BUXARESTDƏ 27 SENTYABR - ANIM GÜNÜ QEYD OLUNUB - FOTOLAR

BUXARESTDƏ 27 SENTYABR - ANIM GÜNÜ QEYD OLUNUB - FOTOLAR

SİYASƏT

Bugün, 00:25

25 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə SOCAR Petroleum SA şirkətinin, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının rəhbərliyi, Rumıniya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edən səfir Qüdsi Osmanov Vətən müharibəsinin tarixi əhəmiyyətindən söz açıb. Səfir 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qaldığını, etnik təmizləmə nəticəsində 1 milyondan artıq azərbaycanlıların doğma yurdlarından didərgin düşdüyünü, işğal altında olan şəhərlərin, kəndlərin bütövlüklə xarabaya çevrildiyini bildirib. Səfir xalqımızın heç bir zaman tarixi ədalətsizliklə razılaşmadığını, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib. Həmçinin, diplomat Azərbaycan ilə Rumıniya arasında olan strateji və dostluq əlaqələrindən danışıb.

Tədbirdə çıxış edənlər 44 günlük müharibənin regiondakı geosiyasi reallığı tamamilə dəyişdirdiyini vurğulayıblar. Natiqlər 8 avqust 2025-ci ildə Ağ evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 3 tərəfli sülh memorandumunun imzalanmasından ötən bir il ərzində regionda baş verən köklü dəyişikliklər, Azərbaycanın bölgədə sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində verdiyi töhfə və atdığı addımlar, Ermənistanla nəqliyyat kommunikasiyalarının açılması, bu ölkənin yanacaq və sürtkü materialları ilə təmin olunması və s. məsələlərə toxunublar. Eləcə də ABŞ administrasiyasının təşəbbüsü ilə Zəngəzur dəhlizi çərçivəsində Ermənistan ərazisindən keçməli olan və Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirən Beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun (TRIPP) Asiya və Avropanın əlaqələndirilməsində oynayacağı mühüm rol, regionun Orta Dəhliz layihəsinin həyata keçirilməsində tutduğu strateji mövqe haqqında fikirlər səsləndirilib.

Rumıniyadakı Azərbaycan diasporunun təmsilçiləri münaqişədən sonrakı dövrdən söz açmış, Qarabağın günü gündən dirçəlməsini, regionda miqyaslı quruculuq-bərpa işlərinin, beynəlxalq layihələrin həyata keçirildiyini xüsusilə qeyd etmişlər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR