MİSTİK ÇAĞIRIŞ VƏ TARİXİ GENOFONDUN OYANIŞI: “Çingiz xanın əsgəri" və Dəmir Yumruq (Hekayə)

MİSTİK ÇAĞIRIŞ VƏ TARİXİ GENOFONDUN OYANIŞI: “Çingiz xanın əsgəri\" və Dəmir Yumruq (Hekayə)

YAZARLAR

Bugün, 21:07

Kəbutər Hakverdi,

Xüsusi olaraq Mia.az üçün

***

Azərbaycan ədəbiyyatının tanış imzası Oqtay Haçımusalının bu günlərdə “Çingiz xanın əsgəri” hekayəsi oxuculara təqdim olundu. Kiçik bir hekayədir. Amma hekayəni oxuyarkən mətnin içindən əsən rüzgar oxucunun qəlbini dəlib keçib keçir.  

Öncə qeyd edək ki müasir Azərbaycan nəsri fərdin öz kimliyi, genetik yaddaşı və sosial reallıq arasındakı ziddiyyətləri ifadə etmək üçün tez-tez sehrli realizm və absurdizm elementlərinə müraciət edir. Fövqəltəbii və mistik olayın gündəlik reallıq kimi təqdim edildiyi, klassik absurd durumlara söykənən süjetlərlə hem dünya, hem de Azərbaycan ədəbiyyatında tez-tez karşılaşırıq. Oqtay Hacımusalının hekayəsində də Çingiz xanın müasir kəndə gəlib divanda oturması, idarə müdiri ilə danışması və hekayənin qəhrəmanı Teymurun buna qeyri-adi, qarabasma kimi deyil, qəbul edilən bir fakt kimi yaşaması məhz sehrli realizmin klassik təzahürüdür. “Çingiz xanın əsgəri” ilk baxışda məişət xarakterli, ironik bir hekayət təsiri bağışlasa da, əslində fərdin daxili silkələnməsini, genetik kodun müasir komfort-ətalət zonasını yarmasını və tarixi arxetiplərin bu günlə təmasını ön plana çəkən çoxqatlı bir mətndir.

Hekayənin süjet xətti: Dostları ilə balığa gedən Teymur gölün kənarında açılmış süfrədə bir qədəh araq içir və komaya düşür. Onun öldüyünü düşünən dostları kənddən molla gətirirlər, lakin bayğınlıq işində Teymur Çingiz xanla görüşür və ondan döyüşə hazırlaşmaq tapşırığı alır. Bir az sonra özünə gələn qəhrəmanının tezliklə qapısı döyülür.Çingiz xan hərbi maşınla gəlib Teymuru döyüşə aparır. Hekayə ilk cümləsindən sonuncu cümləyə qədər oxucu ilə kodlarla “danışır”. Eyni zamanda oxucuya verdiyi subliminal mesalar da mətnə fərqli bir yük yükləyir : əsəri ötəri bir hekayədən çıxarıb çox qatlı fəlsəfi təmsilə çevirir. Bu yük zahirən sakit görünən məişət ətalətinin arxasındasında yatan tarixi qisas, yatmış savaşçı geninin qəfil oyanışı və fərdin öz taleyindən qaça bilməyəcəyi həqiqətidir. Baş qəhrəman Teymurun (ilk kod: Əmir Teymur en qüdrətli fatehlər biri, Teymuriler İmperiyasının banisi və sərkərdəsi) yuxu ilə reallıq, qarabasma ilə həqiqət arasında çaşbaş qaldığı bir məqamda Böyük Sərkərdə — Çingiz xan tərəfindən “döyüşə çağırılması” və bu çağırışın sonda reallığa çevrilməsi mətndə iki xronotopu qarşı-qarşıya qoyur. Statik və laqeyd məişət məkanı ilə dinamik və qeyri-müəyyən tarixi-mistik məkan qarşılaşır. Göl kənarı, samavar çayı, içki məclisi, Abşeron- kənd koloriti (“əncir mürəbbəsi ilə qaynar çay”, “üzüm təhəngi”), “ölüm ayağında” mollanın Yasin oxuması və həyatın axarında monoton şəkildə davam edən çayxana vərdişləri. Çingiz xanın çadırı, taxt, zəhmli əmrlər və naməlum bir “döyüş” hazırlığı. Zaman burada insan ruhunun, yaddaşın və duyğuların ritmi ilə axır. Hekayədə başlanğıc və son qovuşur; qəhrəman eyni ağrının, eyni xatirənin və ya eyni duyğunun içində fırlanır. Çıxış yolu yoxdur, hər son yenidən başlanğıca aparır. Teymur dünyaya gəlişinin missiyası nədirsə icra etməlidir. O, döyüş alnına yazılmış bir qövümün fərdidir. Hekayənin fəlsəfi nüvəsini də məhz bu- genetik yaddaşın və nəsil şüurunun fərd üzərindəki hökmü təşkil edir.

Müəllif bunu Teymurun daxili monoloqunda çox aydın kodlaşdırır: “...nəslimizdəki bütün kişilərin gözləri qıyıq olub. Özümüz də davakarıq... babam danışırdı ki, bizim nəslin adı Özbəklər olub.” Müəllif göstərir ki, müasir insanın bütün məişət çərçivələrinə (müdir, iş, ərizə, çayxana söhbətləri) baxmayaraq, onun daxilində yatan köçəri, döyüşçü ruhu heç vaxt tam yox olmur. Çingiz xanın gəlişi — qəhrəmanın öz kökünə, təbiətinə və tarixi missiyasına çağırışıdır. Və burada çox vacib bir məqamı qeyd etmək lazımdır və vacibdir. Bu gəliş 30 il işğal olunmuş Qarabağı əsarət altında qalan millətin Ali Baş Komandanının bir sabah reallaşan döyüş çağrışına bənzəyir. Toplumun ən kənarda qalan, faydasız bir fərdi olan qəhrəmanımız belə “niyə”, “hansı döyüşə” sullarını vermir. Hekayənin sonundakı “toplanın”, “Cay qaynadın” çağrışı da oxucuya 44 Günlük Qarabağ müharibəsinin ab-havasını yaşadır. Kimsə bir sual vermədən birləşdi, cəm oldu və müharibəyə bir vücud kimi atıldı. Burda müəllif çox ustalıqla sətiraltı şəkildə xalqımızın ən yaxın Qələbə tarixinin atmosferini mətnin içinə gətirir. Ədəbi-fəlsəfi baxımdan bu müqayisə mətndəki arxetipi milli-ictimai yaddaş səviyyəsinə qaldırmağa imkan verir.

Ədəbiyyatda fərd üzərindən qurulan metaforalar çox vaxt bütöv bir xalqın psixologiyasını və tarixi taleyini əks etdirir. Hekayədəki süjetlə 44 günlük Vətən müharibəsi arasındakı paralelləri bir neçə mühüm nöqtədə görmək mümkündür: Teymurun gündəlik həyatı — çayxana söhbətləri, samavar tüstüsü, idarə müdiri və rutin vərdişlər — 30 il ərzində cəmiyyətin yaşamaq məcburiyyətində qaldığı status-kvonu, beynəlxalq danışıqların monotonluğunu və kənardan baxanda yaranan "sanki hamı bu vəziyyətlə barışıb" təəssüratını xatırladır. Lakin bu zahiri sakitlik daxildəki yaddaşın söndüyü anlamına gəlmirdi. Çingiz xanın qəfil gəlişi Teymurdakı "Özbəklər" nəslinin, yəni qədim köçəri-döyüşçü geninin oyanışına təkan verir. 44 günlük müharibədə də 30 il ərzində gündəlik həyatını yaşayan müxtəlif peşə sahibləri — müəllimlər, mühəndislər, tələbələr, həkimlər — bir anda daxillərindəki tarixi döyüşçü kimliyini xatırlayaraq cəbhəyə atıldılar. Bu, mətndəki "genetik yaddaş heç vaxt ölmür" tezisinin real tarixdəki təzahürü idi. Kulminasya nöqtəsində Çingiz xan obrazı hekayədə tarixi bir sərkərdə olmaqla yanaşı, həm də "hərəkətə keçmə əmri verən iradə"ni təmsil edir. O, Teymurun iki zaman arasında nə edəcəyini bilmədiyi bir vaxta gəlir və onu komfort zonasından çıxarıb hərbi maşına oturdur. Real tarixdə də Ali Baş Komandan İlham Əliyevin "Dəmir Yumruq" əmri və qətiyyətli siyasi iradəsi məhz illərlə yığılmış xalq enerjisini, ordu potensialını vahid bir tarixi missiyaya yönəltdi və 30 illik dözüm dövrünü zəfərlə yekunlaşdırdı.

Teymurun hərbi maşınla uzaqlaşması məhz nəticəsiz müzakirələrdən və ətalətdən qopuşu simvolizə edir. 2020-ci ildə Azərbaycan da uzun illər davam edən səmərəsiz Minsk qrupu danışıqlarını geridə qoyaraq birbaşa döyüş meydanında öz tarixi ədalətini bərpa etdi. Bu baxımdan hekayə təkcə fərdi bir qarabasma və ya mistik hadisə deyil, həm də milli kimliyin sıxışdırılmış enerjisinin tarixi an yetişəndə necə partlayışla üzə çıxdığını göstərən güclü bir alleqoriyadır.

Mətnin ən uğurlu tərəfi isə müəllifin seçdiyi incə ironiya və təbii absurdizm üslubudur: Çingiz xan kimi qüdrətli tarixi şəxsiyyət müasir bürokratik dil ilə danışır: «Müdürün İslam Hümmətova (İslam hümbəti ikinci koddu) diləkçəni yazarsan..”.

Bu absurd detal oxucunu güldürsə də, eyni zamanda oxucuya 30 illik bir həqiqəti bir daha xatırladır: milləti dindaşlıq deyil, qandaşlıq xilas edəcək. Müəllif təhkiyədə canlı xalq danışıq dilindən və Abşeron-Bakı ləhcəsinin leksik layından ustalıqla istifadə edir: İfadələrin səmimiliyi “qıçın boyda uşaq”, “əyibdü, bala”, “qədeş”, “ulqumunu üzək”, “payatonnan”, “çor Faiq, boğma Faiq” oxucunu birbaşa hadisələrin içinə çəkir. Bu canlı dil personajların təbiiliyini təmin edir və mistik hadisələrlə kəskin kontrast yaradaraq hekayənin realizm təsirini artırır. Hekayənin sonluğu təsirli bir vizual və fəlsəfi ziddiyyətlə bitir: “Çingiz xanın sürdüyü hərbi maşınla kənddən uzaqlaşanda arxaya çevrilib baxdım ki, yaşıdlarım evimizə sarı gedirlər. Kəndin çayçısı Ayxan isə uşaqlara səslənirdi: — Ay bala, samavarı yandırın! Çay dəmləyək…” növbəti kod el birliyini təmsil edir: Savaş birlik doğurur. Eynən bizim 44 günlük Vətən müharibəsində olduğu kimi. “Çingiz xanın əsgəri” hekayəsi kiçik həcmli olmasına baxmayaraq, müasir insanın daxili təlatümü və etnik-tarixi köklərə qayıdış arzusunu lakonik və eyni zamanda dərin qatlı metaforalarla ifadə edən uğurlu nəsr nümunəsidir. Müəllif oxucuya sadə bir sual ünvanlayır: “Biz samavar çayının ətrafındakı rahat ətaləti seçəcəyik, yoxsa içimizdəki döyüşçünün çağırışına səs verəcəyik?”Bu sualın cavabını Azərbaycan xalqının 44 günlük müharibə ilə verdiyini müəllif subliminal gedişlə oxucunun şuuraltına ötürür. Onu da qeyd edək ki, Şərq və Qafqaz koloriti, Çingiz xan kimi qlobal bir tarixi fiqurun məişət səviyyəsində absurdla kəsişməsi dünya oxucusu üçün çox cəlbedici və yeni ədəbi gedişdir. Borxesin miniatür hekayələri, Bussatinin qısa alleqoriyaları və ya Etqar Keretin 1-2 səhifəlik hekayələri məhz bu strukturla dünya miqyasında şöhrət qazanıb. “Çingiz xanın əsgəri” lokal detallarla zəngin olsa da, daşıdığı ideya qlobaldır: “Müasir cəmiyyətin ətaləti, komfort tələsi və fərdin öz ilkin döyüşçü kimliyinə qayıdışı”. Bu mövzu istər Londonda, istər Nyu-Yorkda, istər Tokioda, istərsədə bizim Beləsuvar rayonunun əldən ayaqdan uzaq Ağəyri kəndində yaşayan oxucu üçün eyni dərəcədə aydın və təsirlidir.  

Nəticə olaraq hekayənin ideyası və dili orijinal və dinamik olsa da, mətndə müəyyən struktur, xarakter və bədii balans nöqsanları mövcuddur: müəllif çox qısa bir mətndə bir-biri ilə tam qaynaşmayan fərqli gülüş və absurd elementlərini sıxışdırıb: Molla və Yasin oxunması, Tramp replikası. Bu qədər fərqli referansın kiçik bir mətndə ard-arda verilməsi hekayənin fəlsəfi nüvəsini (genetik çağırış və ekzistensial seçim) bir qədər arxa plana atır, mətni dərin mistik-metaforik hekayədən daha çox lətifəvari sketsə yaxınlaşdırır. İki əsas obraz- hekayənin qəhrəmanı və Çingiz xan daha dərindən işlənməlidir. Teymurun ciddi daxili qırılması və şüurlu seçimini, adi həyatından imtina edərkən nələr hiss etdiyini oxucu daha dərindən duymalıdır. Mətndə dialoqlara həddindən artıq üstünlük verildiyi üçün vizual boşluq yaranır və atmosfer quruculuğu zəif qalır. Çingiz xanın oturduğu çadır, hərbi maşının və kəndin ümumi tozu-torpağı və ya Abşeron bağının vizual detalları sönük təsvir edilir. Sehrli realizmin ən böyük gücü qeyri-adi hadisənin baş verdiyi fiziki məkanın inanılmaz dərəcədə canlı və toxunulası təsvir edilməsidir. Mətndə isə vizual lövhələr sanki pərdəarxası qeydlər kimi sürətlə ötüşdürülür. “Özbəklər” və tarixi-etnik izahın çox açıq verilməsi də mətnin təsir gücünə təsirsiz ötüşmür. Əslində müəllif Teymurun genetik kodunu oxucuya bədii detal və davranışlarla hiss etdirməlidir. Bunun əvəzində :“Hə, yadımdan çıxmamış deyim ki, orta boylu, kösə, tökməbədən, qıyıq gözlü babam danışırdı ki, bizim nəslin adı Özbəklər olub.” demək bir az daha » yazaraq birbaşa izahat yolunu seçir. Bu cür birbaşa məlumatlandırma hekayənin bədii sirrini və alt mətnin gücünü azaldır. Ədəbiyyatda “göstər, amma söyləmə” prinsipi baxımından bu keçid bir qədər kobud görünür. Sehrli realizmin qızıl qaydası personajların möcüzəyə qışqıraraq və ya lağ edərək deyil, soyuqqanlı bir təbiiliklə reaksiya verməsidir.

Teymur və dostları vəziyyəti içki sərsəmliyi, məzələnmə kimi qarşılayırlar: “Zarafat da eləyir... Bayaq Tramp da gəlmişdi...” Bu, mətni lətifəyə yaxınlaşdırır. Çingiz xanın varlığı zarafat obyekti olmaqdan çıxarılmalı, ölüm və ya tale qədər labüd, danılmaz bir fakt kimi qəbul edilməlidir. Dostların lağlağısı yerinə onların Teymurun Çingiz xanla görüşündən qalan detalar ( məsələn at təri, səhra küləyi kimi) qarşısında sarsılmaları mistik təsiri qat-qat artırar. Çingiz xan müasir bürokrat kimi idarə müdiri və ərizə söhbəti etməkdənsə fərqli bir yanaşma sərgiləyər. Və ya müəllif daha absurd-ekzistensial bir forma axtarıb tapa bilərdi. Məsələn, Çingiz xan Teymura: “İdarədəki masanı boşalt, möhürünü təhvil ver, çölün qumu kağız qəbul etmir” deyə bilər. Tramp kimi gündəlik replikalar yerinə isə kənd sakinlərinin əsrlər boyu xatırladıqları əcdadlardan birinin nəhayət gəlib çıxması kimi sehirli bir aura yaradıla bilərdi. Bu kiçik mətində dialoqların sıxlığı hekayənin vizual gücünü boğur. Sehrli realizmin təməlində sözlər seyrək, fiziki toxunuşlar və duyğular isə kəskin olur. Mətndəki hazırkı vəziyyət uşaqla Teymur arasında uzun uzadı “dur da- durmuram” çəkişməsinin fonunda aydın görünür. Dialoqu lakonikləşdirib fiziki təfərrüatlara bağlamaq- məsələn Yavuzun (növbəti kod: qətiyyəti, sərt iradəsi, cəsarəti və döyüşkənliyinə görə "Yavuz" ləqəbi verilmiş ilk Osmanlı xəlifəsi və sultanı) qapını açması ilə otağa min illərin o üzündən çaparaq gələn at ayaqlarının tozunun dolmasını ustalıqla təsvir etmək mətnin gücünü daha da artırmış olurdu. Bu səhnə əslində daha ustalıqla işlənərsə mətni həmən sehrli realizm zirvəsinə qaldırar. Bundan başqa, mətndəki gülüş ucuz məzələnmədən deyil, insanın tarixi təbiəti ilə günlük qayğıları arasındaki acı təzaddan doğmalıdır. Məsələn, “Bayaq Tramp da gəlmişdi..” kimi publisistik replika yerinə “Gölün suyu bir qarış çəkilib, deyirlər atlar içib qurtarıb» və ya «Müdirinə dedim ki, sənin xidmətin artık bu divarlar için deyil» kmim detalların işlənməsi hikayənin milli duzunu qorumaqla yanaşı, onu intellektual oxucunun heyran qalacağı Borxesvari bir paradiqmaya yüksəldər."

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR