Səhiyyə Nazirliyindən taun xəstəliyi ilə bağlı - Açıqlama

Səhiyyə Nazirliyindən taun xəstəliyi ilə bağlı - Açıqlama

CƏMİYYƏT

Bugün, 14:54

Rusiyada taunla bağlı aşkarlanan hal Azərbaycanda da epidemioloji təhlükəsizlik məsələsini gündəmə gətirib.

Bəs taun xəstəliyi ilə bağlı Azərbaycanda vəziyyət necədir?

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Pravda.az Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Məlumatda qeyd edilib ki, hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur: “Bununla yanaşı, epidemioloji vəziyyət daim qiymətləndirilir və ehtiyac yarandığı halda müvafiq tədbirlər operativ şəkildə gücləndirilə bilər. Ölkəmizdə son 50 il ərzində taun xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Azərbaycanda epidemioloji vəziyyət sabitdir və aidiyyəti qurumların nəzarəti altındadır. Rusiyadan ölkəmizə gələn şəxslərlə bağlı sanitariya-epidemioloji nəzarət tədbirləri qüvvədə olan tələblərə uyğun keçirilir. Şübhəli hal aşkarlandığı təqdirdə, xəstədən götürülmüş nümunələrin laborator müayinəsi Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında həyata keçirilə bilər. Mərkəz bu istiqamətdə müayinələrin aparılması üçün zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin fəaliyyət istiqamətlərinə taun və digər xüsusi təhlükəli infeksiyalar üzrə epidemioloji nəzarət daxildir”.

Qeyd edilib ki, taun əsasən təbii ocaqlı infeksiyadır və törədicisi Yersinia pestis bakteriyasıdır: “Xəstəlik təbiətdə əsasən gəmiricilər və birələr arasında dövr edir. İnsanın yoluxması, əsasən, yoluxmuş heyvan və ya birələrlə təmas, habelə bəzi hallarda xəstəliyin ağciyər forması zamanı tənəffüs yolu ilə baş verə bilər. Taun müalicə olunan xəstəlikdir və erkən diaqnostika ilə vaxtında tibbi müdaxilə mühüm əhəmiyyət daşıyır. Bununla belə, hazırkı məlumatlara əsasən, Azərbaycan əhalisi üçün xüsusi narahatlığa əsas verən vəziyyət mövcud deyil. Vətəndaşlara yalnız rəsmi məlumatlara istinad etmələri tövsiyə olunur”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR