Rəsmilər Mia.az-a danışır: ““Qarabağ” olmasaydı, “Sabah” belə tez inkişaf etməzdi”  - VİDEO

Rəsmilər Mia.az-a danışır: ““Qarabağ” olmasaydı, “Sabah” belə tez inkişaf etməzdi”  - VİDEO

İDMAN

Bugün, 12:52

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində çıxış edən “Sabah” dünən Masazırda cavab oyununu keçirib.

Mia.az xəbər verir ki, səfərdə keçən ilk qarşılaşmada “Orxus”a (Danimarka) 1:2 hesabla məğlub olan Masazır təmsilçisi cavab oyununda rəqibə futbol “dərs”i keçib: 4-0

Bununda da masazırlılar Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib. “Sabah” Pley-offda “Srvena Zvezda” (Serbiya) - “Hapoel” (Ber-şeva, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Dünən axşam Masazır əhlinə və stadiona toplaşan 8600 nəfərə futbol “ziyafət”i ilə bayram yaşadan oyunu həmçinin VİP tribunalardan tanınmış şəxslər, məmurlar, nazirlər izləyib.

Onlardan bəziləri mia.az-ın əməkdaşının suallarına cavab verərək oyuna dair təəssüratlarını bölüşüb.

Oyunu izləyənlər arasında Gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-dən Aslan Şahgəldiyev və Elgiz Abbasov, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov və digərləri vardı. VİP arenada oyunu izləyənlər arasında iqtisadiyyat naziri Mikayıl Cabbarov da olub.

C.Fərəcullayev oyunla bağlı danışmaq istəməsə də, millinin baş məşqçisi A.Abbasov bildiribi ki, “Sabah” möhtəşəm oyun keçirib və “ümid edir ki, Çempionlar liqasının qrup mərhələsinə düşəcək”.

Nazir Fərid Qayıbov mia.az-a açıqlamasında “Sabah”ı təbrik edib.

“Sabah”ın müşahidə şurasının üzvü İqor Ponomaryovun sözlərinə görə, komandanın qarşıdakı oyunlarının harada keçirilməsi ilə bağlı hələ tam qərar verilməyib: “Pley-off yəqin ki, T.Bəhramov adına stadionda olacaq. Amma liqa mərhələsinin oyunlarının yeri barədə müzakirə olmalıdı”.

İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov bildirdi ki, “Sabah”ın qələbəsinə təkcə komandanın öz azarkeşləri yox, bütün futbol ictimaiyyəti sevinir: “Düşünürəm ki, “Sabah” liqa mərhələsinə düşməkçün əlindən gələni edəcək”.

“Sabah”ın prezidenti, AFFA Klublar komitəsinin sədri və  AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov mia.az -ın sualına cavabında “Sabah”ın uğurlarının ictimaiyyətdə birmənalı qəbul edilməməsinə dair rəngli fikirlərin sahiblərinə bunları deyib:

- Uzun illərdi, “Qarabağ”ın çempionatda bir dominantlığı vardı və “Sabah” o streotipləri, o tabunu qırdı. Sizcə, bu, digər klublarımız üçün stimul olacaqmı?

- “Qarabağ” mənimçün möhtəşım klubdu. Biz hamımız Avrokubok oyunları zamanı ona azarkeşlik etmişik. Onlar 12 ildi, Avropada Azərbaycanı uğurla təmsil edir. Mən həmişə deyirəm ki, ola bilsin, “Qarabağ” olmasaydı, “Sabah” belə tez inkişaf etməzdi. Çünki önümüzdə həmişə “Qarabağ”ı görürdük və çalışırdıq, onlardan yaxşı olaq. Bu, normal bir istəkdi. Mən düşünürəm ki, Premyer Liqada bütün klublar çempion olmaq istəyir. Sadəcə, uğurun formulu yoxdu. Bəzən işini peşəkar görməyə çalışırsan, bəzən də baxırsan ki, alınmır. İldən-ilə başa düşürdük ki, bizdə hansısa nəticələr var. Yol çətindi, amma geri çəkilmək olmaz.

- Bəs “Sabah”ı bu yolda qısqanan və şübhəylə yanaşan adamlara indi nə demək istəyərdiniz?

- Mən inanmıram ki, hansısa azərbaycanlı Azərbaycan klubuna dəstək olmaq istəməsin və onun nəticələr əldə etməsinə qarşı olsun. Biz həmişə deyirik ki, ölkəmizə, azərbaycanlılara, Azərbaycan klublarına ürəyimizdə sevgi olmalıdı. İndi də bu yolla irəliləyirik. Mən inanmıram və inanmaq istəmirəm ki, ölkəmizdə “Sabah”ın irəli getməsini istəməyənlər də var.

Zülfiyyə Mustafayeva

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR