Bozqurd əl işarəsi Azərbaycanda yaranıb - Azər HƏSƏNSOY YAZIR

Bozqurd əl işarəsi Azərbaycanda yaranıb - Azər HƏSƏNSOY YAZIR

SİYASƏT

Bugün, 20:19

“Bozqurd” əl işarəsinin yaranması haqqında danışmazdan öncə  gərək bir qədər əvvəlki illərə  “ekskurs” edək.

Məhz 1985-1991-ci illər arası dövrdəki fəaliyyətmiz haqqında  kitab yazmaq  da olar.  Amma burada olduqca çox qısa şəkildə bəzi epizodları yazmaqla  fikrimi  çatdırmağa çalışacağam.

1986-88 ci illər  Hər gün  yeni Respublika  səviyyəli milli  təşkilat  yaratmaq  üçün  düşünürəm.

İşlədiyim  İdarədə  “Qeyrət” qeyri formal təkilatını yaradıram. Təşkilatda  milli ruhda məqalələr yazaraq paylaşırıq ,sənədləşmənin Azərbaycan dilində aparılması üçün  ciddi işlər görürük .  Azərbaycanda  tarix və ədəbiyyat kitab jurnallarını, dərs vəsaitlərini  Dağıstanin Qedjux rayonundakı Kamal müəllimə, Qazaxstanın Çu vilayətindəki Savalan müəllimə və digər Azərbaycanlılara yollayırıq. Dağıstanda mək- təbdə Azərbaycan dili dərslərinin keçirilməsinə nail oluruq. 1988- ci il hadisələrindən sonra SSRİ  və Azərbaycan  rəhbərliyinə idarəmizin  kollektivi adından çoxsaylı  müraciətlər  təşkil edirik... 

Qırmızı, yaşıl və göy rəngli parçalar əldə edərək,  evdə   bir neçə  bayraq tikdiririb ,  ay ulduz   basmaq üçün  kartondan forma hazırlayıb,  adı ağ boya ilə  ay- ulduz çəkirəm(basma üsulu ilə) . Bu bayraqlar sonralar   tədbirlərdə  çox  gərəkli olur...

 - 1988 -ci il: Vaxtilə  Dinamo Cəmiyyətində  karate bölməsində məşq yoldaşım olan Ceyhun Dadaşovla(Dadaş) küçədə rastlaşıram. 

Məlum olur ki, Ceyhun Bakı Xoreoqrafiya məktəbində  işləyir və axşamlar  məktəbin zalında   məşq edir və məşq keçir.  Onunla bərabər Dinamodan dostlar Vaqif Məmmədov, Şervin Həlatai də  orada məşq edirlər, təbii ki, gizli olaraq. Ona görə ki, SSRİ-də 1978-ci ildə açılan karate bölmələri, 1984 –cü ilin  əvvəlində  qadağan edilmişdi.  

Ceyhun elə işə  getdiyi üçün  təklif edir  zallara  baxım.  Məktəbin   məşq zalı var idi. Mən də  orada məşqlərə başlayıram.  Zamanla məşqlərimizə  gəlmək istəyənlər çox olsa da,  diqqət çəkə biləcəyi üçün  bölmələrin sayını artıra bilmirik.  Bir neçə ay sonra qərara gəlirik ki,  bu zallardan  səmərəli   istifadə etməliyik - savaşçı gənclər hazırlamalıyıq, amma necə ?

Aşağıdakı  1-ci şəkil 1989-cu il , Savalan MİM döş nişanı, 2-ci şəkil 1992-ci il.

Ceyhuna milli təşkilat yaratmaq  fikrimi də  bildirirəm,  o da  maraq  göstərir. Təşkilatın adını  “Bozqurd “ qoymağı  təklif etsəm də  Ceyhun və digər dostlar bunun rəsmi olaraq  mümkün olmayacağını bildirir. SSRİ dövründə belə bir ictimai  təşkilat yaradılması  fikirini səsləndirmək belə  təhlükəli idi.

1989-cu il...

 Uşu üzrə 3 aylıq seminardan qayıtdıqdan sonra qərara alırıq idman və mədəniyyət qurumu yaradaq.  O vaxt mövcud olan demək olar bütün qanunları oxuyuram ki,  bir yol  tapıb  təşkilatı  hüquqi   qeydiyyata  aldıra bilək.

Qanunların “bir qədər yanından keçərək“ təsərrüfat hesablı  mədəniyyət –idman mərkəzinin  əsanaməsini  hazırlayıram.   Ad?   

Adla bağlı  fikir mübadiləsinin birində ekstrasens Etibar Erkin də olur. 

 O təklif edir ki, “Savalan” adlandırın.  Çünki, “ Savalan”  həm dağ-əzəmət, güc,  həm də  Cənubi Azərbaycanla birliyimizi simvolizə edir.  Bizə də bu ad  və mənası xoş gəlir, ona görə   yaradacağımız qurumun adının  “Savalan”  Mədəniyyət –idman Mərkəzi  qoyulmasına qərar veririk.  Xoreoqrafiya Məktəbinin direktoru Rima xanımla  danışıb bütün zalları  saat 6-dan sonra  icarəyə  götürmək istədiyimizi bildiririk Deyir  əyər  Mədəniyyət naziri razılıq versə,  etiraz etməyəcəm.

Ceyhun  həmin vaxt nazir Polad Bülbüloğlunun bizi  qəbul etməsinə nail olur.   Polad Bülbüloğluna  geniş açıqlama verərək,   mədəni–idman tədbirləri, nümunəvi çıxışlar təşkil  etmək planlarımızı bildiririk və inandırırıq ki,  ölkəmizdə  ilk olaraq belə  bir mərkəzin yaranması nazirliyin də müsbət işi  olacaq.

(Həqiqətən də  sonralar “ Savalan” MİM kollektivi olaraq  Azərbaycanən  bölgələrində    nümunəvi çıxışlar, səhnələdirilmiş   döyüş proqramları ilə  səhayətlər edirik.)

Polad Bülbüloğlunun məktubu ilə  təsərrüfat hesablı-demək olar  ki, özəl   bu  mərkəzi  dövlət qeydiyyatına aldırıram. Bakı Xoreorafiya Məktəbi ilə icarə müqaviləsi bağlayaraq 5  zalını saat 18-dən sonra icarəyə götürərək  məşqlər təşkil edirik. Əsasən duş otaqlarını, ofisi təmir edərək fəaliyyətə başlayırıq. (Məhz duş otaqalrının  təmirini ona görə qeyd edirəm ki, 1978-1984–cü illər  Dinamo və Burevestnik  Cəmiyyətlərində, daha sonra  ADU-nun və məktəblərin zallarında  məşqdən   sonra yay-qış  soyuq su ilə yuyunurduq ).

 Mən, “Savalan” mərkəzinin  direktoru,  Ceyhun Dadaş  direktor müavini,  Vaqif Məmmədov maliyyə məsələləri, Şervin Həlati  ilkin qrupların fəaliyyəti üzrə  məsul şəxs kimi  çalışmağa başlayırıq . Eyni zamanda hamımız  idman bölmələrində məşqçi kimi də işləyirik.    Elə burada Azərbaycanda  ilk uşu bölmələrini  yaradırıq.  1992–ci ildə mən ilk kikboksinq, rəhmətlik    Süleyman Məmmədov isə  taekvondo  (İTF)  bölmələrini açırıq.  Beləliklə,   Mərkəzdə 5 zalda, 2 növbədə  karate, uşu,  tətbiqi döyüş, nyatnam, vetvadao, taekvondo, kikboksinq    bölmələri  fəaliyyət göstərir. 

 Öz həcminə  və bir neçə döyüş növünün bir mərkəzdə   dərslərinin keçirilməsi baxımından  ”Savalan” MİM SSRİ- də yeganə  qurum idi.

Ceyhun bəylə   hələ 1988-ci ildən  demək olar  hər gün milli düşüncələrimiz və fəaliyyətimiz  barədə fikir mübadiləsi edirdik. Həmçinin,  düşünürdük ki, nədən  türk xalqlarının  bir salamlaşma jesti və ya əl işarəsi olmasın.   Fəaliyyət istiqamətindən asılı olmayaraq  başqa xalqlarda olan jestləri öyrənirdik.  Qədimdən Türklərin  simvolunun ( totem deyil )  Bozqurd olduğunu  və ona görə də  Bozqurda uyğun  işarə (və ya jest) tapmamızın gərəkdiyi  qənaətində idik. Meydan hərakatında və digər mitinqlərdə hamı yumruq tuturdu. Ceyhun deyir ki yumruq adətən inqilabları xarakterizə edir və  Dünyadakı inqilablar zamanı solçular tərəfindən də istifadə olunur.    Ona gödə razılaşırıq ki  millətimizə aid salamlaşma jesti formalaşdırmalıyıq.

 1990-cı il -  SSRİ rəhbərliyi 20 yanvar gecəsi Bakıya qoşun yeridir və məlum soyqırımı törədirlər...  

Bu hadısə   hamını hədsiz hiddətləndirir və biz bir sıra tədbirlər  həyata keçiririk.  Mən də qəti olaraq  yeni təşkilat yaratmaq fikri ilə yollar axtarıram ...   Təbii ki, həmin dövrdə heç bir uyğun tarixi milli ədəbiyyat, kitablar yox idi ki salamlaşma üçün əl işarəsi barədə də bir “ip ucu”  əldə edək. Qanlı yanvar hadisələrində  bizə   xalqımıza siyasi dəstək yalnız  Türkiyənin Milliyətçi  Çalışma Partiyasından (indiki MHP) oldu. Ona görə həmin vaxt bu partiya milli düşüncəli insanlarımızda rəğbət qazanmışdı.Bu partiyanın loqosu da  məlum qurd şəkli idi. Amma hər hansı salmlaşma  əl jesti yox idi.

  1990-cı ilin yaz ayları olardı ,  elə “Savalan”  MİM- də məşqdən sonra  yenə də   əllə salamlaşma forması  barədə fikirləşirdik. Bir neçə saat bu barədə düşüncələrimiz bölüşü  əllə ağlımıza gələn hər cür jestləri göstərir, əllərlə divarda kölgələrə baxırdıq.

 İndiki məlum Bozqurd əl  işarəsinin  qurd başına oxşadığı qənaətinə gəldik  və bir xəzinə tapdığımız kimi  sevindik . Qərara aldıq ki, elə bu əl işarısi  salamlaşma üçün bu əl işarəsi  daha uyğundur .   Beləliklə də indi hamının bildiyi Bozqurd əl işarəsi yarandı. Bu fikri  elə orada  Savalandakı dostlarla bölüşsək də  bəziləri  ehtiyatla yanaşaraq ciddi fikir bildirmirlər- necə də olsa hələ SSRİ dağılmamışdı.  

     Qeyd edim ki, həmin dövrdə Türkiyədə  MÇP  nəzdində məlum  “Bozqurd “ qeyri formal  gənclər təşkilatı fəaliyyət göstərirdi   (bu məlumatları daha sonra öyrənirik )    onların  aypara  içində  başı göyə yönələn kurt loqosu  var idi (var).  Lakin, onların təbii ki, bizim formalaşdırdığımız “Bozqurd” əl işarəsi haqqında məlumatları yox idi,  ola da bilməzdi. Dediyim kimi, bəzi yaxın dostların belə, bu əl işarəsini göstərməyə ehtiyatlı və soyuq yanaşması bizi    geniş təbliğatdan çəkindirir.  Lakin, həmin gündən   Savalan MİM–də öz aramızda belə salamlaşmağa başlayırıq.

  1991-ci il  - Savalan MİM  ofisi, Bakı XM .

    Yuxarıda yazdığım kimi  “Savalan” MİM   SSRİ məkanında öz fəaliyyət istiqamətinə, həcminə görə    yeganə  unikal mədəniyyət idman mərkəzi idi.  Həmin dövrdə  tanınmış  bir çox  ictimai və dövlət xadimləri mərkəzimizə baş çəkirdilər. Qeyd edim ki Ceyhun Dadaş eyni zamanda o vaxt  Milli Hərakatın Liderlərindən olan Etibar Məmmədovun təhlükəsizlik  məslələrinə rəhbərlik edirdi.  Biz  gənclərimizə  daha geniş olaraq  döyüş növlərini,  ruhu aşlmaq üçün Savalan kollekivi olaraq nümunəvi çıxışlar hazırlmışdıq və müxtəlif yerlərdə nümyış etdirirdik .  Ceyhun Dadaş da Etibar Məmmədovu  həbsdən azad  edildikdən sonra Mərkəzimizə   çıxılara baxmaq üçün dəvət etmişdi.  E.Məmmədov da   İsgəndər  Həmidovla da (yanvar  və ya fevral ayında ) mərkəzə qonaq  gəlirlər.  Söhbət əsnasında   onlara    düşündüyümüz “Bozqurd” əl işarəsini  göstəririk və bilgi veririk . Hər ikisi  maraqlı fikir olduqlarını  bildirirlər və bu əl işarəsinin  anlamını, nədən ötrü düşün- düyümüzü və  kimlər arasında yaymaq fikrimiz olduğunu  soruşurlar, biz də   fikrimizi izah  edirik: Bildiririk ki, bu əl işarəsini bir qrup, bir təşkilat və ya bir partiya üçün deyil,  bütün  türklərin salamlaşması üçün  düşünmüşük .

  1991- ci il  18 oktyabrda    Azərbaycan Ali Soveti  Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edir.  Yeni təşkilatı təsis etmək imkanının yarandığını  görərək  dərhal –  “Bozqurd” Azərbaycan Şərq  Döyüş sənətləri Federasiyasının  sənədlərini  hazırlamağa  başlayıram və noyabr ayının ortalarına   sənədlər və loqonu hazırlayıb qurtarıram.  Federasiya təsis edildiyində mən Prezident , Ceyhun  Dadaş  vitse prezident seçilirik .Lazımı sənədləri  Ədliyyə Nazirliyinə təqdim edirəm.   Bir aydan sonra geri qaytarılır, yenidən    tərtib edib yanvar ayında  təqdim edirəm  və   fevral 1992-ci ildə Federasiya dövlət qeydiyyatına  alınır. Bu federasiya müstəqil Azərbay-canda ilk dövlət qeydiyyatına alınan rəsmi idman federasiyası idi. Federasiyanı yaratmaqda məqsədim isə milli, dini mənsubiyyətindən asılı olmayaraq  gənclərimizin milli düşüncəli,  cəsarətli, dözümlü,  bozqurd  ruhlu sadiq savaşçı  ruhunda tərbiyə edilməsinə, ciddi  məşq etmələrinə  təşviq etmək, şərait yaratmaq idi .

      Aşağıdakı 1-ci  şəkil “Bozqurd” federasiyasının  ilk loqosu  idi (1991) (  şəkildəki  loqo ütü ilə   çıxartmalı   loqo olduğu üçün  tərs üzündən görünüş alınıb) . 2-ci şəkildə  döş nışanı, 3-cü şəkildə  idman növləri üzrə  keçirilən seminar və yarışlarda  verilən diplomlardır, 4-cü şəkil isə  daha sonralar  hazırladığım loqodur. Köynəklərə  loqo çıxartmalarını   həmin dövrdə fəaliyyət göstərən  H.Z. Tağıyev adına fabrikin  mətbəəsində hazırladırdım . 

 3  may 1992.   Prezident  seçkiləri ilə əlaqədar Azadlıq meydanında mitinq.  Əbülfəz  Elçibəyi dəstəkləmək üçün  Milliyətçi Hərakat Partiysının  başkanı   Alparslan Türkeş də  gəlib.

  Meydanda,  kürəyində  MHP simgəsi olan  hərbi geyimli gənclər də var.  Bu gəncləri  İsgəndər Həmidovun Türkiyə səfərindən sonra   şəhərdə də görmək mümkün idi.  Lakin,   çıxışları  alqışlamaları zamanı həmin gənclərin,   eləcə də  Əbülfəz Elçibəyin  Bozqurd əl işarəsini   tutmaları bizi  həm təəccübləndirir,  həm də xoş olur ki, düşündüyümüz  əl işarəsi  İsgəndər Həmidov tərəfindən  təşkilatının üzvlərinə yayılmış və artıq  ictimaiyyətə  tanıtdırılır. Alparslan Türkeş elə oradaca   Əbülfəz  Elçibəydən bunun nə olduğunu  soruşduqda  o,  “bizim Bozqurdlar bu cür salamlaşırlar”  deyir.

Alparslan Türkeş də  bu əl işarəsi ilə  kütləni salamlamağa  çalışır lakin dəqiq bilmədiyndən onun  tutduğu əl işarısi  rokerlərin simvolu kimi alınır. Məlum olur ki, İsgəndər Həmidov  Türkiyədə Alparslan Türkeşlə görüşəndən sonra  Azərbaycanda da  belə bir siyası partiya yaratmaq üçün fəaliyyətə başlayır və bizim 1991-ci ildə Savalan mərkəzində ona və Etibar Məmmədova göstərdiyimiz Bozqurd əl işarəsini  Əbülfəz Elçibəyə və digərlərinə göstərmişdir.

Lakin müəlliflərinin kimlər olduğunu deməmişdir. Bildirilir ki , Türkiyəyə  dönən kimi  A.Türkeş  MHP-lilərin  bu cür salamlaşmalarına göstəriş verir. Düşündüyümüz  “Bozqurd” əl işarəsinin yayılması bir tərəfdən xoş  olsa da,  digər tərəfdən  bu əl işarəsinin  hətta, “Bozqurd” adının da bir partiya tərəfindən  “özəllədirilməsini“ düzgün hesab etmədik və etmirik də. Çünki bütövlükdə millətə, topluma aid olan ad və  əl işarəsi nəinki bir siyasi təşkilata  aid edilə bilməz  hətta, bu hal cəmiyətin milli məsələlərdə birliyinə ciddi zərbə vuracaqdı.  Bu barədə rəhmətlik  İsgəndər Həmidovla  bir neçə dəfə   nəticəsiz  söhbətimiz də  oldu və onu  o fikrindən daşındıra bilmədik.   Bəzi  məlum hadısələrdən  sonra isə, vətəndaşlarımız eyni adlı partiya ilə  federasiyanı qarışıq salmasınlar deyə,  mən federasiyanın adını   rəsmi yazışmalarda   yalnız “Azərbaycan Şərq Döyüş Sənətləri Federasiyasi”  kimi yazmaq məcburiyyətində qaldım (1995-ci ilədək) .

    Yuxarıdakı tarixi oyma əsərində zəfər əl işarəsi tutan türk atlısıdır. Düşüncələrdə milli hisslər oyatsın deyə 2017-ci ildə bəzi məqalələrdə həmin işarənin də “Bozqurd salamlaşması“ olduğu yazılmışdır. Lakin, mən 1990–cı ildə Ceyhun Dadaşla   “Bozqurd” əl işarəsini  fikirləşib  formalaşdıranda qədim türklərin  zəfər əl işarəsi barədə   xəbərimiz yox idi,  SSRİ dövründə  ola da bilməzdi. Həmin zəfər işarəsi bu gün rokçuların  tutduğu əl işarəsi ilə demək olar ki eyndir.  

      Hazırda Türkiyəli qardaşlarımız “Bozqurd”  əl işarəsini məhz MHP-nin yaratdığı , bəziləri  isə bunun çox qədim tarixi olduğu və  s.  qənaətindədirlər və sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edirlər. Hətta, adını çəkmək istəmədiyim bəzi tanınmış şəxslər  həmin əl işarəsində  “şəhadət barmağın İslamı, işarə barmağın türklüyü və s.”   olduğunu  uyduraraq çıxışlar da etmişdir.  Bu fikirlər  uydurmadan başqa bir şey deyil. Çünki “Bozqurd” əl işarəsi dediyim kimi,  Aərbaycanda  1990-cı illərdə tərəfimizdən  yaradılıb    məqsəd  dinindən, inancından asılı olmayaraq bu işarənin Dünya türklərinin  vahid salamlaşma   qaydası kimi yaymaq idi.  Nə xoşdur ki, bu  işarə artıq Dünya türkləri tərəfindən  qəbul olunub və işlənməkdədir. 

Bu açıqlamanı verməkdə yeganə məqsədimiz ictimaiyyətə həqiqətləri çatdıraraq,  Bozqurd əl işarəsinin Azərbaycana məxsus olduğunu bildirmək və bu barədə insanları çaşdıran, uydurma  fikirlərin yayılmasını önləməkdir .

P.S. Bozqurd əl işarəsinin yaranması tarixinin canlı şahidlərindən  bir neçə nəfəri  şükürlər ki, həyatdadırlar.

Azər Həsənsoy,

Azərbaycan Uşu Federasiyasının Prezidenti

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR