"Dövlət qulluğu haqqında" qanun dəyişdi: qudalar, ər-arvad, qardaş-bacı, övladlar... - Onlar eyni qurumda işləyə bilməyəcəklər!

\"Dövlət qulluğu haqqında\" qanun dəyişdi: qudalar, ər-arvad, qardaş-bacı, övladlar... - Onlar eyni qurumda işləyə bilməyəcəklər!

CƏMİYYƏT

Bugün, 15:42

Milli Məclis bir sıra şəxslərin dövlət qulluğu vəzifəsini tuta bilməməsi haqda qadağanı ilk oxunuşda qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə dəyişikliyi nəzərdə tutan və yeni hazırlanmış Dövlət Qulluğu Məcəlləsinin layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, aşağıdakı şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməzlər:

- digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;

- fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;

- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər;

- qulluq funksiyalarının və vəzifələrinin yerinə yetirilməməsinə və ya lazımı şəkildə yerinə yetirilməməsinə, müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsinə görə dövlət qulluğuna xitam verilmiş şəxslər (6 (altı) ay ərzində);

- din xadimləri.

Qeyd edək ki, qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:

- onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;

- məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;

- bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;

- qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.

Onu da qeyd ək ki, sözügedən qanunda təsbit olunmuş 65 yaş məhdudiyyəti Dövlət Qulluğu Məcəlləsinin layihəsində də saxlanılır.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.

***

Milli Məclis dövlət qulluqçularının pedaqoji fəaliyyəti haqqında dəyişikliyi ilk oxunuşda qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə dəyişikliyi nəzərdə tutan və yeni hazırlanmış Dövlət Qulluğu Məcəlləsinin layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada qulluq keçdiyi dövlət orqanında müvəqqəti əvəz etmə və boş vəzifə üzrə qulluq funksiyasının icrası halları istisna olmaqla), o cümlədən heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa və qulluq keçdiyi dövlət orqanı rəhbərinin yazılı razılığı ilə elmi və pedaqoji fəaliyyət istisna olmaqla, qulluq müddətində heç bir sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı olmayacaq.

Qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə isə dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa, elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR