ƏRDOĞANIN AKP-sinin AZƏRBAYCANA QARŞI "HİCAB" OYUNU... - Konsulluğumuzun qarşısına toplananları kimlər yönləndirib? (TƏHLİL)

ƏRDOĞANIN AKP-sinin AZƏRBAYCANA QARŞI \"HİCAB\" OYUNU... - Konsulluğumuzun qarşısına toplananları kimlər yönləndirib? (TƏHLİL)

SİYASƏT

Bugün, 11:47

Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən konsulluğunun önündə aksiya keçirib. Aksiya Azərbaycanda “hicab qadağasına etiraz” məqsədilə təşkil edilib.

Azərbaycanda “hicab qadağası” başlıqlı xəbərlər, təəssüf ki, əksər müsəlman ölkələrinin informasiya resurslarında geniş şəkildə tirajlanıb. Ən pisi isə bu xəbərlərin bu qədər geniş və sürətli tirajlanmasının pərdə arxasında məhz AKP-nin dayanmasıdır. Çünki bəhs olunan xəbərlər ərəb və müsəlman ölkələrinin mediasına AKP-yə yaxınlığı ilə seçilən media subyektlərindən yayılıb. Aksiyanı təşkil edən ÖZGÜR-DER də elə AKP-yə dəstəyi ilə tanınır, HÜDAPAR-la sıx bağlılığı var.

Bu məsələ şəxsən məni çox narahat edir. Çünki ortada qeyri-müəyyənlik və cavabsız suallar var.

Məsələn, Azərbaycanda hicab qadağası var?

Azərbaycan Nazirlər Kabinetinin məktəbli geyimləri ilə bağlı son qərarına baxanda sənəddə “hicab qadağandır” ifadəsi yoxdur.

Lakin buna rəğmən “hicab qadağası” deyə bir şey ortaya çıxdı. Ən pisi də bəzi məktəblərdə hicablı qızların dərsə buraxılmadığını əks etdirən görüntülər sosial şəbəkələrdə geniş şəkildə tirajlandı. Lakin mən şəxsən hicablı uşaqların məktəbə gedib-gəldiyinin şahidi oluram. Hətta bir-iki dəfə marağıma yenilib onların oxuduqları məktəbə qədər getdim və içəri girdiklərini, heç bir problemlə üzləşmədiklərini gördüm.

Hesab edirəm rəsmi qurumlar məsələyə açıqlama verməli, müzakirələrə son qoymalıdır. Çünki bu məsələnin fəsadları çox böyük ola bilər.

Birincisi, bu, inanclı şəxslərin dövlətə küsməsinə, əvəzində başqa dövlətlərin xarici təsir dairələrinə yönəlməsinə gətirib çıxara bilər.

İkincisi, inanclı şəxslər inanclarını qanunlardan üstün tutub övladlarını təhsildən yayındıra bilər.

Üçüncüsü, bu şəxslər övladlarını mədrəsə tipli dini təhsil ocaqlarına, ya da birbaşa İran, Səudiyyə Ərəbistanı, Türkiyə kimi ölkələrdəki dini təhsil ocaqlarına göndərə bilər.

Məsələnin bir də ölkə prestijinin azalması konteksti var.

İran illərdir onsuz da din üzərindən Azərbaycana təsir və təzyiq etməyə çalışır. Bu, sirr deyil. Hətta dövlətin illərlə apardığı sistemli və peşəkar mübarizə fonunda İranın təsir gücü ölkədə ciddi şəkildə zərər görüb.

Lakin indi vəziyyət elədir ki, İranın illərlə edə bilmədiyi bir şey baş verir. Faktiki olaraq, bu əsası və mənbəsi məlum olmayan iddia ucbatından bütün müsəlman dünyasında Azərbaycanda hicab qadağasının olduğu zənn edilir.

Nəzərə almaq lazımdır ki, Azərbaycana ərəb və müsəlman ölkələrindən hər il minlərlə turist gəlir. Bundan başqa, son illərdə BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrdən ciddi şəkildə ölkəmizə investisiya yatırılır.

Hicab məsələsi həm ölkəyə gələn turist axınına, həm də investisiya axınına təsir edə bilər ki, bu dövlətin bir çox strateji planlarına zərbə vura bilər.

Turan Rzayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR