PUTİN-TRAMP DANIŞIĞINDAN SONRA BAKIYA ZƏNG və ya PAŞİNYANIN PARİSƏ TƏLƏSİK SƏFƏRİ: nə baş verir? (TƏHLİL)

PUTİN-TRAMP DANIŞIĞINDAN SONRA BAKIYA ZƏNG və ya PAŞİNYANIN PARİSƏ TƏLƏSİK SƏFƏRİ: nə baş verir? (TƏHLİL)

SİYASƏT

Bugün, 18:44

Rusiya prezidenti Putin Azərbaycan prezidenti İlham Əliyevə sentyabrın 7-də zəng edib. Telefon danışığının sentyabrın 5-də Moskvada Trampın xüsusi nümayəndələri ilə keçirilən görüşdən, təxminən, bir sutka sonra baş tutması, əslində, söhbətin əsas məğzinin məhz bu görüşlə birbaşa əlaqəli olduğu qənaətini yaradır.

Demək ki, Putinin Trampın xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşnerlə keçirdiyi görüşdə təkcə Ukrayna müharibəsi deyil, digər maraq zonaları, o cümlədən Cənubi Qafqazla bağlı məsələ də müzakirə masasında olub və əldə edilən razılaşmaların icrasında Azərbaycan tərəfinin də üzərinə hansısa missiya düşür.

Putin-Əliyev telefon danışığından dərhal sonra Ermənistan baş naziri Paşinyanın tələm-tələsik Fransa prezidenti Makronla görüşə, daha dəqiqi, məsləhətləşməyə yollanması da məsələnin konturları barədə ilkin təsəvvür yaradır.

Ehtimal ki, Putin ABŞ-dakı 3 noyabr seçkilərinədək “uğur hekayəsi” yazmaq istəyən Trampın elçiləriylə "hazır qovluq" olan Azərbaycan - Ermənistan münasibətləri mövzusunda konkret razılaşma əldə edib, bu razılaşma barədə prezident Əliyev də məlumatlandırılıb və Paşinyanın Rusiyaya gözlənilən səfəri zamanı qərarın nədən ibarət olacağı geniş ictimaiyyətə açıqlanacaq.

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun istər “TRİPP layihəsi”, istərsə də Konstitusiya dəyişiklikləri ilə bağlı, bir növ, Paşinyana açıq təzyiq xarakterli açıqlamaları da təsdiqləyir ki, Azərbaycan tərəfi yekun sülh sazişinin imzalanmasının ləngidilməsində əsas təqsirkar kimi məhz Ermənistanı görür.

Yəni, Bayramovun bugünkü bəyanatlarının açması budur ki, ABŞ və Rusiyaya sülh sazişinin tezliklə imzalanması gərəkdirsə, Paşinyanı razı salmalıdırlar...

Paşinyanın istəklərisə böyükdür: o, həm ABŞ, həm də Rusiyanın iştirakıyla imzalanacaq sülh sazişini özünün gələcək hakimiyyət zəmanətinə çevirmək, Rusiya tərəfindən devrilməyəcəyinə öncədən təminat almaq istəyir!

Hələlik Paşinyana bu təminat verilməsə də, ona Azərbaycanla sazişi imzalaması üçün hər cür şərait yaradılıb: onun gələcək siyasi rəqiblərinin bir hissəsi Azərbaycanda, bir hissəsi də Ermənistanda həbsxanada saxlanılırlar...

Ermənistanda referendumun keçirilməsini isə indi Paşinyandan təkcə Azərbaycan yox, həm də Putin istəyir.

Müəllif: Elxan Şükürlü

P.S.Yazı müəllifin sosial media hesabında yayımlanıb.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR