"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən Ağsu rayon sakini Ağaəfəndi Əliyev iddia edir ki, naməlum şəxslər yeraltı qaz xətti keçən yeri qazıb, üzərində obyekt tikmək istəyirlər.
Xezerxeber.az-ın məlumatına görə, o bildirib ki, həmin ərazidə bu işlərin görülməsi təhlükəlidir. Orada hər hansı partlayış baş versə, özünə məxsus obyektə də ziyan dəyə bilər.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
Ağsu Rayon İcra Hakimiyyətindən bildirildi ki, məsələ ilə bağlı məlumatlıdırlar və adıçəkilən ərazidən qaz xətti keçdiyindən orada tikinti işlərinin aparılmasına yol verilmir. O da qeyd olunub ki, tikinti işləri aparılması üçün Ağsu Rayon İcra Hakimiyyətinə müraciət edilməli, texniki qaydalara uyğun olaraq zəruri sənədlər və texniki baxış sənədi əldə olunmalıdır. Hazırda isə vətəndaşın əlində hər hansı sənəd olmadan həmin ərazidə tikinti işləri aparmasına icazə verilmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.