Azərbaycanda kartdan-karta pul köçürmələrində pul tutulacaq - Yeni xidmət haqqı tarifləri + SİYAHI

Azərbaycanda  kartdan-karta pul köçürmələrində pul tutulacaq - Yeni xidmət haqqı tarifləri + SİYAHI

İQTİSADİYYAT

Bugün, 12:53

Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1.5 dəfə endirilib.

Yeni tarif modelində xidmət haqqının vaxtdan asılı olmayaraq əməliyyat məbləğinin həcminə əsaslanan intervallar üzrə sabit məbləğlərlə tətbiq olunması nəzərdə tutulub.

Bundan əlavə, innovativ ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə 24/7 rejimində hesablaşmaların real vaxtda icrasını təmin edən Ani Ödənişlər Sistemi (AÖS) üzrə xidmət haqları digər sistemlərlə müqayisədə daha aşağı müəyyən olunub. Ödənişlərin AÖS vasitəsilə icrası istifadəçilərə sadə identifikatorlar ilə bank hesabları üzərindən köçürmələrin aparılmasına, habelə vəsaitlərin dərhal bank hesabına qəbulu ilə likvidliyin yüksəldilməsinə imkan yaradır.

Tarif siyasətinin təkmilləşdirilməsi çərçivəsində Banklararası Kart Mərkəzi (BKM) üzrə xidmət haqlarına da dəyişikliklər edilib, kartdan köçürmə əməliyyatlarının emalı üzrə tariflər müəyyən olunub.

Mövcud bazar şəraiti nəzərə alınmaqla hazırlanmış yeni tarif siyasəti ödəniş sistemlərində innovativ həllərin inkişafını dəstəkləməklə yanaşı, ödəniş xidməti istifadəçilərindən tutulan xidmət haqlarının optimallaşdırılmasına xidmət edir.

Qeyd edək ki, yeni xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minir.

Sistemlər üzrə yeni tariflərlə keçid vasitəsilə tanış olmaq mümkündür.

**

Xəbər verdiyimiz kimi, Azərbaycanda  kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.

Mia.az xəbər verir ki, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib.

Milli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:

- 100 manatadək köçürmələr – 3 qəpik;

- 100,01–1000 manat – 10 qəpik;

- 1000,01–10 000 manat – 50 qəpik;

- 10 000,01–40 000 manat – 2 manat;

- 40 000 manatdan yuxarı – 4 manat.

Dollar və avro ilə kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə də xidmət haqları təsdiq edilib.

Belə ki, 100 vahidədək əməliyyatlarda 0,03,

1000 vahidədək əməliyyatlarda 0,10,

10 min vahidədək əməliyyatlarda 0,50,

40 min vahidədək əməliyyatlarda 2,

daha yüksək məbləğlər üzrə isə 4 dollar və ya avro xidmət haqqı nəzərdə tutulub.

Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrasına görə isə tarif dərəcəsi aşağıdakı kimi olacaq:

- 100 manatadək köçürmələrdə – 3 qəpik;

- 100,01–1000 manat – 10 qəpik;

- 1000,01–10 000 manat – 1 manat;

- 10 000,01–40 000 manat – 4 manat;

- 40 000 manatdan yuxarı – 8 manat tutulma olacaq.

Qeyd edək ki, Mərkəzi Bankın təsdiq etdiyi sənədə əsasən, kartdan köçürmə və karta köçürmə əməliyyatlarının emalı üzrə xidmət haqlarını ekvayer ödəyəcək, vəsait isə Mərkəzi Banka daxil olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR