“Nargin: Saralmış kədər”- Arxiv sənədindən bədii həqiqətə...

“Nargin: Saralmış kədər”- Arxiv sənədindən bədii həqiqətə...

MƏDƏNİYYƏT

Bugün, 16:57

İki, bəlkə də üç il oldu. Bakı səfərlərimin birində bir zamanlar “Yeni Azrbaycan” qəzetində çiyinçiyinə çalışdığım dostla görüşdük və bir fincan kofe ilə taçlandırdığımız görüşümüzdən mənə qalan yeni çapdan çıxmış kitabları oldu.  O zamanlar kitabçılıq, festivallar kimi aktivitələrim vardı. Amma Bakıdan çoxsaylı kitablarla geri dönsəm də yayınçılıq fəaliyyətimə son qoyub başqa işlərə baş vurduğumdan, daha sonra 2011-dən bəri topladığım kitabxanamı dost-tanışa dağıtdığımdan gətirdiyim kitablarla ilgilənə bilmədim. Dünən bütün kitabsevərlər kimi qiymətli xəzinəm olan “seçilmişləri” bir də gözdən keçirirdim. Payız rəngli kitab: “Nargin: Saralmış kədər”. Yunis Orucov.

Tanınmış yazarlarımızın imzası ilə bir sürü kitabım var. Standart imza mətinlri: “Qiymətli oxucuma”, “qələm dostuma” və sair. Yunis Orucov nə yazmış  marağı ilə kitabın qapağını açdım:”Kəbutər, Nargini unutma!” Qəfil zərbə belə effekt yaradar. əvvəl duruxursan, sonra gözlərin dolur. Tarix bizi həmişə ağladıb. Neçə kitab oxuyub, neçə mətn işləmişdim bu bir neçə il ərzində. Ağlımın bir köşəsində vardı bu kitabı incələmək, əzbərə bildiyim bu tarixi bir də Yunis Orucovun qələmindən oxumaq. Unutmamışdım amma ertələmişdim. Qızara bozara kitabı götürüb vərəqləyirəm.

Sonra… sabah açılır və mən I Dünya müharibəsi fonunda Bakının geosiyasi və ictimai vəziyyətini - epik-tarixi nəsrin dili ilə ümumiləşdirilmiş kədərimizin kitabını bitirib qapağını bağlayıram.  Təkrar yerinə qoymuğa əlim gəlmir. Və hələ yəqin ki,  bir həftə o tarixlə başbaşayıq.  

I yazı

​ Bakı sadəcə coğrafi məkan deyil, canlı bir personaj – həm qurban, həm də xilaskardı. Taixən belə olub, bütün dövrlərdə və tarixin bütün dolanbaclarında bu missiya Bakımızın boyuna biçilib.  "Bakı həmişə insanların da, imperiyaların da xilas mənbəyi olmuşdu" yazır Yunis Orucov “Nargin: Sarakmış kədər” sənədli romanında.

Onun qələmi  Bakını ana arxetipinə, qoruyucu və eyni zamanda istismar edilən subyektə çevirir.  ​Bir tərəfdə Avropanı ağuşuna alan qan-qada, dağıntı və "vəhşi quzğun" metaforası, digər tərəfdə isə sənaye gücü ilə qaynayan, "bacalarından tüstüsü əskik olmayan", "Qafqazın Parisi" adlanan intellektual, parıltılı Bakı. Bu təzad şəhərimizin üzərində asılmış labüd fəlakət hissini  daha da dərinləşdirir. Müharibə kabusu, Balkanlardan süzülən fəlakətin vəhşi quzğun kimi səmamızda dolanması, torpağımızın bərəkəti sandığımız qara qızılın qlobal gücləri cəlb edən qüvvəsi taleyimizi yazır və bu taleyi bir əsr sonra istedadlı bir qələm romana çevirir: “Nargin: Saralmış kədər”.

Qlobal Tarixi Panorama

Tarix:1914–1918-ci illər.Dövr: I Dünya müharibəsinin Qafqaz cəbhəsi və Rusiya imperiyasının tənəzzül mərhələsi.  Bakı birbaşa hərbi toqquşma meydanından uzaq olsa da, təchizat və enerji baxımından müharibənin taleyini həll edən əsas mərkəzdir-həmişə olduğu kimi.  "Türk-Alman hərbi qərargahının planı"- Almaniyanın mexanikləşdirilmiş ordu və dəniz donanması üçün yanacaq ehtiyacı Bakı neftini həlledici hədəfə çevirib. Sonradan 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakı əməliyyatından sonra  ingilislərin şəhərə gəlişi də məhz bu geosiyasi rəqabətin nəticəsi idi. Müstəmləkə dinamikasını müəllifin: "Çökməkdə olan imperiya Bakının yeraltı sərvəti sayəsində bu davadan sağ-salamat çıxmağa can atırdı" cümləsində açıq aydın görə bilirik. Çar Rusiyasının Azərbaycanı xammal bazası kimi görməsini və Bakı zənginliyinin imperiyanın canvermə prosesini uzadan yeganə vasitə olduğunu tarixi dəqiqliklə əks etdirən Y. Orucov psixoloji portretləri də eyni istedadla işləyib.  

Kollektiv təşviş və "fırtına öncəsi sakitlik" çiçəklənən  mədəniyyət, musiqi, ticarət və sənayenin fonunda  qlobal qırğının  yaxınlaşdığını da xəbər verir. Cəmiyyətdə gizli narahatlıq hökm sürür. Rifah içində yaşamaq, amma hər an hər şeyin dağılacağını hiss etmək sindromu ilə çalxanan Bakı mənzərəsi: macəraçılar və kapital sahibləri üçün hava bir az xoş.  Bakı onlar üçün məqsəd deyil, varlanmaq üçün vasitəvə  və talançılıq poliqonudur.  Qeyri-sabitlikdən və fəhlə sinfinin narazılığından qidalanan ideoloji arayışlar isə inqilabçılar və ziyalıların fəaliyyət dairəsini genişləndirib.  Bəlli bir kəsimin -yaradıcı təbəqənin yaxınlaşan fəlakət duyğusu ilə məyusluq və qeyri-müəyyənlik travması cəmiyyəti içdən içə gəmirir.  Şəhərin təbii zənginliyi onun iftixarıdir eyni zamanda bütün faciələrinin əsasıdır.  Xalqın və torpağın özünə məxsus olan nefti, Bakını yad imperiyaların gözündə "qənimət"ə çevirib tarix boyu.  Bu ziddiyyəti “Nargin: Saralmış kədər”də səhifə-səhifə müşahidə edirik. Öz sərvətinə sahib çıxa bilməyən və ya bu haqqa sahib ola bilməyən  yerli insanın psixoloji yadlaşmasını və təhlükəsizlik duyğusunu itirməsini izləmək isə bu sənədli romanın personajları ilə birkildə oxucunu da məyus edir. Qlobal tarixi panoramanın fərdi insan talelərinə, Bakının məişətinə və məkan topoqrafiyasına keçid etdiyi  mühüm  kəsişmə nöqtəsi elə ilk səhifələrdən başlayır. Səndli tarix və yazıcının yaratdığı obrazlar o qədər real, iç-içədir ki, oxucu əlində tutduğu kitabın sətirlərinin arasından keçib  təsvir edilən məkana nə zaman daxil olduğunu hiss etmir. İmperiya miqyaslı gərginlik  artıq küçə səviyyəsində, qorxu və həyəcan şəklində təzahür edir.  Bakı təbiəti -külək, qum, dəniz ilə şəhər həyatı arasında simvolik paralellik qurulan romanda  "Külək Bakının elə bil həyatın ahəngini dəyişmişdi... İnsanlar da dözməyib qaçırdılar..." sətirləri təbii iqlim ünsürünü  deyil sanki şəhərə yaxınlaşan bəlanın, siyasi fırtınanın xəbərçisi təsiri bağışlayır. "Dənizdən Xəzrin duzlu qoxusu gəlirdi... təzə çörək dükanlarındakı bərəkətin ətri..." Bu sülh və bərəkət rəmzləri ilə süslənən gündüzün, gecənin qaranlığında "on-on dörd nəfər cır-cındır içində olan adamın" qorxu dolu səssiz addımları ilə kəskin ziddiyət  təşkil edən gərginlik pillə pillə artır və  sanki fəlakət də Bakıya beləcə addım addım yaxınlaşır. Küçədə pusquda durmaq, milyoncu  Ağabala Quliyevin qapısının döyülməsi, zirzəmidə adamların gizlədilməsi səhnələrindəki  dramatikliyin içərisinə daxil olan Qızxanım ilə aşpaz Əliqulu arasındakı məişət çəkişməsi (Məkkə zarafatı, deyinmələr) gərginliyi qısa müddətə yumşaldır, eyni zamanda xalqın təbii reaksiyasını göstərir.  Y. Orucov tarixi təhlil və dövrün topoqrafiyasını yaratmaqla yanaşı ​Bakının coğrafiyası və ictimai simalarını oxucu ilə məharətlə görüşdürür:  "Persidski küçəsi" (indiki Murtuza Muxtarov küçəsi) o dövrün ən mühüm mərkəzi arteriyalarından biridir. "Un kralı Ağabala Quliyev"-Bakının məşhur milyonçusu, xeyriyyəçi və ictimai xadim.  Onun mülkü  (hazırda Memarlar İttifaqı yerləşən  əzəmətli bina) məhz Murtuza Muxtarov küçəsində yerləşir. Y,Orucov həmişə  mübahisə mərkəzində olan Bakının Qoçuluq institutu və ictimai qoruyuculuğa məsləsinə fərqli  yanaşır.  Romanda Qoçu Hüseynəli obrazı dövrün ziddiyyətli sistemlərindən  birini Bakı Qoçuluq institutunun simvoludur.  Qoçular Bakıda təkcə zorakılıq və güc simvolu deyil, həm də milli zəmində toqquşmalar və xaos dövründə  öz camaatını, zəifləri qoruyan, təhlükəsizliyi təmin edən qeyri-rəsmi qüvvə idilər. Qoçu Hüseynəli sırf fiziki güc deyil, çətin dəniz şəraitində soyuqqanlılıqla əməliyyat aparan, dəqiq hesabat verən  intizamlı bir komandir təsiri bağışlayır. Onun mayası  milli borc hissi ilə yoğrulub.

I Dünya müharibəsi dövründə (təəssüf ki, zaman zaman-1989 və 1990 –cı illərdə də  bu həqiqət təkrarlandı) Bakının daha bir zümrəsi vardı: zirzəmilərə sığınan "cır-cındır içindəki insanlar". 1914–1918-ci illərdə, xüsusən də 1917–1918-ci il ərəfəsində Qafqaz cəbhəsindən, müharibə zonalarından qaçan saysız-hesabsız qaçqınlar, əsirlər və ya gizli siyasi hərəkat üzvləri Bakıya pənah gətirirdi. Bu insanlara sahib çıxmaq, onların yaşaması üçün əmək vermək lazım idi. Hadisələrə nüfuz etdikcə  böhran içində olan Bakının artıq gizli bir humanitar qovşağa da malik olduğu məlum olur. Y. Orucov oxucunu çox intizarda qoymur. Bakının iştimai tarixi təsvirindən sonra düyün nöqtəsini açır və əvvəlki səhifələrdə qurulan sirr pərdəsini qaldırır:  Nargin adasından qaçırılan türk (osmanlı) əsirlər zirzəmiyə gətirilir və  bu təhlükəli planın arxasında isə milyonçu Ağabala Quliyev dayanır. Və məhz bu məqamdan sonra oxucu başa düşür ki, tarixi faktın bədii mətn daxilində  canlanıb usta qələmlə və ürək dolusu duyğularla  təqdim edilməsi yalnız keçmişi xatırlatmaq məqsədi daşımır. Yazar həm də  xalqın mənəvi bioqrafiyasını, repressiya və müharibə burulğanlarında sınmayan milli kimlik bağlarını gün işığına çıxarır. Müəllif dövrün Bakı koloritini jarqonlar, məhəlli leksika və canlı şifahi nitq vasitəsilə təsvir edir amma əsas məqsəd Qızxanıma türk  əsirlərinin "abla" (böyük bacı) deməsində gizlənib. Romana incə bir təbəssüm qatan bu ifadə ilə  gələn yadların kimliyi bədii eyhamla oxucuya açılır. Məişət kontekstində fəlsəfi toqquşma anları isə həm təbəssüm oyadır həm də ümumxalq düşüncəsini işıqlandırır. Bunu Əliqulunun dediyi "Balam, İran nə vaxtdan Turan olub?.." replikasında da müşahidə edirik.  Bu replika məişət səviyyəsində deyilmiş sadə bir söz kimi görünsə də, əsərin konseptual xəttinə xidmət edir. Burada cənublu köçgünlərin  (Meşkin kökənlilərin) dünyagörüşü ilə Osmanlıdan gələn türklük-Turan ideologiyası arasındakı təbəqələşmə satirik-ironik dillə üzə çıxarılır.

Tarixi Təhlil və Sənədli Yaddaş

Romandakı ən güclü tarixi sənəd kitabın adından da göründüyü kimi Nargin adası (Böyük Zirə) faktıdır. 1914-cü il Sarıqamış döyüşündən sonra rus ordusuna əsir düşən minlərlə türk əsgər və zabiti Nargin adasında susuzluq, aclıq, ilan sancması və yatalaq kimi dəhşətlərin qucağına itələndilər.    Bakı xeyriyyəçiləri, o cümlədən Ağabala Quliyev, Murtuza Muxtarov, Hacı Zeynalabdin Tağıyev və gizli təşkilatlar ( "Qardaş köməyi") bu əsirləri adadan qayıqlarla qaçırıb evlərində gizlədir, sonra isə İrana və ya Türkiyəyə yola salırdılar. “Nargin: Saralmış kədər” sənədli romanı  bu tarixi fədakarlığın  səlnaməsidir. Əl ayaqdan uzaq Nargin adasına türk əsirlərin gətirildiyi və konkret olaraq ölümə tərk edildiyi xəbəri Bakıda yayılanda qardaş qanı qaynayır və Bakı xeyriyyəçiləri həyalarını risqə ataraq bacardıqca onları ölümün pəncəsindən xilas etməyə çalışırlar. Xeyriyyəçi Ağabala Quliyev idealist bir insan, sakit, təmkinli, lakin daxilən böyük bir ideyaya xidmət edən adamdır. Arvadının qəzəb və qorxu püskürən sözlərinə qarşı verdiyi "Mən bilirəm neyləyirəm..." cavabı onun hərəkətlərinin ötəri həvəs deyil, şüurlu, ölüm təhlükəsini gözə alan bir qərar olduğunu göstərir. O, öz sərvətini və həyatını  qardaş bildiyi millətin əsirləri naminə riskə atır.  Böyük siyasətin və qlobal müharibənin acı meyvələri (Nargin əsirləri) bir milyonçunun zirzəmisində milli həmrəylik sınağına çevrilir. O,  sadəcə bir tacir deyil, öz taleyini və dövrünü sorğulayan yetkin bir fərddir və həm vətənpərvər həm də qardaş təəssübü çəkəndir.  ​O, Tağıyev və əcnəbi rəqiblərini keyfiyyət hesabına geridə qoyaraq təkcə Bakıda deyil, Vladiqafqaz, Samara kimi Rusiya şəhərlərində də nəhəng un şəbəkəsi qurmuş, həqiqətən də "Bütün Qafqazın un kralı" adını qazanmışdı. Ağabala Quliyevin Bakı Şəhər Dumasının qlasnısı (üzvü) olması real tarixi faktdır.  Ağabalanın daxilində iki fərqli güc vuruşur. Ehtiyatlı, qanunlara riayət edən duma üzvü və milyarder və qardaş bildiyi osmanlı əsirlərini ölüm cəzası təhlükəsi altında imperiyanın gözündən gizlədən milli qeyrət sahibi.  Ağabala Quliyevin zirzəmisində türk əsirlər gizlənən mülkü sadəcə bir daş bina deyil, Qərb və Şərq sivilizasiyalarının kəsişmə nöqtəsi kimi  Avropa və Osmanlı memarlığının  izlərini daşıyır. Müəllif bu memarlıq sintezini qabartmaqla  əslində Ağabalanın və bütövlükdə dövrün Azərbaycan ziyalısının dünyagörüşünü  açır.  Ağabala ilə tanışlıqdan sonra oxucuda bir sual yaranır:” Rusiya imperiyasının sayılıb-seçilən sahibkarlarından olan milyonçu Ağabalanı Osmanlı Türkiyəsinə bağlayan nə idi?..." Bu sual yazarın  özü üçün də maraqlıdır. Odur ki, Y.Orucov sualın cavabını tapmaq üçün fəlsəfi və milli kimlik axtarışına başlayır.  Dövrünün məhşur rəssamı  Əzim Əzimzadənin Ağabala Quliyevin təqaüdü və dəstəyi ilə təhsil alması  faktını işıqlandırır və milli burjuaziyanın milli təəssübkeşlik psixologiyasına toxunur. Milli burjuaziya təkcə iqtisadi güc sahibi deyildi. O həm də  xilaskar mesenat missiyasını üstlənirdi. Milli burjuaziyanın ən ali motivasiyası etnik və mənəvi qan yaddaşı, qardaşının fəlakətinə biganə qala bilməyən milli vicdan psixologiyasıdır.  Ağabala Quliyev Türkiyə Sultanı tərəfindən verilən hərbi medalını mülki mərasimlərdə belə fəxrlə sinəsinə taxırdı. ​Rəsmi biznes yazışmalarında Osmanlı sultanının təsviri olan firma blanklarından istifadə edirdi.

Tağıyevin Şərq Zalı,  Milli Birliyin İmtahanı

  Bakının ən möhtəşəm memarlıq incisi – Hacı Zeynalabdin Tağıyevin sarayının Şərq zalında toplantı:  İclasda Murtuza Muxtarov, Ağamusa Nağıyev, Ağabala Quliyev, İsmayıl bəy Səfərəlibəyov, Mirzə Əsədullayev kimi dövrün nəhəng mesenatlarının, eləcə də maarifçi qadınların bir arada təsviri o dövrün Bakı ictimai mühitinin canlı tarixi sənədidir. "Kömək yox, şərəf məsələsi": Hacı Zeynalabdin Tağıyevin nitqindəki "Osmanın törəmələri dardadır... Bu, təkcə yardım yox, həm də şərəf məsələsidir" kəlamı mətndə xeyriyyəçiliyin sadəcə maddi ianə deyil, bir millətin tarixi məsuliyyəti və qardaşlıq andı olduğunu bədii dillə bəyan edir. ​Tağıyevin sarayındakı toplantı təkcə 1916-cı ilin qayğıları ilə məhdudlaşmır, geri-keçmişə qayıdışla retrospektiv olaraq 1905-ci il Bakı hadisələrini xatırladır.

Romanda milli burjuaziyanın birləşməsi - Murtuza Muxtarov, Ağamusa Nağıyev, İsmayıl bəy Səfərəlibəyov, Mirzə Əsədullayev və digərlərinin Tağıyevin malikanəsində bir araya gəlməsi yeri gələndə milli məsələlərdə  böyük məqsədlər naminə həmrəy ola bilmək mədəniyyətini nümayiş etdirir. Tağıyevin "Osmanın törəmələri dardadır... Bu, təkcə yardım yox, həm də şərəf məsələsidir" sözləri bu birliyin mənəvi şüarına çevrilir. Murtuza Muxtarovun dili ilə  rus işğalı və erməni qətliamlarının vurğulanması “Nargin:Saralmış kədər” sənədli romanını   lokal Bakı miqyasından çıxarıb bütöv bir coğrafiyanın ortaq faciəsinə – I Dünya müharibəsinin böyük fəlakətlərinə calayır. 

 XX əsrin əvvəllərində Bakının ictimai-siyasi həyatında, xüsusən də Qafqaz cəbhəsində əsir düşmüş türk əsgərlərinin taleyində həlledici rol oynamış tarixi şəxsiyyətlərin obrazları romanın  girişində oxucu ilə qarşılaşan Ağabala Quliyevin şəxsiyyəti vasitəsilə dövrün mühüm  ictimai-siyasi meylini əks etdirir.  Və çağdaş oxucuya diqtə edir ki, 70 il ancaq kommunist sisteminin nifrət püskürdüyü, cahil kimi qələmə verdiyi, Rusiya imperiyasının sərt nəzarəti altında yaşayan azərbaycanlıların  Osmanlı sevgisi bütün qorxulardan ötədir, milli kimlik və qan yaddaşının diktə etdiyi mənəvi borc hissidir.

Nargin Əsirləri və Tarixi Dramatizm

 Ağabala Quliyev və Hacı Zeynalabdin Tağıyev kimi nəhəng simaların Nargin adasındakı çar zülmünə qarşı bir araya gəlməsi, gizli məktublaşmalar və xüsusi icazələrlə adaya təftiş heyətinin göndərilməsi,  yüksəkrütbəli türk əsirlərinin siyahısını bir saat ərzində hazırlanması  sabah sübh tezdən yola çıxacaq gəminin hazırlanması hadisələrin nə dərəcədə təcili və təhlükəli olduğunu bədii təsviridir.   Məhz bu nöqtədən sonra  hadisələrin psixoloji və ictimai gərginliyi  ən yüksək nöqtəyə çatır.  Müəllif kəskin kontrast (təzad) bədii priyomundan məharətlə istifadə edərək iki fərqli məkanı üz-üzə qoyur: bir tərəfdə ölüm adasına çevrilmiş Nargindəki rəsmi yalan və amansızlıq, digər tərəfdə isə Tağıyevin sarayında qardaş harayına səs verən milli burjuaziyanın mənəvi birliyi.  İclasın dialoqları vasitəsilə 1905-ci il Bakı qırğınları, Knyaz Nakaşidzenin qətli, Qafqaz canişini Vorontsov-Daşkov və onun erməni əsilli xanımı Yelizaveta Qriqoryevnanın siyasi təsirləri, habelə Xosrov bəy Sultanovun Qarsa humanitar yardımı kimi çox mühüm tarixi hadisələr canlandırılır.

Tarixi roman janrının ən böyük çətinliyi və eyni zamanda məziyyəti sənədli faktla bədii təxəyyülün sərhədlərini elə tənzimləməkdir ki, nə fakt quru salnaməyə çevrilsin, nə də bədiilik tarixi təhrif etsin. Bu baxımdan “Nargin: Saralmış kədər” sənədli romanı Azərbaycan milli burjuaziyasının və ziyalı zümrəsinin I Dünya müharibəsi ərəfəsində, xüsusən də Qafqaz cəbhəsində əsir düşmüş türk əsgərlərinin Nargin adasındakı faciəsi fonunda göstərdiyi milli fədakarlığı bədii tədqiqat obyektinə çevirir. Müəllif təkcə hadisələrin xronologiyasını qeyd etmir; o, kadr-kadr böyüyən dramatik bir mənzərə  yaradır: Ağabala Quliyevin gizli təşəbbüslərindən Sona xanım Hacıyevanın Narginə təftiş səfərinə, oradan isə Hacı Zeynalabdin Tağıyevin sarayındakı tarixi toplantıya qədər uzanan bütöv bir milli həmrəylik zənciri  qurulur.   Hacı Zeynalabdinin İrəvan və Tiflis müsəlmanlarına göndərdiyi teleqramlarla qırğınların qarşısını alması, Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarsdakı kimsəsiz qalmış qadın və uşaqlara çörək, yardım aparılması  tarixi paralelləri göstərir ki, Nargin hadisəsi təsadüfi və təcrid olunmuş bir proses deyil; bu, Qafqaz və Şərqi Anadoluda türklüyə və müsəlmanlığa qarşı yürüdülən planlı siyasətin tərkib hissəsidir və Bakı milyonçuları məsələnin kökünü dərindən dərk edirlər.

Yuxarıda qeyd etdiyim kimi, romanın  ən böyük estetik uğuru sənədliliklə bədii təhkiyənin tarazlığındadır. Müəllif quru arxiv protokollarını, qəzet xronikalarını və xatirələri dinamik dialoqlara, daxili monoloqlara və canlı səhnələrə çevirməklə    Azərbaycan tarixi romanının sənədlə işləmək mədəniyyətini nümayiş etdirir və eyni zamanda , Nargin cəhənnəmindən boylanan türk əsirinin ahı ilə Bakının səxavətli ürəyinin döyüntüsünü eyni mənəvi ahəngdə birləşdirməyi bacarmışdır. Yazıçı xatırladır ki, Bakı milyonçularının sərvəti təkcə neft buruqlarının fontanında deyil, dar gündə qardaşının şərəfini qorumaq üçün ortaya qoyulan polad iradəsində idi. Çar II Nikolayın 1916-cı il 25 iyun fərmanı ilə müsəlman əhalinin arxa cəbhə işlərinə (səngər qazmağa) səfərbər edilməsi planı, bunun arxasında duran qardaşı qardaşla (Azərbaycan türklərini Osmanlı ilə) üz-üzə qoymaq kimi qorxunc və məkrli siyasəti məhz bu polad iradə sayəsində baş tutmur.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan tarixi nəsrində indiyə qədər XX əsrin əvvəlləri, xüsusən I Dünya müharibəsi illərində Bakının yaşadığı ictimai-siyasi dramatizm əksər hallarda yalnız bolşevik inqilabı və sinfi ziddiyyətlər pərdəsi arxasından təqdim olunmuşdur. “Nargin: Saralmış kədər” romanı  isə həmin qəlibləri qıraraq tamam başqa bir tarixi reallığı gün işığına çıxarır: milli burjuaziyanın, maarifçi qadınların və xeyriyyə cəmiyyətlərinin çarın amansız repressiv maşınına qarşı qurduğu gizli, intellektual və mütəşəkkil milli müqavimət şəbəkəsini qədəm qədəm oxucunun gözləri önünə sərir. Romanda müəllif oxucunu Nargin adasının üfunətli və iniltili baraklarından birbaşa Tağıyevin sarayının büllur çilçıraqlı Şərq zalına aparır. Bu kontrast məkan poeziyası yaradır: əzab çəkənlərin harayı dərhal qurtuluş qərargahında əks-səda verir.  Dialoqların intellektual yükü tarixi şəxsiyyətlərin sadəcə quru təbliğat aparmadıqlarını: Tağıyev müdrikliyi, Muxtarov qəzəbi, Nağıyev siyasəti ilə  sübut edir ki,  XX əsrin əvvəllərindəki Bakı cəmiyyəti çar imperializminin nə boyunduruğunu qəbul etmiş, nə də qonşuluqdakı türk qardaşlarının faciəsinə seyrçi qalmışdır. Əksinə, zəkası, diplomatiyası və sərvəti ilə bütöv bir cəbhənin taleyini dəyişdirə bilmişdir.    Ağabala Quliyevin təşkil etdiyi planın uğurla başa çatması – türk zabitlərinin Nargindən qaçırılaraq cənub sərhədinə, İran vasitəsilə vətənlərinə göndərilməsi, Tağıyevin "Hökumətə qarşı çıxmağı qətiyyətlə rədd edirəm. Biz işimizi humanitar sahədə qurmalıyıq" tapşırığı isə dövrün ziyalı elitasının leqal zəmində apardığı müdrik diplomatik gedişlərin uğurla başa çatması Yunis Orucovun usta qələmi ilə oxucunu hadisələrin baş verdiyi tarixə aparır və milli qürurumuzun nuruna boyayır.  Azərbaycanın üzləşdiyi bütün zorluqlara baxmayaraq Gürcüstandakı İspir məntəqəsindən və Tiflis yetimxanasından gətirilən 50-dən çox yetim türk uşağının Bakı məktəblərinə,  Qars və Anadoludan didərgin düşənlərin Şəki, Gəncə və Şuşaya yerləşdirilməsi proqramı Azərbaycan xalqının qardaş faciəsinə verdiyi ən ülvi bəşəri cavab kimi ümumiləşdirilir. Romanın səhifələrini çevirdikcə tarixi faktlarla zəngin parçalar göstərir ki, 1915–1916-cı illərin Bakısı sadəcə qara qızıl və neft fontanları şəhəri deyildi. Bura Narginin ölüm quyusundan Tiflisin Naftluq çölünə, Qarsın yetimxanalarından İstanbulun hərb meydanlarına qədər uzanan böyük bir coğrafiyada qardaşlıq şərəfini qoruyan milli intellekt və fədakarlıq qalası idi. Müəllifin sənədli materialı dinamik bədii dillə birləşdirmək bacarığı bu mətni müasir Azərbaycan tarixi nəsrinə dəyərli bir töhfə kimi təqdim etməyə tam əsas verir. Romanın daha bir uğuru I Dünya müharibəsi dövrü Azərbaycan sənədli nəsrinə kamil bir baxış gətirməsidir.  Müəllif arxiv qovluqlarındakı donosları, jandarm raportlarını və diplomatik yazışmaları canlandıraraq Nargin adasındakı əsirin fəryadı ilə Bakı milyonçusunun milli şərəf andını eyni zirvədə birləşdirir. Bu roman səhifələri sübut edir ki, Bakı təkcə sərvət şəhəri deyil; ən ağır imperiya təzyiqləri altında belə qan və din qardaşının fəlakətinə sipər olan, diplomatiyası və fədakarlığı ilə tarix yazan böyük bir milli vicdan abidəsi  olmuşdur.

Romanda  Nargin adası sadəcə təsadüfi bir cəza məkanı kimi təqdim edilmir. Arxiv sənədlərinə istinadən dənizlərlə əhatə olunmuş bu torpaq parçasının  imperiya siyasətindəki yeri  açılır. Sənədli məlumata görə, 1873-cü ildə Robert Nobel Bakı qubernatoruna rəsmi müraciət edərək Nargin adasını ildə cəmi 50 rubl icarə haqqı ödəməklə 24 illiyə icarəyə götürmək, orada neft sənayesi üçün zəruri olan sulfat turşusu və soda zavodu tikmək istəmişdi. Lakin Tiflisdəki Qafqaz Canişinliyi adanı bütövlükdə Nobelə verməkdən imtina etmişdi. Çünki çarizm bu adanı başlanğıcdan xalqın gözündən uzaq, nəzarətsiz bir cəza və ölüm adası kimi planlaşdırmışdı.  Əsərin süjet xətti Bakının cəbhə arxasında apardığı gizli mübarizəni sənədli faktlarla əlaqələndirir.  ​Bakı Jandarma İdarəsinin 4 sentyabr 1915-ci il donosu: Çar kəşfiyyatının adadakı əsirlərlə yerli əhalinin eyni dildə və dində olmasından, ümumtürk həmrəyliyinin baş qaldırmasından duyduğu qorxu arxiv məruzələrinin dili ilə mətnə gətirilir.

Bəllidir ki, ədəbiyyat yalnız estetik zövqün deyil, həm də xalqın kollektiv vicdanının, tarixi yaddaşının və sınaq anlarının güzgüsüdür. Tarixin elə kəsişmə nöqtələri var ki, orada fərdin dərdi millətin taleyinə, millətin dərdi isə bəşəri məsuliyyətə çevrilir. XX əsrin əvvəllərində Xəzərin sərt küləkləri altında təcrid olunan Nargin adası məhz belə bir ağrı və imtahan meydanı idi. I Dünya müharibəsinin çaxnaşmaları fonunda ada minlərlə türk əsirinin aclıq, susuzluq və amansız xəstəliklərlə çarpışdığı "cəhənnəm adası"na çevrilmişdi. Lakin bu zülmətin içində parlayan bir işıq da vardı: Bakı ziyalılarının, xeyriyyəçilərinin və bütöv bir xalqın qardaş köməyinə tələsməsi. Hacı Zeynalabdin Tağıyevin şəxsi nüfuzu və təşəbbüsü, Sona xanımın rəhbərlik etdiyi Qadın Xeyriyyə Cəmiyyətinin fədakarlığı, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin canfəşanlığı təkcə maddi yardım deyil, həm də mənəvi dirçəliş hərəkatı idi. Dövlət Dumasından tutmuş Qafqaz canişinliyinə qədər uzanan diplomatik və hüquqi mübarizə bir məramın ətrafında birləşmişdi: insan həyatını xilas etmək. Dövrün mətbuatı və mütəfəkkirləri bu ağrını səssiz qoymadı. O illərdə nəşr olunan "Qardaş köməyi" toplusu sadəcə bir dərgi deyil, bir millətin fəryadı, eyni zamanda həmrəylik manifesti idi.

Bakının küçələrində, Qubernski tinlərindəki qəzet köşkləri qarşısında yaranan izdihamlar xalqın sözə və dərdə olan susuzluğunu göstərirdi. Limanda qara qəpik üçün can qoyan hambaldan tutmuş şəhər zadəganına qədər hər kəsin eyni sırada dayanması, bəlkə də, tarixin və bu tarixi özündə əks etdirən romanın  ən təsirli səhnələrindən biridir  ​Bu gün həmin dövrün hadisələrinə bədii və sənədli prizmadan nəzər yetirmək bizə təkcə keçmişi xatırlatmır, həm də bu günümüz üçün dəyərli suallar qoyur. İctimai şüur sınağa çəkiləndə qələm sahibinin rolu nədir? Söz həqiqətənmi divarları aşıb Nargin kimi uzaq, unudulmuş adalara ümid apara bilir? Tarix sübut edir ki, rəsmi sənədlərin və siyasi qərarların çatmadığı yerə ilk olaraq fədakarlıq və vicdanlı qələm çatır. Nargin dərdi və "Qardaş köməyi" örnəyi ədəbiyyatın və ictimai düşüncənin yalnız keçmişi yazmaq deyil, sabahın vicdanını inşa etmək gücündə olduğunu bu gün də bizə xatırladır. Həm də çağdaş Azərbaycan mətbuatının acınacaqlı duruma düşdüyü bir vaxtda.  Ədəbiyyatda bəzən böyük tarixi epoxaların, qlobal fəlakətlərin və ictimai qırılmaların ən çılpaq mənzərəsi nəhəng döyüş səhnələrində deyil, şəhərin tinindəki dar bir qəzet köşkünün qarşısında cərəyan edən kiçik bir epizodda açılır.  Nargin adasındakı əsirlərin taleyi ətrafında qurulan dialoq və Bakı küçəsindəki qəribə izdiham məhz belə bir kəsişmə nöqtəsidir.

Bu fraqment təkcə xeyriyyəçilik aktının təsviri deyil; XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyətinin tarixi, sosioloji və psixoloji anatomiyasını ortaya qoyan sarsıdıcı bir mətn parçasıdır.  Traixi planda Nargində əsir olan türk əsgərlərinin faciəsinə söykənən romanda eyni zamanda  imperiya boyunduruğu altındakı bir xalqın qardaş köməyinə can atarkən qarşılaşdığı hüquqi və siyasi buxovları faş edir. Əsirin canı düşmən dövlətin insafına qaldığı bir vaxtda Bakı elitası həm Çar canişinliyinə, həm Dövlət Dumasına məktublar ünvanlayır, formal səlahiyyətlərlə vicdan məsuliyyəti arasında çıxış yolu axtarır. Burada faciə təkcə adadakı minlərlə insanın səssiz-səmirsiz xəstəlikdən, tifdən, soyuqdan ölməsi deyil; o ölümün sahilində dayanıb qan qardaşına quru çörək və su çatdırmaq üçün belə "icazə" almağa məhkum edilmiş yerli cəmiyyətin düşdüyü tarixi rəzalət-müstəmləkə buxovlarıdır.

 Çörək Ehtiyacından Milli Qeyrətə Keçid

​Bəzən xalqın ruhunu və mənəvi sərhədlərini ən uca fəlsəfi traktatlar yox, gündəlik həyatın dibində baş verən kiçik bir davranış dəyişikliyi təyin edir. Əvvəlki səhifələrdə Bakı küçəsindəki köşkün pəncərəsinə əyilərək ac qarnı, ailəsinin səfaləti üçün yalvaran hambalların vəziyyəti bir insanlıq faciəsi, sosial təbəqələşmənin dib nöqtəsi təsirini bağışlayırdı. Lakin hadisənin davamı bu mənzərəni tamamilə başqa bir müstəviyə – milli və psixoloji dirçəliş zirvəsinə daşıyır. Köşkün dar pəncərəsində kömək dilənən əllərin bir saniyə içində ciblərinə qayıdıb  son qəpiyini çıxarması sosiologiya və psixologiyanın nadir hallarda şahidlik etdiyi kollektiv mənəvi arınma anıdır.  Hamballar köşkdə çörək və ya pul paylandığını zənn edirdilər; satıcının acıqlı cavabı isə onları reallıqla üz-üzə qoyur: “– Burda yardım verilmir eyy, yardım toplanır. Bu gün köşkdə xeyriyyə işləri üçün qəzet, nişan satıb yardım toplayırıq... Başa düşdüz?.. ” Elə bil qurbağa gölünə daş atdılar. Bayaqdan hamıdan qabağa düşüb yardım almaq istəyən hambalların içəri soxulan başları bir-bir eşiyə çıxırdı. Yaman pərt olmuşdular.” "Pərtlik" burada dərhal aqressiyaya və ya qaçışa çevrilmir. Həmin an fərd özünün cılızlığını, dilənçi durumuna düşdüyünü dərk edir. İnsanın ən təməl instinkti olan aclıq bir anlıq ictimai mühitin qınağı ilə toqquşur. Lakin əsl möcüzə dərhal sonra baş verir: yardımın kimə toplandığını öyrəndikdə:

​“– Həə... Bəs bilmək olar, yardım nə üçün yığılır?

– Olar, niyə olmur... Cəzirədə əsir tutulan türk qardaşlarımız üçün...

...Elə bu vaxt hambalların hamısı eyni vaxtda əllərini cibinə atdı.

– Həə... Noolar... Onlar bizim də qardaşlarımızdı... Qoy bizdən də qardaşlarımıza kömək olsun.” 

Kövrəlmədən oxuya bilmədiyimiz bu dialoq  özünüdərk sıçrayışının ifadəsidir. Bütün günü dəniz kənarında belini bükən, özünü "əşya", "yük daşıyan canlı" kimi hiss edən hambal bir kəlmə ilə – "Cəzirədə əsir tutulan türk qardaşlarımız" xatırlatması ilə sadəcə sağ qalma  instinktindən milli subyekt mərtəbəsinə qalxır. Özü ac olan insan özündən daha betər vəziyyətdə olan bir məhbusun mövcudluğunu duyduğu an, öz ağrısını unudur. Öz dərdi ilə ağlayan insan başqasının dərdi ilə böyüyür. Yardımlaşma və xeyriyyəçilik adətən artıq kapitala, sərbəst vaxta və resurslara malik elit təbəqənin imtiyazı sayılır. Bu dialoqda isə bütün sıralama alt-üst olur: ​“...günortadan sonra gəlib çatıb, hardasa iki saatdı. Artıq qurtarır. Sağ olsun camaat, biganə qalmadı... Bir qarın çörək üçün səhərdən axşamadək dayanmadan işləyən, günü göy əskiyə bükülən hambalın da qardaşın çətin vaxtında belə qeyrət göstərməsi onu yaman kövrəltmişdi.” Hambalların  hərəyə on qəpik yardım verməsi milli şüurun, qardaşlığın gücünü göstərməklə yanaşı,  zəngin bir neft milyonçusunun bağışladığı min manatdan  daha ağır olduğunu deyirdi.  Çünki varlı üçün yardım artıq resursun bölüşdürülməsidir; hambal üçün isə bu, axşam evinə aparacağı bir tikə çörəyin qurban verilməsidir. Bu akt cəmiyyətdə milli kimliyin sinfi təbəqələşməni necə üstələdiyini sübut edir. Nargin faciəsi sinifləri bərabərləşdirən ortaq vicdan aynasına çevrilir: mülkədarla hambal eyni sıradadır və hər ikisi eyni amal üçün pul ödəyir.

Mənəvi Qələbə

Mətnin bütövlüyü göstərir ki, faciə təkcə Nargindəki tikanlı məftillər arxasında deyil, həm də azadlıqda olub kölə kimi işlədilən yerli əhalinin taleyində yaşanırdı. Lakin bu ikitərəfli zülmətin içindən doğan işıq xalqın mənəvi gücünün ortaya çıxmasına səbəb olur.  ​Şəhərin tinindəki qəzet köşkü qarşısında baş verən bu hadisə adi bir ticarət deyil; xalqın öz ləyaqətini yenidən kəşf etməsi ayinidir. Bayaq "arvad-uşaq acdır" deyə sızıldayan adamlar, özlərindən daha böyük bir ideyanın, ortaq milli taleyin və qardaş qanının çağırışını eşidən kimi ac olduqlarını unudub yardıma qaçırlar. "Qardaş köməyi" təkcə Nargindəki məhbuslara aparılan çörək və dava-dərman deyildi; o, köləlik zəncirində əzilən bir millətin öz ruhunu xilas etmək, vicdanını ayaqda saxlamaq üçün verdiyi ən böyük imtahan idi. 400-dən artıq gənc könüllünün yardım toplamaq üçün küçələrə çıxması, xeyriyyə nişanlarının satışı ilə o dövr üçün fantastik sayılan 25 min manat vəsaitin toplanması faktı Bakı elitası ilə birlikdə cəmiyyətin ən aşağı pillələrindən birində duran insanların belə bu imtahandan alnı açıq üzü ağ çıxması idi. Bu hadisə həm də milli birlik idi.  Tağıyevlərin, Əsədullayevlərin diplomatik və maliyyə gücü, Rəsulzadələrin ideoloji qələmi, Pişnamazzadələrin mənəvi nüfuzu limandakı sadə hambalın son qara qəpiyi birləşirdi eyni amal üçün sərf edilirdi.  Nargin adasındakı tikanlı məftillərin soyuqluğu və Qafqaz cəbhəsində axan qan, Bakıda bütöv bir millətin parçalanmaz birliyini və tarixi ləyaqətini formalaşdıran böyük sınağa çevrilmişdi.  Romanın quru arxiv materialı olmaqdan çıxıb canlı bir dövrün  mənzərəsinə çevrilməsi, yazarın  publisistik dillə bədii təhkiyənin harmoniyasını ustalıqla qoruması “Nargin: Saralmış kədər” kitabını  real qəhrəmanların bədii abidəsi səviyyəsinə qaldırırş

(Ardı var)

Kəbutər Hakverdi

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR