"Təxminən 20 il əvvələ nəzər salsaq, görərik ki..." - Sahil Babayev

\"Təxminən 20 il əvvələ nəzər salsaq, görərik ki...\" - Sahil Babayev 

İQTİSADİYYAT

Bugün, 16:53

Azərbaycanın iqtisadiyyatı son illərdə sabit artım nümayiş etdirib.

Mia.az Report-a istinadla xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, Azərbaycan çox güclü və dayanıqlı makroiqtisadi və makro-fiskal mövqeyə malikdir: "Beşillik nəticələrə nəzər salsaq, 2021–2025-ci illərdə Azərbaycanda ümumi qeyri-neft ümumi daxili məhsulunun (ÜDM) artımının 6 %-dən çox olduğunu görərik. Əlbəttə ki, bu, iqtisadiyyatımızın yenidən formalaşdırılması baxımından bizə çox güclü mövqe qazandırıb. Təxminən 20 il əvvələ nəzər salsaq, görərik ki, Azərbaycanda ÜDM istehsalının böyük hissəsi - yarıdan çoxu neft-qaz sektorunun payına düşürdü".

Nazir qeyd edib ki, Azərbaycan 2030-cu ilin sonuna qədər dövlət büdcəsinin gəlirlərinin neftdən asılılığını 30 %-ə endirməyi planlaşdırır: "Həyata keçirilən dəyişikliklər, şaxələndirmə, iqtisadi və fiskal islahatlar sayəsində bu gün ÜDM istehsalında qeyri-neft-qaz iqtisadiyyatının ümumi payı 70 %-dən çoxdur. Şübhəsiz ki, bu meyl gələcək illərdə də davam edəcək və Azərbaycan növbəti illərdə neft gəlirlərindən asılılığını daha da azaldacaq. Təkcə son iki ilə nəzər salsaq, Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertləri təxminən 20 % azaltmağa nail olmuşuq. Növbəti üç il ərzində isə bunu daha 20 % azaltmağı planlaşdırırıq. 2030-cu ilin sonuna qədər məqsədimiz büdcə gəlirlərinin neft gəlirlərindən cəmi 30 % asılı olduğu, gəlirlərin 70%-nin isə iqtisadiyyatın qeyri-neft-qaz sektorundan formalaşdığı göstəriciyə çatmaqdır. Son bir neçə il, yəni beş il ərzində büdcə profisitimiz ÜDM-in 3 %-dən çoxunu təşkil edib. Beləliklə, son beş ildə kəsirsiz, əksinə, profisitli büdcə göstəricisi nümayiş etdirmişik".

S.Babayev qayda əsaslı fiskal çərçivənin makroiqtisadi sabitliyin əsas dayaqlarından olduğunu vurğulayıb, deyib ki, qeyri-neft-qaz kəsirinin davamlı azaldılması, dövlət borcunun ÜDM-ə nisbətinin ortamüddətli dövrdə dayanıqlı səviyyədə saxlanılması hədəflənir: "Eyni zamanda, böyük strateji valyuta ehtiyatları Azərbaycanın xarici şoklara qarşı müqavimət imkanlarını gücləndirir. Güclü fiskal buferlər və makroiqtisadi sabitlik Azərbaycanın beynəlxalq reytinq agentliklərdən investisiya səviyyəli suveren kredit reytinqləri almasına imkan verib. Belə ki, "Fitch Ratings" və "Moody"s"in Azərbaycanın suveren kredit reytinqini yüksək qiymətləndirməsi ölkənin möhkəm fiskal dayanıqlığını əks etdirir".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR