Prokurorluğa qulluğa qəbul: yazılı imtahan keçirilib

Prokurorluğa qulluğa qəbul: yazılı imtahan keçirilib

CƏMİYYƏT

Bugün, 17:16

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş ali hüquq təhsilli mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 97 faizini təşkil etməklə, onların böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda bir hissəsi rəhbər vəzifələrdə çalışır.

Noyabrın 23-də prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti - 28-ci müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.

Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edib.

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 133 namizəd (o cümlədən 47 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.

Azərbaycan Baş Prokurorluğunun "İşin Təşkili Qaydaları"na müvafiq olaraq yazılı imtahan işləri "ikiqat yoxlama" üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr media vasitəsi ilə ictimailəşdiriləcək, eyni zamanda bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat yerləşdiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR