Kartdan-karta pul köçürmələri: narahatlıq böyüyür - Hüquqşünas nə deyir?

Kartdan-karta pul köçürmələri: narahatlıq böyüyür - Hüquqşünas nə deyir?

İQTİSADİYYAT

Bugün, 15:07

Azərbaycanda kartdan-karta pul köçürmələrinə yeni limitlərin tətbiqi ilə bağlı müzakirələr davam edərkən, ən çox diqqət çəkən məsələlərdən biri yaxın qohumlar arasında həyata keçirilən əməliyyatların necə qiymətləndiriləcəyidir. Bankların hansı meyarlar əsasında köçürməni adi və ya riskli əməliyyat kimi müəyyən edəcəyi, eləcə də yaxın qohumlar arasında edilən köçürmələrin limitdən azad olunması üçün vətəndaşlardan hansı məlumatların tələb ediləcəyi ilə bağlı bir sıra məsələlərə hələ də aydınlıq gətirilməyib.

Mia.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, vətəndaşların maliyyə əməliyyatlarına təsir edən məhdudiyyətlər qanunla tənzimlənməlidir. Onun sözlərinə görə, bu cür qaydalar qanunvericilik çərçivəsində müəyyən edilməli, ictimaiyyətə açıqlanmalı və tətbiq mexanizmi aydın şəkildə izah olunmalıdır: “Hazırda bildirilir ki, Mərkəzi Bank banklarla müəyyən razılığa gəlib. Lakin həmin razılaşmanın məzmunu ictimaiyyət üçün açıqlanmayıb. Buna görə də hansı prinsiplərin müəyyən edildiyi və qaydaların necə tətbiq olunacağı barədə dəqiq məlumat yoxdur. Elə bu səbəbdən də bəzi suallar açıq qalır. Bu mexanizmin praktikada necə işləyəcəyinə dair hələlik ətraflı rəsmi izahat təqdim olunmayıb. İlkin açıqlamalarda kartdan-karta köçürmələr üçün aylıq 20 min manat və gündə beş əməliyyat limiti nəzərdə tutulduğu bildirilirdi. Sonradan isə yaxın qohumlar arasında həyata keçirilən köçürmələrin müəyyən meyarlar əsasında istisna kimi qiymətləndirilə biləcəyi və vətəndaşın izahat təqdim edə biləcəyi qeyd edildi. Ancaq həmin meyarların nədən ibarət olduğu, hansı hallarda əməliyyatın adi, hansı hallarda isə riskli hesab ediləcəyi, eləcə də vətəndaşlardan konkret hansı məlumat və ya sənədlərin tələb olunacağı ilə bağlı hələlik ətraflı rəsmi məlumat açıqlanmayıb. Hesab edirəm ki, bu mexanizmin praktikada necə işləyəcəyi ilə bağlı bəzi məqamların daha ətraflı izahına ehtiyac var. Kartdan-karta pul köçürmələri gündəlik həyatda ən çox istifadə olunan və adətən qısa müddətdə həyata keçirilən əməliyyatlardandır. Əgər belə köçürmələr zamanı əlavə müraciət və ya təsdiq prosedurları nəzərdə tutulacaqsa, bu, əməliyyatların icra müddətinə müəyyən təsir göstərə bilər. Eyni zamanda, yaxın qohumlar üçün istisnaların hansı qaydada tətbiq ediləcəyi ilə bağlı detalların gələcəkdə dəqiqləşdirilməsi gözlənilir. Qohumluq əlaqəsinin necə müəyyən ediləcəyi, bunun hansı məlumat bazaları əsasında yoxlanılacağı və vətəndaşlardan əlavə sənədlərin tələb olunub-olunmayacağı barədə hələlik ətraflı məlumat verilməyib. Hesab edirəm ki, bu məsələlərlə bağlı hüquqi əsasların və tətbiq mexanizminin ictimaiyyətə daha ətraflı təqdim olunması həm vətəndaşlarda yaranan sualların aradan qaldırılmasına, həm də yeni qaydaların daha aydın başa düşülməsinə kömək edə bilər”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR