, bunlar Allahın lütfüdür.

Bu sətirləri yazarkən xəyalımda bu gün doğum günü olan Hikmət həkimin nurlu çöhrəsi, xoş təbəssümü canlanır. 15 ilə yaxın müddətdə daim əlaqədə olduğum bu əziz, gənc insanın mənəvi zənginliyini, yüksək mədəniyyətini, ünsiyyət və davranış tərzini sözlə ifadə etməyə çalışıram.

Bircə şeyi dəqiq bilirəm: Hikmət həkimlə hər dəfə görüşəndə, onunla zəngləşəndə, eləcə də indi haqqında yazarkən ruhum dincəlir, sanki saflaşıram...

HİKMƏT HÜSEYNLİ

Hikmət Hüseynlinin həkim kimi keçdiyi həyat yoluna qısa nəzər yetirək:

2001-ci ildə Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini bitirib.

2002–2004-cü illərdə Murovda yerləşən 172 saylı hərbi hissədə tibb xidməti leytenantı, zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur.

 2004-cü ildə İmişli Rayon Uşaq Xəstəxanasında əmək fəaliyyətinə başlamış, sonra rayon Dəmiryol Xəstəxanasında uşaq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2006-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Diplomdansonrakı Təhsil Universitetində endoskopiya ixtisası üzrə altı aylıq kurs keçmişdir. Azərbaycana qayıtdıqdan sonra həm pediatr, həm də endoskopiya sahəsində fəaliyyətini davam etdirmişdir.

2017-ci ildə Türkiyənin Samsun şəhərində yerləşən Ondokuz Mayıs Universitetində altı aylıq kurs keçmiş, 2019-cu ildə isə İzmir şəhərində Ege Universitetində peşəkar biliklərini təkmilləşdirmişdir.

Hikmət Hüseynli beynəlxalq təcrübənin və davamlı tibbi təhsilin əhəmiyyətini nəzərə alaraq, müxtəlif xarici ölkələrin nüfuzlu ali təhsil və tibb müəssisələrində ixtisasartırma kurslarında müntəzəm olaraq iştirak edir.

Hazırda İmişli rayonunda yerləşən Medisan Klinikasında təcrübəli həkim, peşəkar uzman kimi şərəf və məsuliyyətlə fəaliyyət göstərir.

 Onun peşəkar pediatr kimi gələcəyimiz olan uşaqların sağlamlığının qorunmasında xidmətləri əvəzsizdir.

Bu gün Hikmət həkim neçə-neçə ailənin sevimlisidir. Bu sevgi həm peşəkarlığının, həm də insanlara səmimi münasibətinin yüksək göstəricisidir. O, daim bilik və bacarığını artıraraq, yenilikləri mənimsəyərək mükəmməl bildiyi və sevdiyi peşəsi ilə bərabər öz xoş aurası ilə də şəfa verir, ətrafında gözəl ovqat yaradır.

Hikmət həkim artıq böyüməkdə olan nəvələrimin, bütövlükdə ailəmizin doğma, ümid dolu və əziz insanıdır!

Şəxsiyyətini səciyyələndirən digər mühüm cəhət isə Vətən müharibəsi dövründə aydın şəkildə özünü göstərdi.

İkinci Qarabağ müharibəsi başlayandan sona qədər ön cəbhədə zabit kimi iştirak etdi.

Xatırlayıram, müharibədə döyüşün qızğın çağında cəbhə yoldaşları ilə sürətlə irəliləyərkən yaranmış şəraitdə bir neçə gün onunla əlaqə saxlamaq mümkün olmamışdı. Döyüşçü yoldaşları ilə son dərəcə ağır və təhlükəli şəraitdə qalaraq, yalnız qoşunlarımızın irəliləməsindən sonra təcrid vəziyyətindən xilas ola bilmişdilər... Həmin günlər onu sevən insanların keçirdikləri həyəcanlar unudulmazdır... Bəli, onun döyüş yolu da vətənpərvərlik və fədakarlıq nümunəsidir!

 Biz onunla həmişə qürur duyuruq!

 Əziz Hikmət həkim, doğum gününüz, yeni yaşınız mübarək! Sizə insani keyfiyyətlərinizə yaraşan mənəvi ucalıq, həkimlik fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Gözəl ailə başçısı kimi ailənizlə birlikdə sağlam, xoşbəxt və uzun ömür yaşayasınız!

Uca Tanrı Sizi qorusun!

Dərin hörmətlə,

Vahid Tağıyev

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR